Antibiotik

Ölkəmizdə antibiotiklərin istifadəsində vəziyyət necədir?

Baxış sayı: 1. 997
«Həddindən artıq antibiotik istifadə etdiyiniz zaman mənfi bakteriyalarda dərmanlara qarşı müqavimət yaranır. Biz bunu laboratoriya şəraitində müşahidə etmişik. Bu, zamanla insan orqanizmində də baş verə bilər”. Şotland alimi Aleksandr Fleminqin pensilinin kəşfinə görə 1945-ci ildə layiq görüldüyü Nobel mükafatının təqdimetmə mərasimində səsləndirdiyi bu fikirlər hələ keçən əsrin ortalarından təbabətdə qızğın müzakirə olunmağa başlayıb. “Möcüzəvi dərman” adlandırılan pensilinin icadına qədər hər üç xəstədən biri cərrahi əməliyyatdan sonra yaranan infeksiya və ağciyər iltihabından vəfat edirdi. Xüsusən uşaqlarla yaşlılar arasında ölüm halları daha yüksək idi. Antibiotikin kəşfi ötən əsrin əvvəllərində yayılmış və epidemiya təhlükəsi daşıyan ağır infeksiyalı xəstəliklərin qarşısının alınmasında böyük rol oynadı. Antibiotik İkinci dünya müharibəsində milyonlarla yaralının həyatını xilas etdi.
Bu gün də həkimlərin çoxu ən sadə xəstəlik zamanı belə, antibiotikdən istifadəni məsləhət görür. Qrip, soyuqdəymə zamanı da insanlar antibiotiklərdən istifadəyə üstünlük verirlər. Bununla belə, antibiotiklər ətrafında müzakirələr daha geniş vüsət almaqdadır. Hətta iş o yerə çatıb bir çox alimlər “Antibiotik erası bitdi” – deyə həyəcan təbili çalırlar. Rusiyalı bakterioloqlar da iddia edirlər ki, müxtəlif antibiotiklərdən mütəmadi istifadə daha çox mikrobların yaranmasına səbəb olur. Farmokoloqlar isə yeni antibiotiklərin işlənib hazırlanması üçün bütün imkanların praktik olaraq tükəndiyini bildirirlər. Yəni artıq modifikasiya olunmuş preparatlar yaradılır. Lakin mikroblar onlarla birgə yaşamağın yolunu da tapıblar. Belə ki,  mikroblar davamlılıq ştammı yaradaraq müalicəyə reaksiya vermirlər. Pasiyentlərin xəstəxanalarda yoluxduğu güclü infeksiyalar antibiotiklərlə mübarizədə xüsusən davamlıdır: “Xüsusilə bir çox xəstələrdə infeksiya ölümə aparıb çıxarır və antibiotiklər xəstəliyin qarşısını ala bilmir”. Vəziyyətin kifayət qədər ciddi olduğunu vurğulayan pessimistlər antibiotik erasından əvvəlki kimi insanların ən adi xəstəliklərdən əziyyət çəkəcəyi və hətta öləcəyindən narahatlıqlarını bildirirlər.
Bu gün tibb sənayesi artıq müxtəlif yoluxucu xəstəliklərin müalicəsi üçün bir sıra bakteriyafaqlar (virus) buraxır. Rusiyada yoluxucu xəstəliklərin bakteriyafaq, eləcə də onların xüsusi fermentləri – lizinlər və endelizinlərlə müalicəsində bir sıra uğurlar qazanılıb: «Məhz onlar bakteriyanın toxuma divarlarının əsas komponentlərini məhv edir, ondan sonra faq mikrobun içinə daxil olur və onu öldürür” – deyə Bioorqanik Kimya İnstitutunun əməkdaşı Qalina Nikulinskaya bildirir: “Amma təəssüf ki, bakteriyafaqların imkanları məhduddur. Elə xəstəliklər var ki, onlara qarşı bu viruslarla müalicə gücsüzdür. Məsələ ondadır ki, fermentlər xaricdəki membranları məhv etməyi bacarmırlar. Hələlik bu müxtəlif infeksiyaların müalicəsində keçilməz yol kimidir. Dünya laboratoriyalarının görkəmli mütəxəssisləri problemi həll etməyə cəhd edirlər”. İnstitutun alimləri öz təcrübələrini təklif ediblər. Belə ki, onlar bakteriyafaq T-5 fermentinin adi antiseptik – xlorqeksidlə tandeminin birləşməsini irəli sürüblər. Bu, bağırsaq çöplərinə təsir edir. Tandem onları dərmanların ayrılıqda istifadəsindən fərqli olaraq daha effektiv surətdə məhv edir. Fundamental işin bir hissəsi olan tədqiqat hələ tam təsdiqini tapmayıb. Alimlər, həmçinin başqa bakteriyaları məhv edən vaksinləri öyrənməyi planlaşdırırlar.
Yalnız təyinatı üzrə istifadə
Bəs bizim ölkəmizdə antibiotiklərin istifadəsində vəziyyət necədir? Antibiotiklərin ən çox keçmiş sovet məkanında istifadə olunduğunu deyən professor Adil Qeybulla antibiotiklərdən lazımsız istifadə olunmasını yolverilməz hesab edir: “Nəticədə antibiotiklərə qarşı həssaslıq itir və yeni nəsil antibiotiklərin yaranmasına ehtiyac yaranır. Bu, ciddi problem olaraq qalır. Anibiotiklər yalnız təyinatı üzrə istifadə olunmalıdır. Əgər xəstədə konkret infeksiya varsa, həmin virus tapılmalı və ona uyğun antibiotik təyin olunmalıdır. Bizdə bir az qızdırması və ya soyuqdəyməsi olan adamlar da dərhal antibiotikdən istifadə edirlər. Bu cür xəstələrə çox vaxt həkimlər tərəfindən antibiotiklər təyin edilir. Xəstələr sərbəst şəkildə antibiotikləri apteklərdən ala bilirlər”. A.Qeybulla hesab edir ki,  aptek şəbəkəsindən antibiotiklər yalnız həkim resepti ilə alınmalı, bu tip məsələlər qanunla tənzimlənməlidir: “Əgər dünyada bunun analogiyası, sınaqdan keçən modeli varsa, biz  ondan niyə istifadə etməməliyik?”
Professor antibiotikdən tamamilə imtinanı mümkün hesab etmir. Belə ki, antibiotik septiki vəziyyətlərdə insanlarda infeksiya yarananda xəstəni vəziyyətdən çıxaran və ölümdən qurtaran yeganə preparatdır: “Təbabətdə antibiotiksiz hərəkət etmək mümkün deyil. Vərəm kimi dəhşətli bir xəstəliyə antibiotik hesabına son qoyulur. O cümlədən, insanların ölümünə səbəb olan minlərlə infeksiyaya antibiotik vasitəsilə qalib gəlinir. Ona görə antibiotikdən imtina mümkün deyil. Antibiotikdən imtina o zaman mümkün olar ki, onun yerinə analoqu yaransın”.
Həkimin resepti olmasa
Ümumdünya Sağlamlıq Təşkilatının 1998-ci ildə təşkilata bağlı olan ölkələrə antibiotiklərdən istifadənin artması və bunun qarşısının alınması üçün tədbirlər görmək lazım olduğu ilə bağlı təlimatının dünya ölkələrini hərəkətə gətirdiyini bildirən kardiologiya uzmanı Yalçın Velibey artıq antibiotiklərin bir çox mikrobları məhv etmədiyini bildirir. Belə ki, əgər antibiotik həmin mikrobları öldürmürsə, deməli həmin xəstə də tam müalicə olunmur. Nəticədə insanlar xəstəlikdən dünyalarını dəyişirlər. Antibiotikdən ən çox Yunanıstanda və Orta Şərq ölkələrində istifadə olunduğunu deyən Y.Velibey onlara ümumiyyətlə dünyanın hər bir ölkəsində müraciət olunduğunu bildirir. O cümlədən Azərbaycanda da antibiotiklərdən geniş istifadə olunur: “Bunun səbəblərindən biri  xəstələrin gərəksiz yerə antibiotiklərdən istifadə etmələri, həmçinin həkimlərin də xəstələrə lazımsız şəkildə antibiotiklər yazmasıdır. Xəstələr temperaturları qalxdıqda, adi soyuqdəymə zamanı belə, antibiotikdən istifadə edirlər”.
İnsanlarda həm müsbət, həm də mənfi bakteriyaların olduğunu deyən uzman həkimin sözlərinə görə, xəstələlik zamanı müsbət bakteriyalar mənfi bakteriyalara qarşı savaşır. Gərəksiz yerə antibiotik içiləndə insanın vücudundakı müsbət bakteriyalar ya məhv olur, ya da azalır: “Növbəti dəfə başqa bir xəstəliklə xəstələnən zaman orqanizmdəki müsbət bakteriyalar öldüyü və ya azaldığı üçün mübarizə aparmaq güclərini itirirlər. Bu gün artıq antibiotiklər çox mikroblara təsir etmək gücündə deyil. Həmçinin mənfi bakteriyalar həmin antibiotiklə qarşılaşdığı zaman orqanizmdə mexanizmi dəyişdirirlər, ümumilikdə genetik dəyişikliyə uğrada bilərlər». Son vaxtlar lazımsız yerə çox antibiotiklərdən istifadə etməyimizlə əlaqədar olaraq mikroblar antibiotikə qarşı müqavimət göstərir”.
Antibiotiklərdən istifadə sahəsində qonşu Türkiyənin təcrübəsindən danışan kardioloq bildirir ki, əvvəllər bu ölkədə də antibiotiklərdən yeri gəldi-gəlmədi istifadə olunub: “Əvvəllər temperaturu olan, başı və ya boğazı ağrıyan adamlar aptekə gedərək pul verib antibiotik alardılar. Ancaq dövlət artıq buna qadağa qoyub. Yəni xəstənin əlində həkimin resepti olmasa, o heç bir aptekdən antibiotik ala bilməz”. Türkiyə telekanallarında antibiotiklərin istifadəsi ilə bağlı təbliğat aparıldığını deyən Y.Velibey, həmçinin xəstəxanalarda lazımsız yerə antibiotikdən istifadənin zərəri ilə bağlı broşürlərin yer aldığı, divara bildirişlərin yapışdırıldığını deyir: “Bildiyim qədər, sonuncu antibiotik 2010-cu ildə istehsal olunub. Artıq antibiotiklər gerçək xəstəliyi müalicə etməkdə gücsüzdür. Əvvəllər 3-5 günə sağalan xəstə indi 10-15 günə sağalır. Hər bir ölkənin dərmanlardan istifadə etməyi ilə bağlı milli sistemi var. Hər bir xəstəxana həmin sistemə daxil olaraq başqa ölkələrin də antibiotikdən nə qədər istifadə etməsi ilə bağlı məlumat əldə edir. Son illərin statistikası isə bu istifadənin azalmasını göstərir”. Kardioloq tibb elmində nə zamansa antibiotikdən ümumiyyətlə istifadə edilməməsini mümkün hesab etmir: “Sadəcə, lazımsız yerə antibiotikdən istifadə etmək düz deyil. Bu, vücudunuzdakı müsbət bakteriyaları öldürür».
Hərçənd, bizdə xəstələrin də, həkimlərin də sevimli preparatı olan antibiotiklərdən istifadə məsələsi o qədər müzakirə mövzusu deyil. Eləcə də pasiyentlər üçün apteklərin qapısı resept tələb olumadan açıqdır. Görünür, bu sahədə təkcə pasiyentlərin deyil, həm də tibb işçilərinin bilgilənməsinə ehtiyac var.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir