Dünyada qadın müəllimlərin sayı kişilərlə müqayisədə üstünlük təşkil edir. Lakin son illərdə bəzi ölkələrdə əks tendensiya müşahidə olunmaqdadır. Buna da səbəb oğlan uşaqlarına kişi xarakterini aşılamaq, onlara problemli vəziyyətdə necə davranmağı öyrətməkdən ibarətdir. Bu ölkələrdən fərlqi olaraq Azərbaycanda kişi müəllimləri ilə qadın müəllimləri arasında xeyli say fərqi var. Ölkədə qadın müəllimlər ümumi müəllimlərin 81 faizini təşkil edir.
Maraqlıdır, Azərbaycanda kişi müəllimlərin sayının azlığı nədən qaynaqlanır və bu problemin həlli istiqamətində nələr edilməlidirki, kişi cinsindən olan abituriyentlər seçim edərkən pedaqoji ixtisaslara da üstünlük versinlər?
Təhsil Xidmətləri Təlim Araşdırmaları Mərkəzinin direktoru Kamran Əsədov mövzu ətrafında danışarkən aşağıdakıları dedi: “Azərbaycanda 4 min 447 orta ümumtəhsil məktəbində 150 min müəllim çalışır. Təəssülər olsun ki, bu müəllimlərin 81 faizini qadınlar, 19 faizini kişilər təşkil edir. Bunun da müxtəlif səbəbləri var. 90-cı illərdə, xüsusən də müstəqilliyimizin ilk illərində müəllimlərin əmək haqlarının azlığı, I Qarabağ müharibəsi kişi müəllimlərin sayına ciddi şəkildə mənfi təsir etdi. Bu gün ali məktəblərin pedaqoji ixtisaslarına qəbuluna da nəzər yetirdikdə yenə də qadınların 80 faizlə üstünük təşkil etdiyini görürük. Lakin qeyd edim ki, son illərdə kişilər arasında bu peşəyə meyllilik müəyyən qədər artıb”.
Ekspert bildirir ki, bu gün təhsildə kişi müəllimlərinə ciddi şəkildə zərurət yaranıb: “Atalar işlədiyi üçün ailələrdə də uşaqlar daha çox ananın himayəsində qalır. Bu gün uşaq bağçalarından tutmuş yuxarı siniflərədək şagirdlər daha çox qadın müəllimlərlə ünsiyyətdə olurlar. İbtidai siniflərdə qadın müəllimlər 90 faizlə üstünlük təşkil edir. Yuxarı siniflərdə də qadın müəllimlərin çoxluğu məktəblilərin xarakterinin formalaşmasına mənfi təsir edir. Çünki məktəblərdə bəzən şagirdlər qadın müəllimlərin zərif cinsin nümayəndəsi kimi zəif olduğunu düşünüb dərsi pozur, bu və digər formada xoşagəlməz ifadələr işlədirlər. Bəzən şagirdlər qadın müəllimlərdən çəkinməsə də, kişi müəllimlərdən çəkinirlər, nizam-intizama əməl edirlər. Nəzər yetirsək görərik ki, xüsusi təyinatlı təhsil müəssisələrində neqativ halların sayının az olduğunu görə bilərik. Orta ümumtəhsil məktəblərində baş verən bəzi neqativ hadisələri də həmin müəssisələrdə kişi müəllimlərin sayının azlığı ilə əlaqələndirə bilərik. Hesab edirəm ki, kişi müəllimlərinin sayının artması üçün xüsusi dövlət proqramının qəbuluna ehtiyac var”.
K.Əsədov bildirir ki, müəllim ixtisasına qəbulda müəyyən bal həddindən sonra təqaüdlərin verilməsi, əmək haqlarının mütəmadi olaraq artırılması, həvəsləndirici tədbirlərin görülməsi müsbətə doğru dəyişikliklərə səbəb olub: “Lakin bu fərq o qədər də gözəçarpan şəkildə deyil. Bunun da əsas səbəbi müəllimlərin əmək haqlarının onların sosial vəziyyətini tam şəkildə təmin etməməsi ilə bağlıdır. Stimullaşdırıcı tədbirlərin olmaması və əmək haqqınını azlığı kişilərin ixtisas seçimində müəllim peşəsini seçməyinə mane olur. Lakin kişi müəllimlərinə imtiyazlar verilərsə, onlar digər sahələrə deyil, müəllimliyə üstünlük verəcəklər. Hüquq-mühafizə orqanlarında 600-700 manatdır, bu əmək haqqını kişi müəllimə versək, onlar da rahatlıqla müəllimliyi seçəcəklər. Bu səbəbdən stimullaşdırıcı tədbirlərin keçirilməi daha vacibdir. Ailə başçısı olan belə şəxslərin kommunal xərclərinə güzəşt edilsə, onlara müəyyən imtiyazlar verilsə, düşünürəm ki, əldə olunan əmək haqqı ailənin sosial ehtiyacları qarılana biləcək və nətiədə bu peşəyə yönələnlərin sayı artacaq”.
