Murka

Oğru dünyasının AVTORİTET QADINI: “Murka”nın sirli oyunu

Baxış sayı: 1. 520

1926-cı ildə Leninqradın kriminal dünyasında önəmli hadisə baş verir: Moskva cinayət axtarış şöbəsi Odessada, piter cinayətkarların məşhur pritonu sayılan “Bristol”a reyd keçirir. Basqın zamanı 5 quldur, 2 polis işçisi həlak olur. Onlarla “avtoritet” cinayətkar polislərin əlinə düşür.

Bu hadisədən bir neçə ay əvvəl Leninqrad əməliyyatçıları “arı” yuvasına öz qadın əməkdaşlarını sala bilirlər. Həmin zamanlarda qadın əməliyyatçılar demək olar ki, yox idi. Ona görə Mariya Yevdokimova- Klimova adlı bu qadın yeraltı dünyasında heç bir şübhə yaratmır. Hələ təzə “işə” girdiyi üçün “bandit”lərdən heç kəs onu tanımırdı. Bu amil Mariyanın özünü pul qarşılığında “seks” xidməti göstərən qadın kimi təqdim etməsinə köməklik göstərir.

Bir müddət sonra “avtoritet” mühitinin güvənini tam qazandığı üçün Mariyaya heç kəs fikir vermir. Ona işlədiyi pritonda hətta “Murka” adı da verilir.

Bir neçə aydan sonra “Murka” adında qadın-agent cinayətkarların polisdəki “arxalarını” və bütün planlarını öyrənmiş olur. Beləliklə noyabr ayında gecə saatlarında daha əvvəl qeyd etdiyimiz reyd əməliyyatı həyata keçirilir.

“Murka” adlı mahnının yaranması da məhz həmin dövrlərə təsadüf edir. Hətta bu mahnıda cinayət axtarış idarəsinin agentinin soyadı da keçir: Klimova-Yevdokimova.

“Mur”, yoxsa “Murka”?

Başqa bir versiyaya görə isə, qəhrəmanın “Murka”ya çevrilməsinin səbəbi o zamanlar Moskva cinayət axtarış şöbəsinin əməkdaşlarının “Mur” adlandırılması idi. Hətta o vaxtlar belə məşhur deyim də var idi: “Урки и мурки играют в жмурки” (“Urka” və “murka” gizlənpaç oynayırlar).

“Murka”nı ХХ əsrin Rusiya tarixində ən məşhur mahnılardan biri hesab etmək olar. İndiyə qədər bu mahnının xalq tərəfindən yaradıldığı düşünülür. Əslində isə mahnının sözlərinin və musiqisinin müəllifi var. Aydın məsələdir ki, “kriminal” mühit üçün yazılan mahnıda müəllif kimliyini gizlədəcək.

Elə buna görə də, mahnının kimə aid olduğu ilə bağlı bir çox fərziyyələr gəzir. Biz isə sizə ən doğru bildiyimizdən söz açacağıq.

Musiqinin yaranma tarixi

“Murka”nın müəllifi Odessa şairi Yakov Yadovdur. Onun əlinin altından bir neçə “xalq” mahnıları çıxıb. O, həm də “Bubliçki” və “Qop so smikom” mahnılarının müəllifidir. Yadov kriminal aləmi o qədər də sevmirdi. Ona görə də mahnılarda onları istehza ilə təsəvvür edirdi. Bir şeyi xüsusi qeyd etmək lazımdır ki, mahnının sözlərində həmin vaxt kriminal aləmdə nə baş verdiyindən bəhs olunurdu.

Odessa tarixçiləri belə qənaətə gəliblər ki, “Murka” mahnısı 1921-1923-cü illərdə yazılıb. Mahnının digər “valideyni” isə musiqiçi Oskar Strokdur. O, bu sözlərə musiqini 1923-cu ildə yazıb. Qəribəsi isə budur ki, “Murka” ilk başda tanqo musiqisi olub. Bu musiqi altından “nep” dövründə bütün odessalılar tanqo oynayırdı. Ona görə də, musiqi hamıya tanış idi. Ancaq az adam bilirdi ki, reallıqda bu musiqi nədən bəhs edir…

Məxfi agent, ya quldur dəstəsinin üzvü?

Kriminal aləmin himni sayılan “Murka” mahnısı əslində, çekistlərin gizli əməliyyatından bəhs edir. “Murka”nın özü isə Mariya adında gizli əməliyyatçıdır.

“Murka” əfsanəsi əslində çox məharətlə uydurulub. Belə ki, Moskva əməliyyatçısı Odessada hər kəsə öz həqiqi adını söyləyirdi – Mariya Klimova. “Bandit” başçılarına isə özünü Marqo Dmitriyevka kimi təqdim edirdi. Marqo Dmitriyevka isə uydurulmuş bir ad deyil. Hər şeydə olduğu kimi bunun da bir səbəbi var.

Həqiqi “Murka”

Dmitriyevka haqqında isə tarixi sənədlərdə çox az məlumat var. Məlumdur ki, onun Odessada mühəndis işləyən atası 1919-cu ildə çekistlər tərəfindən öldürülüb. Bundan sonra o, Saxalin adlı kriminal rayona köçür. Ondan sonrakı həyatı ilə bağlı çox şayiələr gəzir. Onlardan biri isə Dmitriyevkanın inqilabçı Nestor Maxno ilə tanış olub və kordona yerləşməsidir. ÇK-da olan məlumata görə, əsl Mariya “batko Maxno” bir müddət Rumıniyada gizlənir. Onun öz dəstəsi ilə Odessaya qayıtmaq istəyindən Moskva gizli kəşfiyyat idarəsi xəbər tutur. “Xəbərçilərin” məlumatına görə, qayıdış 1922-ci ilin yayında baş verməli idi. Bu xəbərə əsaslanaraq ÇK “Maxno”nun rəfiqəsinə oxşar “Murkanı” (agent Klimova) onun əvəzinə gizli əməliyyatlar üçün Odessanın kriminal dünyasına yeritməyi qərara alır.

Başqa bir versiyaya görə isə, Dmitriyevka atası öləndən sonra bir zalımın əlinə düşür. Harlaşa adlı oğrunun təhqir və əzablarına dözməyən qız psixatiriya xəstəxanasına düşür. Sonra isə onu lal-kar xalası, “banda” başçısı “dişi qaz” ləqəbli Klava qanadları altına götürür.

Yazıq Marqo…

Axırıncı variant həqiqəti daha doğru əks etdirir. Bu da bütün kriminal aləmi çaş-baş salır. Çekistlər heç şübhələnmədilər ki, əsl Marqo Ruminiyada Maxnonun yanında yox, Odessanın yaxınlığında yaşayır. Əlbəttə, yerli xuliqanlara birdən-birə peyda olmuş “Murka”nın kimliyini yoxlamaq çox asan olardı və elə buna görə də əməliyyatda hər şey planlandığı kimi getmir. “Murka” birdən yox olur….

Sözügedən xüsusi əməliyyatla bağlı bütün sənədlər Moskvaya göndərilərək, “Tam məxfi” ad altından gözdən uzaq bir yerdə gizlədilib. Ona görə də, nə Mariya Klimovanın sərgüzəştləri haqqında, nə də Marqo Dmitriyevnanın birdən-birə qeybə çəkilməsi ilə bağlı dəqiq məlumat tapmaq olur.

Sirli ölüm…

Yerli ölkəşünasların xatirələrinə görə, Odessada uzun müddət əkiz tayı olan Murka adında qızın şayiələri gəzirdi. Onun hətta mahnıdakı kimi öldürüldüyünü də deyirdilər.

Əslində isə 1922-ci ildə öldürülən həqiqi “Murka”dır, yəni Marqo Dmitriyevna. Məhz onu xəyanətdə təqsirləndirərək güllələyirlər. Deyilənlərə görə, onun surəti – agent Mariya Klimova 1952-ci ilə qədər yaşayıb. Necə öldüyü ilə bağlı məlumat yoxdur.

Publika.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir