online

Onlayn alış-verişin fəsadları və müştərilərə qurulan tələlər – ARAŞDIRMA

Baxış sayı: 1. 207

Bu yaxınlarda cəmiyyət mühəndislərindən biri müsahibəsində insanların sosiallaşmaq adına həyati əhəmiyyət daşıyan bəzi vərdişlərindən imtina etdiklərini demişdi. Bunlardan biri də alış-veriş vərdişi idi. Belə ki, artıq müasir dünya insanı onlayn bazarlığa önəm verməyə başlayıb. Evindən çıxmadan, internetlə, kompüter arxasında mağazadan geyim, əşya, hətta yemək bazarlığı edir. Məhsulu gözü ilə görmədən, necə deyərlər, toxunmadan, keyfiyyətini yoxlamadan, paltardırsa, əynində necə qaldığını bilmədən, yeyinti məhsuludursa, qoxusunu hiss etmədən… onu almağa çalışır. Bəs görəsən, ölkəmizdə veb-ticarət qanunları necədir, bu işlə məşğul olanlara Vergilər Nazirliyi nəzarət edirmi, yaxud da ki, onlayn alış-veriş zamanı aldanan vətəndaş kimə müraciət etməlidir?

 

Bütün bu suallarımızla hüquqşünas Ramil Süleymanlıya müraciət etdik. Hüquqşünas bildirdi ki, elektron ticarət aparılıdığı zaman iki nüansa diqqət etmək lazımdır. İstənilən halda veb-ticarət vergidən yayına bilməz, belə ki, bununla məşğul olan şəxslər mütləq qayda da vergi ödəyicisi olaraq qeydiyyatdan keçərək VÖEN alırlar. Elektron ticarət haqqında qanun vergilər məcəlləsi, eyni zamanda da mülki məcəllə ilə tənzimlənir. Pərakəndə alqı-satqı ilə məşğul olan insanlara əsasən vergi qanunları tətbiq olunur. Vətəndaş özü sayt açaraq, onun üzərindən ticarətlə məşğuldursa, bu zaman mütləq qaydada vergi ödəyicisi olaraq qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçdikdən sonra əgər onun xidmət göstərdiyi şəxs fiziki şəxsdirsə, bu zaman sadələşmiş vergi ödəyicisi qismində, yəni ki, ümumi dövriyyəsinin 2 faizi miqdarında vergi ödəyicisi olacaq. Hüquqi şəxs olaraq xidmət göstərmiş olduğu zaman, şirkətində 10 nəfərə qədər işçi olarsa və ümumi dövriyyəsi200 min manatdan çox olmadığı təqdirdə mikro-sahibkar kimi nəzərdə tutularaq gəlir vergisi ödəyəcək. Gəlir vergisi ümumi gəlirin bütün xərclər çıxıldıqdan sonra 75 faizi güzəşt olunmaqla, yerdə qalan 20 faizin miqdarındahesablanır. Bu qeyd olunanlar hamısı Azərbaycan Respublikası Vergilər Məcəlləsi ilə tənzimlənir. Digər bir tərəfdən isə, əgər vətəndaş mallarını sayt üzərindən xarici ölkəyə satmış olursa, bu zaman şəxsin ticarət etdiyi müştəri hüquqi və ya fiziki şəxs olub olmadığı mütləq şəkildə araşdırılmalıdır və buna uyğun da vergiyə cəlb olunmalıdır. Vətəndaşların bir çoxu fikirləşir ki, onlar elektron ticarətlə məşğuldurlar və müxtəlif sosial şəbəkələr üzərindən qeydiyyatdan keçmədən öz məhsulunu sata bilərlər. Bu zaman vergiyə cəlb olunmayacaqlarını fikirləşirlər. Nəzərinizə çatdırım ki, istənilən halda vətəndaşlar vergi ödəyicisi olaraq qeydiyyatdan keçməlidirlər və nəticə etibarilə əgər hər hansı bir əməliyyat zamanı vətəndaşın VÖEN açdırmadan, dövriyyə göstərilmədən məhsulunu sataraq vergidən yayınırsa, bu zaman vergi məcəlləsinin 58-ci maddəsi ilə nəzərdə tutulan qaydalarla barəsində inzibati protokol hazırlanmaqla vergi orqanı tərəfindən qərar qəbul olunur. Qeydiyyata durmadan fəaliyyət göstərmənin və bəyannamə verməməyin cəriməsi 40 AZN miqdarındadır. Qaydalar ciddi şəkildə pozularsa, vətəndaş vergi orqanı əməkdaşı tərəfindən müvafiq sənədlər toplanaraq məhkəməyə də verilə bilər. İkinci məsələ isə, əgər vətəndaş elektron hesablar üzərindən hər hansı bir mal sifariş etdiyi zaman mütləq şəkildə həmin malı təhvil alan zaman, elə məhsullar var ki, təhvil təslim zamanı məhsul yerindəcə yoxlanıla bilər, amma elə məhsullar da var ki, onlar etiketləri pozulmadan 14 gün müddətində geri qaytara bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində alınan malların 14 gün müddətində istehlakçı tərəfindən geri qaytarıla bilməsi qeyd olunub. Hər hansı bir texniki avadanlıq alınan zaman da əşyanın həmin andamümkün deyilsə, bu zaman malda deffekt aşkarlanarsa vətəndaşın məhsulu geri qaytarmaq hüququ var. Əgər məhsulu geri qaytara bilməsə, elektron ticarətin hansı şəkildə həyata keçirildiyi barədə sənəd təqdim etməklə ilkin növbədə Vergilər Nazirliyinə müraciət etməlidir. Həmçinin də vətəndaş hüquq-mühafizə orqanlarına və iqtisadiyyat nazirliyində istehlakçıların hüquqlarının müdafiəsi orqanına müraciət etməklə şəxs özünün saxta mal alması ilə bağlı tələblərini bildirərək pozulmuş hüquqlarının bərpasına nail ola bilər.

Ümulikdə isə vətəndaşlar aldanmamaq üçün diqqətli olmalıdırlar. Veb alış-veriş zamanı ödəniş iki şəkildə, qapıda nəğd ödəniş, yaxud da bank hesabları üzərindən ödənilir. Bu zaman da diqqətli olmaq lazımdır, bank üzərindən aparılan ödəmələr zamanı ödənişi təsdiq edən elektron qaiməni özündə saxlasın. Qapıda nəğd ödəmə zamanı isə mütləq çek tələb etməlidir ki, səhəri gün satıcın məhsulun onlara məxsus olduğundan imtina etdiyi zaman məhkəmədə əsaslı sübut kimi istifadə edə bilsin.

Ekspert Osman Gündüz isə bildirir ki, Azərbaycanda elektron ticarətin vəziyyətini qənaətbəxş hesab etmək olmaz. Ekspert həmçinin veb-ticarətin ölkəmizdə daha da təkmilləşdirilərək dövriyyənin artırılmasına kifayət qədər imkanların olduğunu da bildirib: “Əvvəlki illərlə müqayisədə dinamika var, dövriyyədə, kart vasitəsi ilə ödənişlərin artımında və sair. Amma həm qonşu ölkələrlə, həm də ki, ölkəmizin potensialı ilə real nəticəni müqayisə etdikdə bu vəziyyətlə razılaşmaq olmaz. Azərbaycanın bu sahədə inkşaf etməsi üçün potensialı kifayət qədərdir, lakin rəqəm bir neçə yüz milyondur. Elektron ticarətin dövriyyəsi demək olar ki, 100-200 milyon civarında, lakin qonşu ölkələrdə bu rəqəmlər milyardlarla ölçülür. Burada ciddi problemlərin nə ilə bağlı olduğu aşkar edilməlidir, ümumiyyətlə isə iqtisadi mühitin özünü imkan daxilində liberallaşdırmaq lazımdır. Mentalitetlə bağlı problemlər də var, maarifləndirmə işləri gücləndirilməlidir. Sonrakı mərhələdə isə sahibkarlarla ciddi işlər aparılmalıdır. Onlara yetəri qədər köməkliklər göstərilib, güzəştlər verilməlidir ki, onlar gəlib qeydiyyatdan keçərək sərbəst fəaliyyət göstərə bilsinlər”. (“Xeberle.com”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir