Sirr deyil ki, bəzən böyüməkdə olan oğlan uşağının yeganə tərbiyəçisi ana olur. Bunun çoxsaylı səbəbləri ola bilər. Ancaq psixoloqların fikrincə, belə analar bir qayda olaraq eyni səhvlərə yol verirlər.
Birinci səhv – həddən artıq qayğı göstərmək. “Ana uşağı” ifadəsi də məhz buradan yaranır. İfrat dərəcədə qayğı və “hiperhimayə” oğlan uşağını böyük həyat üçün tamamilə yararsız edir.
İkinci səhv – əgər ana təkrarən öz xoşbəxtliyi naminə deyil, yalnız uşağının atası olsun deyə ərə gedirsə, bu, böyüməkdə olan oğlan uşağında ailə haqqında təsəvvürlərin formalaşmasına təsirsiz ötüşə bilməz. Hətta ola bilər ki, qeyri-səmimi münasibətlər fonunda bu təsəvvürlər təhrifə məruz qalsın.
Üçüncü səhv – kişilərə qarşı mənfi münasibəti oğluna ötürmək. Ola bilər ki, uşağın atası həqiqətən də anasına, eləcə də övladına qarşı doğru davranmayıb. Lakin bu, oğlan uşağını atasının da Yer üzünün bütün kişiləri kimi miskin və ya satqın biri olduğuna inandırmağa və bu ruhda tərbiyə etməyə əsas vermir.
Dördüncü səhv – uşağın qarşısında özünü günahkar hiss etmək. Bu hiss adətən o zaman baş qaldırır ki, boşanmanın təşəbbüskarı ana özü olur və yaxud da uşağı “özü üçün” dünyaya gətirir. Müqəssirlik hissi ailədə ana ilə oğul arasında hərtərəfli münasibətin bərqərar olmasına maneə törədir, bu isə çox vaxt böyüməkdə olan uşağın psixikasında sınmalara gətirib çıxarır.
Beşinci səhv – qəhrəman ata obrazı uydurmaq. Tənha analar oğullarına atasının təyyarəçi və ya kosmonavt olmasından, yaxud qəhrəmancasına həlak olmasından danışırlar. Təəssüf ki, sonradan gerçəklərin üzə çıxması uşağın psixoloji durumuna mənfi təsir göstərir.
Altıncı səhv – həyatdakı uğursuzluqlarında uşağı təqsirkar bilmək. Ən yaxın adamı tərəfindən körpəyə edilən bu kimi ittihamlar çox vaxt onun bütün həyatı boyu çəkəcəyi yükə çevrilir.
Yeddinci səhv – laqeydlik və biganəlik. Hətta ana iş ilə həddən artıq məşğul olsa belə, bu, övladının ehtiyac və maraqlarına diqqətsiz qalmağa bəhanə ola bilməz. Uşaqlıq çağlarında övlada göstərilən bu biganəlik onun özünü qiymətləndirməsinə öldürücü təsir göstərir. Laqeyd və daima məşğul anaların tərbiyə etdiyi ailələrdə oğlan uşaqları özünə inamsız böyüyür və depressiyaya meyilli olurlar.