Dünyada bir çox qadağalar mövcuddur. Bu yazıda fərqli ölkələrin maraqlı yol-hərəkəti qaydaları ilə tanış ola bilərsiniz.
Çin
İlk baxışdan Çində tətbiq olunan cərimələr bir o qədər də sərt görünmür. Sükan arxasında içkili oturan sürücü 300 dollar dəyərində cərimə ödəməli olur və yarım il müddətinə sürücülük vəsiqəsindən azad olunur. Çox vaxt iş 15 sutkalıq həbs qərarı ilə yekunlaşır. Lakin içkili sürücü yol nəqliyyatı hadisəsi zamanı vətəndaşın həyatını itirməsinə səbəb olursa, o zaman həmin şəxsə ölüm hökmü oxunur.
Türkiyə
Təəccüblü səslənsə də Türkiyədə sürücülər dönərkən dönmə işıqlarını yandırmırlar. Maşını istənilən yerdə, istənilən vaxt döndərə bilərlər. Türk sürücülərini fərqləndirən digər cəhət isə siqnalı hər yanıb-sönəndə basmalarıdır. Yol qaydalarına əməl etmək onlarda mühüm deyil. Əgər Türkiyədə sükan arxasına oturacaqsınızsa, o zaman piyadalara da xüsusi diqqət edin. İstənilən yerdə, harada olur-olsun yolu keçə bilərlər.
Yaponiya
Yaponiyada qeyri-adi yol hərəkəti qaydaları seçilən ölkələr sırasına daxildir. Burada məsələn, cəza təkcə sərxoş sürücüyə deyil, onun yanında olan sərnişinə də tətbiq olunur. Belə ki, içkili vəziyyətdə avtomobil idarə edən şəxsin yanında oturub onun avtomobil idarə etməsinə imkan verən şəxslər də cəzaya məruz qalırlar. Həmin şəxslər təxminən 3000 dollar dəyərində cərimə ödəyirlər. Sürücünün özü isə 6500 dollar cərimə ödəmək məcburiyyətində qalır. Həmçinin , içkili sürücü 5 il müddətinə azadlıqdan məhrum olunmaq təhlükəsi ilə də üz – üzə qala bilər.
Qeyd edək ki, 2001 – ci ildə Yaponiya vətəndaşlarından biri içkili vəziyyətdə avtomobil idarə edərək ağır yol nəqliyyatı hadisəsi törətdiyinə görə, hakim ona 2,5 milyon dollar dəyərində cərimə yazıb.
Burada, həmçinin su gölməçəsinə girib piyadanı isladan sürücü cərimə ödəməli olur.
Misir
Misirin Memfis şəhərində əgər sürücü qadındırsa, maşının önündə əlində qırmızı bayraq tutmuş bir kişi getməlidir. Burada qırmızı bayraqlı kişi qadın sürücünü mütləq müşaiyət etməlidir.
Rusiya
Rusiyada çirkli maşın idarə etmək qadağandır. Lakin rusların bu qaydaya əməl etmələri çox da hiss olunmur.
Finlandiya
Finlandiyadada içkili vəziyyətdə maşını idarə edən sürücülərə tətbiq olunan xüsusi cərimələr mövcuddur. Çox maraqlıdır ki, bu cərimələr həmin şəxsin gəlirlərinə əsasən müəyyən olunur. Burada adətən sürücü nə qədər varlı olarsa, cərimə bir o qədər yüksək məbləğ olur.
Digər qanuna görə bu ölkədə sürücü radio dinləmək üçün illik ödəniş etməlidir. Ödəniş etmədən yolda radioya qulaq asan sürücü cərimələnə bilər.
Tailand
Tailandda yol polisi köynəksiz maşın idarə edən insanları saxlaya bilər, açıq -saçıq geyinən qadın sürücülər isə hətta burada həbs oluna bilər.
