donor

Ölümü ilə başqasına həyat verənlər – Azərbaycanda kimlər orqan donoru ola bilməz?

Baxış sayı: 565

Azərbaycanda şəxsin ölümündən sonra orqanlarının transplantasiyası məqsədilə götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtina barədə ərizənin forması təsdiqlənib. Belə ki, şəxs ölümündən sonra donor orqanların transplantasiyasını həyata keçirən tibb müəssisəsi tərəfindən transplantasiya məqsədilə bədənindən aşağıda göstərilən donor orqan(lar)ının götürülməsinə razılaşdığını və razılaşmadığını bildirməlidir: 

– ürək

– ağciyər (ürək-ağciyər kompleksi)

– böyrəklər

– qaraciyər

– mədəaltı vəz

– mədə

– bağırsaqlar

– uşaqlıq

– yuxarı və aşağı ətraflar

– sümüklər

– dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri

– sümük iliyi

– gözün buynuz qişası

– kök hüceyrələri

Səhiyyə Nazirliyinin kollegiyasının qərarı ilə təsdiqlənən ərizə formasında beyin ölümündən sonra əlaqə saxlanılacaq şəxslər də göstərilməlidir.

Qeyd edək ki, meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürülə bilər.

Kimlər orqan donoru ola bilməz? Xəstənin cavan və ya yaşlı olmasının məsələdə əhəmiyyəti varmı?

Bəs islam dini insan orqanı translpantasiyasına necə baxır?

Qeyd etmək yerinə düşər ki, 1971-1972-ci illərdə akademik M.Cavadzadə tərəfindən regionda ilk dəfə böyrək transplantasiyası əməliyyatı Azərbaycanda icra olunub. Bu əməliyyatların bir qismi meyit orqanların hesabına həyata keçirilib. Hazırda bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də orqan çatışmazlığından əziyyət çəkən xəstələrin sayı artır. Ekspertlərə görə, canlı donorların sayı qat-qat azdır. Digər tərəfdən isə, canlı donor olma şansı olmayan xəstələr də var.

Rəşad Mahmudov: Qüdrətimiz qarşısında bütün maneələr kiçik görünür - AZƏRTAC

Rəşad Mahmudov: “2024-cü ildə hələ də ölkəmizdə bunun tətbiq olunmaması…”

Parlamentin Tibb komitəsinin üzvü, cərrah-kardioloq Rəşad Mahmudov mövzu ilə bağlı fikirlərini açıqladı: “Səhiyyə Nazirliyi kollegiyasının qərarı ilə təsdiqlənən ərizə formasının əsasında bu dayanır, insanlar sağlığında, könüllü olaraq icazə verir ki, həyatını itirdikdən sonra onların orqanından başqa insanların sağlamlığı üçün istifadə edilə bilsin. Əlbəttə, ailənin də son razılığı ilə həyata keçirilməlidir. Bununla əlaqədar dünyada müxtəlif təcrübələr var. Ən başda, qardaş Türkiyəni misal göstərmək olar ki, uzun illərdir ki, bu əməliyyatlar həyata keçirilir. İnsanın özü tərəfindən orqanının istifadəsinə icazə verilməsi üçün yetkinlik yaşına çatması lazımdır. Yəni insan bu qərarı vermə gücündə  olmalıdır. Ya da həyatını itirdikdən sonra. Onsuz da vəfat etmiş insanların valideynləri rahat şəkildə yaxınlarının istənilən orqanından istifadəsinə icazə verə bilir. Bəs kimlərin donorundan istifadə oluna bilər, burada meyarlar ölkədən ölkəyə dəyişir. Ortalama olaraq 65 yaşında, bəzi ölkələrdə 55 yaşdan yuxarı şəxslərin orqanından istifadəsinə sərhəd qoyulur. Amma dərindən məsələyə baxdığımız zaman burada donordon istifadə xronoloji yaşa görə deyil, əsasən bioloji yaşa görə müəyyən edilir. İstənilən insan 45 yaşında olsa belə onun orqanından istifadə olunmasına qərar vermədən əvvəl mütləq onun bioloji olaraq həmin orqanın keyfiyyəti ilə bağlı bütün yoxlamalar tamamlandıqdan sonra qərarlar verilir. Yəni icazə verilməsi, o demək deyil ki, istifadə olunacaq. İcazə verilən insanın ancaq orqanları transplantasiya üçün uyğundursa, o zaman istifadəsinə icazə veriləcək”.