Bu gün kişi müəllimlərin daha çox ibtidai hərbi hazırlıqdan, fiziki tərbiyə fənlərindən dərs tədris etdiyini və əksər hallarda da bəzən şagirdlər üçün maraqlı olmur və onlar dərslərə girmirlər. Ekspert bildirir ki, bu gün kişi müəllimlərlə bağlı digər başlıca problem isə hazırda məktəbdə çalışan bu şəxslər arasında 50 yaşdan yuxarı olanların üstünlük təşkil etməsidir: “Düşünürəm ki, gəncləri də biz bu peşəyə sövq etməliyik. Hansı ki, onlar böhranlı və digər vəziyyətlərdə çıxış yolunu da şagirdlərə təlqin etmiş olacaqlar. Kişi müəllimlərin sayı çox olarsa, şagirdlərin alternativ informasiya almaq seçimi olacaq, intiharların sayı azalacaq. Çünki şagirdlər valideyn nəvazişi ilə böyüyür, lakin həyat yalnız nəvazişdən ibarət deyil. Onlar problemi həll edə bilmirlər, sonradan boşanmaların sayı artır, ağır cinayətlər çoxalır. Çünki bu şəxslər problemdən çıxışı bilmirlər, xarakterləri yoxdur. Bundan başqa, qeyd edim ki, kişi müəllimlərin hazırlıq səviyyəsi qəbul nəticələrində özünü daha yüksək biruzə verir. Baxın, təhsilinə görə seçilən Sinqapur və Finlandiyada da kişi müəllimlərin sayı daha çoxdur”.
“Bu səbəbdən düşünürəm ki, kişi müəllimlərin sayının artırılması strateji bir məsələdir. Amma son rəqəmlərə baxsaq, görərik ki, 2020-ci ildə müəllimlərin işə qəbulu imtahanı üçün 51 min müəllim sənəd vermişdi ki, onların da 40 mindən çoxunu qadınlar təşkil edirdi. Düşünürəm ki, tarix, Azərbaycan dili, Ədəbiyyatı və bu kimi fənlərə bir müddət yalnız kişi müəllimlərin qəbulunu həyata keçirtməliyik”, – deyə o əlavə edib.
Orta-ümumtəsil müəssisələri ilə müqayisədə məktəbəqədər təhsil müəssisələrində kişi müəllimlərinin sayı daha azdır: “Məktəbəqədər təhsil müəssiələrində çalışan kişi müəllimlərin sayı 1673-dür, bu da demək olar ki, 0 həddindədir.
K.Əsədov orta ümumtəhsil məktəblərindən fərqli olaraq özəl liseylərdə gender bərabərliyinin müəyyən qədər qorunduğunu və bu səbəbdən neqativ halların daha az olduğunu vurğulayır.
20 ildir ki, pedaqoji fəaliyyətlə məşğul olan müəllim Sabir Əsədov isə qazancından və peşə fəaliyyətindən məmnun olduğunu deyir. Onunla “qadınlara xas peşə” adlandırılan müəllimliyin kişilər üçün nə qədər çətin olub-olmamasından, hər hansı problemin olub-olmamasından danışdıq: “Düşünürəm ki, bu peşədə kişilərin sayının az olmasının səbəblərindən biri müəllimlik peşəsinə yönləndirmənin olmamasıdır. Çünki müəllim dedikdə, ilk olaraq hər kəs bu peşənin qadınlara məxsus olduğunu düşünür. Bu peşənin sevdirilməsinə ehtiyac var. Hər kəs dövlətin nəsə etməsini gözləyir. Əsl müəllim öz üzərində çalışar və işləyərsə, heç onun dövlətə ehtiyacı qalmaz, əksinə, öz işini quraraq dövlətə vergi verməklə faydalı ola bilər. Kişi müəllim olaraq fəaliyyətimdə nəsə problemlə qarşılaşmıram. Peşəmdən, fəaliyyətimdən tam razıyam. Biz dövlətdən 5 min manat əmək haqqı istəyə bilmərik. Bu gün Azərbaycanda 15-20 min manata qazanc əldə edə bilən müəllimlər də var. Düzdür, deyəcəksiz ki, bunu hər adam edə bilmir. Lakin biz bir sovet ölkəsində yaşamırıq. Özümüz cəhd etməliyik. Elə müəllimlər var ki, onlar aylarla kitab üzü açmırlar, ancaq oturub aylıq maaşı gözləyirlər. Müəllim hər zaman üzərində işləməlidir. Faydalılıq prinsipi çox önəmlidir. Baxın, bir şagirdim var idi, ingilis dilini çox gözəl bilirdi. Ondan soruşdum ki, sən ingilis dilini harada öyrənmisən, dedi ki, evə internet çəkdirib və hər gün alt yazılı filmlər izləyib dil öyrənib. Bu bir uşağın həm özü, həm ailəsi, həm də cəmiyyəti üçün sərgilədiyi faydalılıqdır”.
Ona bu peşəni sevdirın isə elə özünə örnək olan müəllimləri olub. Hər zaman zəhmətə qatlaşdığını söyləyən həmsöhbətimiz deyir ki, müəllimin qazancının az olması onun işinin peşəkarı olmaması ilə əlaqədar ola bilər: “Müəllim düşünür ki, niyə Sədərəkdə corab satan qonşumun maşını var, mənim yox”.
Sosial şəbəkədə apardığımız qısa sorğu nəticəsində isə bəlli oldu ki, kişi cinsindən olan abituriyentlərin peşə seçimi edərkən müəllimliyə üstünlük verməməsinin başlıca səbəblərindən biri həm bu peşənin daha çox qadın peşəsi kimi tanınması, həm də ki, sosial qayğıları tam qarşılaya bilməməsidir.
Qeyd edək ki, Təhsil Naziriyindən sorğumuza cavab olaraq bildirildi ki, 2009-2010-cu tədris ilində ümumi müəllimlərin sayı 161 min 299, kişi müəllimlərin sayı isə 37099, 2014-2015-ci tədrsi ilində ümumi müəllimlərin sayı 149 min 602, kişi müəllimlərin sayı isə 31 min 416, 2019-2020-ci tədris ilində ümumi müəllimlərin sayı 141 min 749, kişi müəllimlərin sayı 24097 olub. Göründüyü kimi illər üzrə həm müəllimlik peşəsini seçənlərin, həm də bu peşəni seçən kişilərin sayında azalma olub.