ABŞ
Amerika Birləşmiş Ştatlarında qanunların bəziləri aktuallığını artıq itirib, bəziləri isə hal hazırda fəal qanunlar sırasındadır. Alabama ştatında maraqlı səslənsədə, məntiqli bir qanun var . Qanuna əsasən sükanın arxasına ayaqyalın oturmaq olmaz.Bu qanun, baş verən dəhşətli yol qəzasından sonra qəbul edilib. Belə ki, bir sürücü tormozu vaxtında basa bilmədiyinə görə qəza törədib, səbəb isə pedalın isti olması olub. Pensilvaniya ştatında isə maşınla heyvanları qorxutmaq olmaz.
Danimarka
Danimarkada avtomobili işə salmazdan əvvəl sürücü maşının altına baxmalıdır. Buranın qanunlarına görə sürücü avtomobili sürməzdən əvvəl əmin olmalıdır ki, avtomobilin altında hansısa canlı yoxdur, ki?
Meksika
Meksika bəlkə yeqanə ölkədir ki, burada qadınlara sükan arxasında makiyaj etmək qadağası qoyulub. Hətta bu ölkədə sükan arxasında olarkən güzgüyə çox baxmaq belə tövsiyə olunmur.
Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanında qırmızı işıqda keçən sürücü 3 gün müddətinə həbs edilir. Məhz buna görə ölkədə yol-nəqliyyat hadisələrində yaralanan və ölənlərin sayı xeyli azdır.
Avstriya
Avstriyada çox maraqlı yol hərəkəti qaydası mövcuddur. Burada videoregistratorlar rəsmi olaraq qadağandır. Bu cihazlardan istifadə şəxsi həyata müdaxilə hesab olunur.
Fransa
Son zamanlar Fransada qəbul olunan qanuna görə yaşı 30-dan aşağı olan qadınlara avtomobil idarə etmək qadağan olunub. Qanun çıxan günün səhərisi Parisdə bir nəfər də olsun qadın sürücüyə rast gəlinməyib. Səbəb isə sürücü qadınların yaşının 30-dan artıq olduğunu gizlətmələri olub. Bir müddət sonra qanun layihəsi ləğv olunsa da, xeyli yaddaqalan olub.
İsveçrə
İsveçrədə bazar günləri avtomobili yumaq qadağandır. Səbəb isə bazar günü kənardakıları narahat edə biləcək işlər görməməyə təşviq etməkdir.
Bu ölkənin ictimai nəqliyyat şəbəkəsi dünyanın ən yaxşı və təhlükəsiz şəbəkələrindən biri hesab olunur. Qatarlar həmişə vaxtında hərəkət edir və həm şəhər daxilində, həm də şəhərlər arasında nəqliyyat olduqca yaxşıdır. Tramvay və avtobus şəbəkələri də olduqca fəaldır və demək olar ki, onlar ilə bütün ölkəni səyahət etmək olar. İstənilən nəqliyyatdan asanlıqla istifadə edə və hətta ölkənin ən ucqar yerinə gedə bilərsiniz. Bundan əlavə, İsveçrənin hər yerində velosipedçilərin sərbəst hərəkətinə imkan verən velosiped yolları var.
Türkmənistan
2020-ci ildə Türkmənistanda qara avtomobillərin alınması qadağan edilib. Gömrük rəsmiləri ölkəyə qara avtomobillərin idxalını qadağan ediblər. Rəsmilər səbəb göstərməsələr də adamlara ağ maşın almağı tövsiyə edirlər. Onlar deyirlər ki, ağ maşın adamı ağ günə çıxarar. Bu ölkədə prezident belə ictimai və dövlət tədbirlərinə ağ maşın karvanı ilə gedir. Nazirlər, idarə başçıları və hətta media rəhbərləri də prezidentdən nümunə götürməyə başlayıblar.
Flippin
Flippinlilər tıxaclarla çox mübarizə aparırlar. Bu ölkədə yalnız bazar günü bütün nömrəli maşınları yolda görə bilərsiniz, lakin həftənin digər günləri isə rəqəm məhdudiyyəti qoyulur.
Samirə Tağıyeva