Dünən səhər saatlarında Xaçmazın Ləcət kəndində dəhşətli qətl baş verib. Kənd sakini 46 yaşlı Rəhman Osmanov ov tüfəngi ilə qayınanası və qayınatasını güllələyib. Aldığı xəsarətdən qayınanası 57 yaşlı Sona Yunusova yerindəcə ölüb. Qayınatası Beykəs Yunusov isə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırııb.
Hələlik hadisənin hansı səbəbdən baş verdiyi bəlli deyil. Lakin səbəb nə olur olsun, heç kəsin bu cür cinayəti törətmək haqqı yoxdur. Çünki söhbət ilk olaraq insan həyatından gedir. Psixologiyası yerində olmayan, ani bir əsəblə dəhşətli əməllər törədən şəxslər cinayət məsuliyyətinə cəlb edilir. Amma dəyişən bir şey yoxdur. Görünür, cəmiyyətimizdə nələrsə düzgün getmir ki, belə qəddarlıqların, vəhşiliklərin şahidi oluruq.
Baş verənləri dəyərləndirən hüquq müdafiəçisi Səidə Qocamanlı bildirir ki, qətl hadisəsi törədən şəxs mütləq qanun qarşısında cavab verməlidir. S.Qocamanlı qeyd edib ki, son zamanlar cəmiyyətimizdə qətllərin sayı çoxalır:
“Bu cür vəhşiliklər çoxaldığı üçün ilk olaraq hadisənin baş verməsinə səbəb olan amilləri araşdırmaq lazımdır. Təbii ki, səbəblər müxtəlifdir: psixoloji, maddi, mənəvi və.s səbəblər var. Bunların hamısını cəmiyyət araşdırmalıdır.
Sosioloji sorğular keçirilməlidir ki, niyə belə hallar baş verir. Əsas məsələlərdən biri isə hadisənin kökünün araşdırılmasıdır.
Ağır cinayət törədirlər, həbs olunurlar, amma bu olanlar heç kimə dərs olmur. Başqa bir əyalətdə və regionda yenə də belə hallar yaşanır. Ona görə də məsələnin kökü araşdırılmalıdır.
Dəqiq səbəblər bəlli olduqdan sonra problemdən çıxış yolları düşünülməlidir”.