Uşaqların pəncərədən, eyvandan yıxılması son vaxtlar tez-tez təkrarlanan hadisələrdir. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, bunun əsas səbəbi valideyn məsuliyyətsizliyi, uşaqları nəzarətsiz buraxmaları, tərbiyədə buraxdıqları yanlışlıqlardır.
Bir sıra belə hallarda, valideynlərin hərəkətlərində hər hansı cinayətin tərkib hissəsi olduqda onlar cinayət məsuliyyətinə belə cəlb oluna bilər.
Psixoloq Vəfa Rəşidovanın bildirdiyinə görə, son zamanlar uşaqların pəncərədən, eyvandan yıxılması diqqətsizlik üzündən baş verir. Bu işdə təkcə anaların günahkar olmadığını deyən müsahibimiz bildirir ki, həm ana, həm də ata diqqətli olmalıdır. “Çünki uşaq müəyyən yaşa qədər basqı altında deyil, nəzarət altında böyüməlidir. Uşaq formalaşana, öz hərəkətlərinə bir istiqamət tapana qədər valideynin bir gözü onun üstündə olmalıdır. Xüsusən, bizim ailələrdə belə fikirlər olur ki, uşağa yalnız ana diqqət etməlidir. Bu, çox yanlış düşüncədir. Bəs, ata? Ata da valideyndir, o da uşağın məsuliyyətini çəkir. Uşaqlar nəzarətsiz qaldığından başlarına bədbəxt hadisələr gəlir. Diqqət çox önəmlidir və birinci yerdə durmalıdır”.
V.Rəşidova qeyd edib ki, yeni ailə qurmuş ailələrdə ilk övladı olan analarda bu cür hadisələr daha çox baş verir: “Çünki ana, hələ ki, belə həyata adaptasiya olmayıb. Uşağa ciddi bir nəzarət yetirmək üçün möhkəmlənməyib. Xüsusən, hiperaktiv uşaqlar bədbəxt hadisələrlə daha çox üzləşir. Çünki onlar bir yerdə dayanmırlar. Pəncərəyə çıxır, az qala pərdəyə sarılır, karnizin üstünə qədər dırmaşırlar. Valideynlər hiperaktiv uşaqları psixoloq nəzarəti ilə korreksiya etməlidir. Əks halda, bu kimi hallar tez-tez baş verir”,-deyən psixoloq əlavə edib ki, valideynin ev işlərinə başı qarışması bir başqa, amma televizor, internet, sosial şəbəkələr qarşısında vaxt çox keçirdikləri üçün uşaq diqqətsiz qalır.
Gizli suisid zamanı uşaqların ekstremal vəziyyətlərə meyl etməsinə gəlincə, psixoloq bildirib ki, son zamanlar belə hallar geniş yayılıb: “Gizli suisidlərdə ekstremal vəziyyətlərə meyl olur. Amma gizli suisid tək pəncərədən əyilmək, yolu keçərkən diqqətsizlik etmək deyil. Gizli suisiddə siqaret çəkmək, alkoqol düşkünü olmaq da özünü göstərə bilər. Amma burda yaş faktoruna fikir vermək lazımdır. Uşağın yaşı azdırsa, gizli suisidə meylli deyil. Bu o demək deyil ki, pəncərədən yıxılıbsa, uşaqda gizli suiddir. Gizli suisid daha çox yeniyetmə, yeniyetmə yaş dövründən sonrakı gənc yaş dövrlərində özünü göstərir. Burda çox diqqətli olmaq lazımdır. Biz pasiyentlərlə çalışarkən onlarda gizli suidid meyllərinin olduğunu çox müşahidə edirik. Amma bu uşaqlarda o qədər də geniş yayılmayıb. 10-12 yaş və yuxarı yaşlarda uşaqlarda gizli suisid ola bilər. Amma 7-8 yaşa qədər uşaq öz uşaqlığını yaşayır. Bəli, hər uşaq öz uşaqlığını doyunca yaşaya bilmir. Bu üzdən 7-8 yaş uşaqlarda depressiv hal ola bilər. 6-8 yaşındakı uşaq deyə bilməz ki, “Mən yaşamaq istəmirəm””.
Dediyinə görə, uşaqların izlədiyi cizgi filmləri onların uşaqların psixologiyasına təsir edir: “Bu səbəbdən də uşaqların valideynləri uşaqların hansı cizgi filmlərini izlədiyinə çox diqqət etməlidir. Təkcə ana fədakarlıq göstərməməlidir. Atalar evə yorğun gəlir, anaların da məsuliyyəti çoxdur deyə, bu kimi incə məqamlara o qədər də diqqət edə bilmirlər. Anaların düşüncəsində, fikrində yalnız odur ki, ev işlərim təmiz olsun. Bir az ev işləri görüb mütləq uşağınıza vaxt ayırmalısız. Hər şeydən öndə uşağın sağlam psixologiyası, sağlam mühitdə böyüməsi, ümumiyyətlə, necə formalaşmasıdır. Hər şeydən öndə odur. Valideyn ev işlərinə, təmizliyə çox diqqət ayırıb, “mütləq hər şey öz yerində olmalıdır” deyib bu cür şeylərdə fikrini cəmlədikcə uşağın qabağına mobil telefon, kompüter, televizor qoyur və uşaq nəzarətsiz cizgi filmlərinə, kinolara, qarşına nə çıxdı baxır və orada gördüyü davranışları da öz üzərində təlqin edir. Bu isə ciddi fəsadlara gətirib çıxarır.
Ona görə valideynlərə hər zaman müraciət edib deyirəm ki, ev işləri öz yerində, amma aşırı şəkildə təmizliyə diqqət etməyin, uşağı unutmağınız yanlışdır. Özləri də bunu hiss etmir, uşaqlarını necə unudurlar. Burada söhbət tək anadan getmir, atalar da anaları başa düşüb onlara dəstək olmalı, uşağa diqqət ayırmalıdırlar. Uşağın müəyyən yaş dövrünə qədər mütləq hər iki valideyn ona nəzarət etməlidir. Əks halda, belə fəsadlarla üzləşirlər. Heç bir valideyn uşağın başına pis bir hadisənin gəlməsini istəməz. Uşağa nəsə olduqda valideyn dərin üzüntü keçirir”.
Hüquqşünas Aynur Musayevanın qəzetimizə bildirdiyinə görə, Cinayət Məcəlləsi 125-ci maddəsində özünü öldürmə həddinə çatdırmaya görə, yəni təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırmaya görə cəza nəzərdə tutur: “Valideynlər və ya hər hansı digər şəxslər yalnız həmin cinayətin törədilməsi sübuta yetirildikdə məsuliyyətə cəlb oluna bilərlər. Yəni, hər hansı şəxsin özünü öldürmək həddinə çatdırılması ilə təqsirkar şəxsin hərəkətləri arasında sıx bağlılıq olmalıdır. Valideynlər və ya digər şəxslərin zərərçəkmişlə amansız rəftarı, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə faktları araşdırma zamanı öz əksini tapmalıdır ki, təqsirkar şəxslər məsuliyyətə cəlb olunsunlar”.
Uşaqlarla baş verən bədbəxt hadisələrə gəlincə, Musayeva qeyd edib ki, uşaqla bədbəxt hadisənin baş verməsi mütləq şəkildə valideynin məsuliyyətini nəzərdə tutmur: “Belə ki, valideynlərin hərəkətlərində hər hansı cinayətin tərkib hissəsi olduqda onlar məsuliyyətə cəlb edilə bilərlər. Uşağın həyatdan məhrum edilməsi və ya onun sağlamlığına xəsarətin yetirilməsində valideynin konkret cinayətə münasibətdə müəyyən edilməklə birbaşa (dolayı) qəsdi, cinayətkar etinasızlıq və özünəgüvənmə halları mövcud deyilsə, cinayət məsuliyyətinin yaranması üçün əsaslar olmayacaqdır. Nəzərə alınmalıdır ki, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə həmin şəxs cəzalandırılır. Belə ki, hər hansı bədbəxt hadisə zamanı valideynin uşağa yardım etmək imkanı olduğu halda valideyn köməklik etmədikdə onun cinayət məsuliyyəti üçün əsaslar var”.
Qeyd edək ki, yaxın illərdə ABŞ-da bununla bağlı aparılan tədqiqat zamanı məlum olub ki, hər il 5100 uşaq pəncərədən yıxılır. Pəncərədən yıxılanların 58 faizi oğlanlar, qalanları isə qızlardı. Bu cür hadisələrin daha çox yaz-yay aylarında baş verdiyi də qeydə alınıb. Pəncərədən yıxılanlar əsasən 5-6 yaşa qədər olanlardır. Məhz bu yaşda olan uşaqlar daha ağır xəsarətlər alır və bu faciə ilə bitir.
Ekspertlər məsləhət görür ki, uşaqların təhlükəsizliyi üçün mebel pəncərədən kənarda qoyulmalı, pəncərələr xüsusi açarla bağlanmalı, hava dəyişdirilən zaman pəncərə şaquli istiqamətdə açılmalı və açarla fiksə olunmalıdır, pəncərə aşağısında gül ləkləri və ya kollar əkilməlidir.
Pəncərə qarşısında qoyulan “setka”lar qoruyucu illüziyası yaratsa da, yıxılan uşağı, xüsusilə də, yetkin insanı heç saxlamağa gücü çatmaz. Həm də belə “setka”lar uşaqlarda şüuraltı olaraq qoruyucu baryer illüziyasını yaradır. Əgər otaqda pəncərə açıqdırsa, uşaqları baxımsız qoymaq olmaz. Pəncərələrdə onların tamamilə açılmasına maneə törədən xüsusi quraşdırma duzəltdirin. Pəncərə altında iti obyektlərin olmamasına fikir verin. Yumşaq torpağa, otluğa yıxılan uşaq daha az xəsarət alar.
Ekspertlər onu da qeyd edirlər ki, evlərdə plastik pəncərələrin quraşdırılması da bu cür halların çoxalmasına səbəb olub. Belə ki, uşaqlar plastik pəncərələri çox asanlıqla aça bilir. Biz özümüz uşaq olanda evlərdə ağır taxta pəncərələr vardı, onları böyüklər belə çətinliklə açırdı. Eləcə də, uşaqlara pəncərə altında oynamağa icazə vermək olmaz, uşaq hündürlüyün təhlükəsiz olduğuna alışmamalıdır.
Aynurə MƏMMƏDOVA