892842913_558545400

Oğlunuzun “mamauşağı” kimi böyüməsini istəmirsinizsə…

Baxış sayı: 1. 831

Ana həmişə övladını qadın davranış modelinə meyilli tərbiyə edir

Hər bir valideyn övladının tərbiyəli, layiqli və hərtərəfli böyüməsində maraqlıdır. Bu dəfə oğlan uşaqlarına tərbiyə verilməsindən, onların layiqli, hərtərəfli – əsl kişi xarakterinə uyğun böyüyüb formalaşmasından söz açacağıq. Belə söyləyirlər ki, yalnız anasının nəzarəti və himayəsi altında böyüyən oğlan uşaqları, adətən, “mamauşağı” olmağa məhkumdur. Görəsən, bu, niyə belədir və proses necə baş verir?

 

Ssenari qabaqcadan yazılıb

Əgər ana istəyirsə ki, övladı hər zaman onunla məsləhətləşsin, həmişə ona ehtiyac duysun, onu arzulasın, o, buna nail olacaq və özünü çox xoşbəxt hiss edəcək. Bəs oğlu necə, daha sonra xoşbəxt olacaqmı? Praktika çox zaman buna “xeyr” cavabını verir. Ana tərəfindən gələcək üçün bununla bağlı “proqram” lap erkən yaşlarından oğluna təlqin edilir. Psixoloqlar belə təlqinləri “ismarışlar” adlandırırlar. Bu, qəfil psixikaya daxil edilən elə ifadələrdir ki, onlar şüuraltı səviyyəsində yaddaşda qalır və uşağın gələcək davranışını, həmçinin onun fəaliyyət mexanizmlərini müəyyənləşdirir. Tənhalıqdan, tək qalmaqdan qorxan, yüksək həyəcan və narahatlıq keçirən qadınlar övladlarına daim bu sözləri söyləyə bilər: “Hələ ki, mən sənə qulluq edir, hərtərəfli sənin qeydinə qalıram, böyüyəndə isə sən mənim qeydimə qalar, mənə baxarsan…”, “Evlənəndə də məni unutmazsan…”, “Arvad alanda mən yaddan çıxmamalıyam…” Və nəticədə belə analar özünəməxsus qısqanclıqları səbəbindən həyatının sonunadək yalnız onların yanında qalacaq, yaşayacaq ömürlük “subay”lar “qazana bilərlər”. Praktika göstərir ki, belə subaylar anaları dünyasını dəyişəndən sonra da evlənməyə çətinlik çəkir, bəzənsə heç ailə həyatı qura bilmirlər, çünki həyatlarını başqa bir insanla təsəvvür etmək onlar üçün çox çətindir.

Anasının: “Sən böyüyəcək, əsl kişi, yaxşı valideyn olacaqsan, sənin özünün ailən, həyat yoldaşın və övladların olacaq…”, – söylədiyi oğlan uşaqlarının taleyi isə ayrı cür ola bilər. Bu cür ismarışları ünvanlayan analar oğullarına yuxarıda söyləniləndən fərqli həyat ssenarisi hazırlayır. Bu zaman ana övladına qocalana qədər arxasında gizlənməyəcək müstəqil yetkin bir kişi rolu vəd edir.

 

Kişi tərbiyə üsulu

Amerika psixoloqları təkbaşına oğul böyüdüb boya-başa çatdıran analara tövsiyə edir ki, bazar günlərində onların övladları ilə futbol, basketbol, beysbol oynamaq, onları velosipeddə sürmək, parkda gəzdirmək üçün adi tələbə oğlanlara elə də böyük olmayan pul məbləğləri ödəsinlər. Onlar düşünürlər ki, bu cəhətdən sözügedən uşaqları kişi təfəkkürünə, əyləncə və maraqlarına, xüsusən də kişi həyat tərzinə uyğunlaşdırmaq olar. Təbii ki, bizlərdə indidən yuxarı sinif şagirdlərini kişi əyləncələrinə cəlb etmək doğru sayılmazdı. Bir də ki bu əyləncələrin də həddi-hüdudu olmalıdır. Ümumilikdə isə ideyanın özünü – oğlan uşaqlarını tələbə oğlanlar vasitəsilə kişi həyat tərzinə, əhatə dairəsinə uyğunlaşdırmaq – qəbul etməyə dəyər. Xanımlar çalışmalıdır ki, oğulları daha çox kişi cinsindən olan qohumları, iş yoldaşı və tanışları ilə vaxt keçirə bilsin. Övladınızı onlarla gəzintiyə, kişi məclislərinə, ova, müxtəlif idman növlərindən olan yarış və oyunlara göndərə bilərsiniz. Qoy övladınız maşının necə sürülməsini, onun təmirini, hasarın bərpa olunmasını, qapının şüşəsinin salınmasını, bazarlıq edilməsini görə bilsin.

Kişi danışıq tərzi, hisslərinin ifadəsi, xarakterik söz, ifadə və jestlər – bütün bunları ətrafdakı insanlardan, lap elə film qəhrəmanlarından qəbul etmək, mənimsəmək çətin deyil. Lakin sonuncu ilə bağlı diqqətli olmaq tələb olunur. Çünki bəzən film qəhrəmanlarını həddən artıq təqdir etmək uşaqlarda yersiz aqressiya, əsəbilik, özünəəminlik və arxayınlıq kimi əlavə problemlər yarada bilər. Əsas uşağın belə mühit və şəraitlərə düşməsi və özünü kişi kimi aparmağa cəhd, meyil etməsidir. Ona görə ki, ana həmişə övladını qadın davranış modelinə meyilli tərbiyə edir. Məsələn, ana üçün övladının böyüyənədək bir çox dava-şavalardan keçməyə məcbur olması gerçəkliyi ilə barışmaq çətindir. Əksinə, ata isə, adətən, əmindir ki, övladı döyüləndə günahkarlara layiqli cavab verilməlidir. Hər kəsə məlumdur ki, analar münaqişənin davam etdirilməsini istəmir, sülhə, barışığa meyil edir və üstəlik, övladına yalvarır ki, yenidən dalaşmağı, qisas almağı ağlına da gətirməsin. Əlbəttə, sivil cəmiyyətlərdə istənilən münaqişəni xoşluqla, sülhlə tənzimləmək qəbul olunub, lakin razılaşmaq lazımdır ki, yaxşı olar, oğlan uşaqları dava və çətinliklərdən, bərkdən-boşdan keçsinlər ki, gələcəkdə lazım gələrsə, özünü və doğmalarını qoruya bilsin. Əks halda, həmyaşıdları onu “zəif”, “lox” adlandıracaq və uşağın özünü qiymətləndirməsi, özünəəminlik səviyyəsi aşağı enəcək.

 

Ağıllı addım

Maraqlıdır, bəs ana övladı ilə necə münasibət qurmalı, onu necə tərbiyə etməlidir ki, o, üzərinə məsuliyyət götürməkdən qorxan zəifxarakterli kişi kimi yetişməsin? Anaların bu məsləhətlərə əməl etməsi məqsədəuyğun olardı.

– Diqqətli olmalısınız ki, övladınızın davranış və fikirlərinizdən daimi asılılığını yaratmayasınız. İlk günlərdən onda: “Sən tək bacaracaqsan”, “Səndə alınacaq” kimi əminlikləri (öz çəkməsinin iplərini bağlaya, riyaziyyatdan çətin çalışmaları həll edə bilər) yaratmaq lazımdır.

– Ona imkan yaratmaq lazımdır ki, hər şeyi özü müstəqil etsin. Aydındır ki, həm pul qazanmalı olan, həm də ev təsərrüfatını idarə edən tənha, həmişə tələsən ana üçün övladının əvəzinə hər şeyi özü görməsi daha asan və sürətli alınır. Lakin bununla belə tezliklə məlum olacaq ki, artıq uşaq heç bir iş görmək istəmir, bütün bunları onun əvəzinə anası görəndə daha rahat olur.

– Onunla öz problemlərinizi – qonaq otağına hansı pərdələrdən seçim, saçıma hansı rəngi qoyum və s.- müzakirə etməkdənsə, oğlan uşağına xas maraqlardan – kişilərə aid peşə növlərindən, kişi paltarlarından, dava-dalaşlardan, əlbəyaxa idman növlərindən, kompüter oyunlarından, yarış maşınlarının ən son modellərindən söz açmağınız daha yaxşı olardı.

– Məşqçisinin kişi olduğu hansısa bir idman növünə qoymağınız münasib alınardı. Bu zaman övladınız fiziki cəhətdən möhkəmlənərdi ki, bu da istər-istəməz onun mənəvi-fizioloji tərəflərinə – iradəsinə sirayət edərdi, yəni əsl kişi xarakterinin formalaşmasında mühüm rol oynayardı.

 

Xoşbəxt sonluq

Hər necə də olsa, ana özünü bu sahədə nə qədər düşüncəli, praqmatik aparsa belə, sərt kişi iradəsi olmadan böyüyən uşaq atasıyla böyüyən həmyaşıdına nisbətən daha emosional, daha “feminli” formalaşacaq. Axı atalar daha sərt və qətiyyətli davranış xüsusiyyətlərinə malikdir. Onlar övladlarını ağlamağa, qorxmağa və öz hisslərini, emosiyalarını açıq şəkildə nümayiş etdirməyə qoymur, döyülərkən əvəzini çıxmağa sövq edir. Maraqlıdır, bəs anauşaqlarına xas yüksəksəviyyəli emosionallıq onların gələcək həyatlarında özünü necə göstərəcək, mənfi, ya müsbət tərəfdən? Burada da Qərb sosioloqları maraqlı bir proqnoz verirlər: sən demə, müasir dövrün qadınları daha çox güclü cinsin ən hiperkişi nümayəndələrini deyil, zərif, yumşaqxarakterli, hissiyyatlı nümayəndələrini seçməyə meyillidirlər. Niyə? Ona görə ki, ana tərəfindən böyüdülən, tərbiyə olunan uşaqlarla onların ümumi dil tapması daha asan alınar və ola bilər ki, məhz belə ailələr daha xoşbəxt olar. Çox yəqin, bizim tipik azərbaycanlı xanımları hələlik bu mövqedən uzaqdırlar, çünki əzəldən öz atalarının, qardaşlarının timsalında əsl azəri kişisinin simasını, onun ciddi, qətiyyətli və faydalı təlim-tərbiyəsini, eyni zamanda, qayğı və diqqətini görüblər.

Məsələ ilə bağlı gənc və yeniyetmələr üçün “Etimad” psixoloji telefonunun rəhbəri, psixoloq Samirə Əhmədlinin fikirlərini öyrənmişik: “Uşaq doğulduğu andan sosial mühitə düşür. Onun bu sosial mühitinin aspektiv mərkəzi anadır. “3 yaş krizisi” praktiki olaraq cinsi identifikasiyanın formalaşması ilə eyni vaxtda və sıx əlaqədə baş verir. Uşağın cinsindən və ailə vəziyyətindən asılı olaraq onunla valideynləri arasında müəyyən münasibət üslubu yaranır. Yaxşı olardı ki, valideynlər övladının tərbiyəsində oğlan və qız tərbiyəsi ilə bağlı cəhətlərə ayrı-ayrılıqda daha çox diqqət yetirsinlər. Azərbaycan ailələrində ana kultu daha qabarıq mövcuddur. Bizim ailələrdə uşaqlar, adətən, ana ilə asan dil tapır. Ailədə atanın zəhmi ən təsirli tərbiyə vasitəsidir. Ancaq atanın böyük tərbiyə əhəmiyyətinə malik olan nüfuzunu ana yaradır və yaratmalıdır da. Bu səbəbdən mənlik şüuru formalaşdıqca özünütəsdiq meyili yeni keyfiyyətlər kəsb edir. Bu zaman analar oğullarına özünütəsdiqə imkan verməyin psixoloji tərəflərini nəzərə alaraq, mütləq atanın dəstəyini, təsirini unutmamalıdırlar. Atalar isə tərbiyədə çox yaxından iştiraketmə borcunu yaddan çıxartmamalıdırlar. Düşünürəm ki, tənha anaların övladına tərbiyəvi təsiri birbaşa olaraq ananın özünün fərdi inkişafı ilə bağlıdır. Yeni ailə həyatı quran və oğul dünyaya gətirməyə hazırlaşan hər bir ana onu kişi davranış üsuluna uyğun tərbiyə etməyi bacarmalıdır”.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir