Bu günlərdə Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib və burada anti-inflyasiya tədbirlərinin gücləndirilməsi geniş müzakirə olunub. Müzakirə zamanı qlobal inflyasiyanın qarşısının alınması yollarına, onun işgüzar fəallığa, azərbaycanlıların rifahına və alıcılıq qabiliyyətinə təsirinə də toxunulub.
İqtisadiyyatın canlanması ilə bərabər davam edən istehlak qiymətlərinin artması ciddi ziddiyyətlərə gətirib çıxarır, çünki yalnız milli iqtisadiyyatda dinamik tərəqqinin vasitəçilik etdiyi artım xeyirə işləyə bilər. Əks halda inflyasiya qandallara çevrilir.
İqtisadçıların fikrincə, qiymətlərin sıçrayışı qlobal ərzaq bazarlarında ən güclü bahalaşmanın birbaşa nəticəsidir. Müstəqil analitiklər hesab edirlər ki, ərzaq inflyasiyası ilə bağlı rəsmi statistikanın fevral ayında 2%-i keçdiyi iddia edilən rəqəmlər həddindən artıq aşağı qiymətləndirilib.
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, rəsmi statistika ilə reallıq arasında həmişə ciddi fərq var: “Koronavirus pandemiyası dünyada ərzağın qiymətinin rekord dərəcədə artmasına səbəb olub və idxaldan asılı ərzaq bazarımız buna uyğun reaksiya verib”.
“COVID və dünyanın mərkəzi banklarının görünməmiş güclə işə salınan mətbəələri dünyanın 10 ildən artıqdır görmədiyi bir problemi – ərzaq qiymətlərində kəskin artımı oyandırdı. Əsas ərzaq məhsulları sürətlə bahalaşır və bununla bağlı nəsə etmək lazımdır”, – deyə o bildirib.
İqtisadçı ekspert Pərviz Heydərov da söyləyir ki, bahalaşmanın tətikləyicisi xidmət və ərzaq məhsullarıdır və əsas vəzifə xarici iqtisadi şokların təsirini cilovlamaqdır: “Buna həm iqtisadi həvəsləndirmə siyasətinin genişləndirilməsi, həm də rəqabətədavamlı biznes mühitinin yaradılmasına uyğun olaraq inhisarçılığın aradan qaldırılması və ilkin ərzaq məhsullarının yerli istehsalının inkişafı ilə nail olmaq olar”.
“Qiymətlərin cilovlanması həm də idxalın liberallaşdırılması və ya dolayısı ilə stimullaşdırılması siyasətindən imtinadır. Sərbəst qiymət siyasətinin formalaşmasına mərhələli keçid istiqamətində digər mallar üzrə qiymətlərin tənzimlənməsi proseduru və xüsusiyyətlərinə yenidən baxmaq lazımdır”, – deyə həmsöhbətimiz vurğulayır.
Görünür, koronavirusla bağlı qadağalar başa çatıb, hökumətlər sərt karantinlərdən əl çəkib, hər şey bərpa olunur, bazarlarda gözlənilməz sürüşmə və çökmələr yoxdur, amma vəziyyət bizim gördüyümüz kimidir. Ərzaq, mal və xidmətlərin qiymətləri bütün dünyada sürətlə qalxır. Bu gün əmtəə indeksləri son on ildə ən yüksək səviyyədədir və ötən il, bəlkə də, bizim yaddaşımızda qiymətlərin ən güclü dəyişkənliyi vaxtı kimi qalacaq.
Ciddi qiymət artımı mötəbər beynəlxalq strukturların hesabatlarında da qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ən populyar malların dünya qiymətlərinin aylıq dəyişməsini izləməyə imkan verən orta qiymət indeksi ötən il 125,7 bənd təşkil edib ki, bu da illik müqayisədə 28,1% çoxdur. Mövcud vəziyyətdə effektiv qiymət siyasəti üçün ekspertlər qiymət elastikliyinə və şəffaf rəqabətə nail olmağı, tələb və təklif əsasında qiymətlərin özünütənzimləməsini təklif edirlər.
“Belə yanaşma rəqabəti gücləndirməyə və nəticədə inflyasiyanın qarşısını almağa kömək edəcək”, – deyən iqtisadçı ekspert Eyub Kərimli hesab edir ki, ölkəmizdə inflyasiya təkcə kənardan deyil, bəzən süni şəkildə yaradılır. Bu baxımdan o hesab edir ki, “Haqsız rəqabət haqqında” qanunda düzəlişlər tələb olunur. (“Ayna.az”)