Deputat əlavə edir ki, xəstənin cavan yaşda olmasının önəmi var: “Dünyada əvvəllər 55 yaş, indi isə 65 yaşın üzərində orqanların istifadəsinin çox da məqbul olmadığı bildirilir. Amma bu məsələlər individual olaraq xüsusi həkim ekspertlər tərəfindən orqanına görə, toxumasına görə fərqli cür yanaşmalar özündə ehtiva edə bilir. Ümumilikdə onu deyə bilərəm ki, ölkəmizdə həm qanunvericilik nöqteyi nəzərdən məsələlər öz həllini tapdıqdan sonra, həm də bu gün icra strukturlarında da Səhiyyə Nazirliyinin koordinasiya mərkəzi tərəfindən aparılan işlər təqdirəlayiqdir. Amma biz bu işlərin sevincini tam olaraq o zaman yaşayacağıq ki, ölkəmizdə artıq həyatını itirmiş insanlardan orqan transplantasiyası həyata keçirilsin. Hər nə qədər xoş tərəfindən yanaşsaq da, unutmamalıyıq ki, 2024-cü ildə hələ də ölkəmizdə bunun tətbiq olunmaması, qanunvericilik və tibb məsələsindən çox həm də cəmiyyətin buna yanaşması ilə əlaqədardır, burada ciddi problemin olduğu ortaya çıxır. Bu məsələyə bütün aspektlərdən baxdıqda görürük ki, bu ən xeyirxah əməl sayılsa da, hələ də bunun ölkəmizdə olmaması hər birimizi düşündürməlidir. Əminəm ki, bu məsələdə həmrəyliyə nail olacağıq”.

Qiyamət gününün dəqiq tarixi - Allahın yazısını bəndə necə oxuya bilər?

İlahiyyatçı Fərid Abdulla: “Din o zaman yasaq edir ki…”

İlahiyyatçı Fərid Abdulla isə mövzu ilə bağlı dedi ki, bir insan və ya heyvan əzasının başqa bir yerə köçürülməsi ilə bağlı fərqli yanaşmalar var: “Bir var insanın öz əzası olsun, hansısa bir hadisə zamanı qopub, onu birləşdirmək olar. Protezi də insan bədəninə yerləşdirməkdə heç bir yasaq yoxdur. Amma sağ bir insanın öz əzasını başqa birinə köçürməsi məsəsləsində fikirlər haçalanır. Yəni sağlam bir insan öz orqanını başqasına verərək, öz həyatını təhlükəyə atırsa bu qadağandır. Yox əgər insan, misal üçün ciyərinin birini kiməsə verirsə, burada qadağa yoxdur. Amma məsələn, sağlam bir insan ürəyini çıxarıb başqasına verir, özünü ölümə atırsa, buna icazə verilmir. Daha bir sual da, ölü insandan sağ insana əza köçürülməsi ilə bağlıdır. Bu məsələdə alimlər fərqli fikirdədirlər. Bəlkə də böyük əksəriyyəti buna icazə vermir. Amma bir sıra din alimləri buna icazə verir, onlar bunu əsaslandırırlar ki, ölmüş bir kəsin ədəblərinə riayət etməklə əzasını sağlam bir insanın xilası üçün köçürmək yasaq deyil.

Eyni zamanda, kliniki ölümlə bağlı məsələ də var. Ola bilir ki, adamın beyni ölür, bədəni ölmür. Bəs bu necə olsun? Bəs bu insandan donor köçürülməsi necə olmalıdır. Burada da bəzi alimlər qeyd edirlər ki, beyin öldüsə, insanın ölümü hesab olunur. Yəni fikrimi yekunlaşdırsam,  insanın öz əzası qopubsa, onun köçürülməsi yasaq deyil, heyvan donorunun köçürülməsi də yasaq deyil, başqa insanın donor kimi köçürülməsi də yasaq deyil. Yalnız o zaman yasaqdır ki, sağ adamın orqanın köçürdüyü zaman həyatına təhlükə yaranarsa, yaxud şikəst qalarsa, o zaman din buna müsbət yanaşmır. Ölmüş insandan əza köçürülməsi ilə bağlı isə din alimləri arasında fikir ayrılığı var”.

Yada salaq ki, Azərbaycan Respublikası qanunlarına görə insan orqanları alqı-satqı obyekti deyil. Yad insanların bir-birilərinə orqan verməsi qanunla qadağan edilib, yalnız qohumlar öz orqanlarını bağışlaya bilər. 18 yaşdan yuxarı sağlam şəxs canlı donor – öz orqan və (və ya) toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq müraciət edə bilər. Azərbaycanda beyin ölümü keçirən insandan donor kimi istifadə ediləcək. Beyin ölümü, ürək ölümü və ya bioloji ölüm meydana gəlmiş 1 yaşdan yuxarı şəxslərdən orqan götürülərək canlı insana köçürülə bilər.

Hazırkı qanunun 9-cu (Transplantasiya məqsədilə meyitdən orqan və (və ya) toxumaların götürülməsi) maddəsində edilən dəyişikliyə əsasən, şəxs sağlığında meyitinin, orqan və toxumalarının transplantasiya, tədris və elmi məqsədlərlə istfadə edilməsinə yazılı razılığını bildirərsə, ölümündən sonra onun meyiti, orqan və (və ya) toxumaları istifadə oluna bilər. Şəxs sağlığında bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarından hər hansı birinin (həyat yoldaşı, həddi buluğa çatmış övladı, valideyinlərindən biri, qardaş -bacılarından biri), və ya qanuni nümayəndəsinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının transplatasiya, tədris və elmi məqsədlə götürülməsinə yol verilir. Gözün buynuz qişası kimi meyit üzərində dəyişiklik etməyən toxumalar hər hansi bir icazə və vəsiyyət olunmadan da alına bilər.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir