ISSIZ

“Onsuz da xeyri yoxdur” deyə evimizi yıxırıq”

Baxış sayı: 626
Bayram günlərini kimi bayram edərkən, kimi də iş başında, adi günlərdən də ağır iş rejimində işləyərək keçirir. Buna xidmət sektorunda, qida istehsalı müəssisələrində və s. işləyənlər aiddir. Onlar arasında bəziləri bilsə də, lakin xəbərsiz olanları var ki, bayram günlərində, ümumiyyətlə, iş saatından artıq işlədikləri halda bu, əmək haqqında nəzərə alınmalıdır. Lakin bilənlər də özlərini bilməmiş kimi aparır və ya özlərini buna məcbur hiss edirlər.Səbəb də etiraz edəcəkləri halda işdən azad edilmə və ya iş yerində təzyiqə məruz qalmaları barədə qorxulardır. İşinin əlindən çıxacağından qorxan, ehtiyat edənlər bayram günlərində də, iş saatından artıq işləməyə də göz yummaqdan başqa çarə görmürlər.Həmsöhbətimiz hüquqşünas Azər Quliyev isə deyir ki, öz hüquqlarının pozulmasına göz yuman işçinin haqlarını özü istəmədiyi təqdirdə heç kəs qoruya bilməz. Bu halda həmin şəxsin hüquqları hələ uzun müddət də tapdanmağa davam edəcək. Bunun üçün işçilər gərək hüquqlarını yaxşı bilsinlər, prinsipial davransınlar. Beləliklə:

– Azər bəy, bayram günlərində işçilərin işə çıxarılması qanunla necə tənzimlənir?

– Əmək Məcəlləsinin 164-cü maddəsində qeyd olunur ki, işçi bayram, istirahət və digər qeyri-iş günlərində işə çıxarsa, əmək haqqı ikiqat ödənilir. 165-ci maddəyə əsasən də işçi gündəlik normadan artıq işləyirsə, hər saatının haqqı ikiqat ödənilir.

– Bu, bütün işçilərə şamil edilir, yoxsa istisnalar var?

– Bu, dövlət işində, özəl sahədə, təsərrüfat hesablı müəssisələrdə, fərdi qaydada işləyənlərə (evlərdə işləyənlər, sürücülər və s.) də aiddir. Hamısı Əmək Məcəlləsi ilə tənzimlənir. Lakin xüsusi sahələr var ki, onlarda da xüsusi qanunla tənzimləndiyində onlara da şamil olunur. Elə sahələr var ki, orada növbəli işdir. Onlarda iş rejiminin cəmlənmiş uçotu var. İşçi həmin cəmlənmiş iş saatından artıq işlədiyi təqdirdə ona da ikiqat ödəniş edilməlidir. Növbə üsulu ilə işləyənlərin növbəsi şənbə, bazar gününə düşürsə, bu, istirahət günü işə çıxmaq sayılmır. Lakin bayram günlərinə düşürsə, əmək haqqı ikiqat ödənilməlidir.

– Bu qaydalar əmək müqaviləsində standart olaraq qeyd edilir, yoxsa işəgötürən hansısa dəyişiklik edə bilər?

– Əmək Məcəlləsində əmək müqaviləsinin nümunəvi forması var. Əmək Məcəlləsinə görə, işəgötürənlə işçi razılaşdığı təqdirdə həmin nümunəvi formanın (məcburi punktlar – ad, soyad, ata adı, ünvan və s. istisna olmaqla) məzmunu yalnız bir şərtlə – işçinin Əmək Məcəlləsində göstərilən hüquq və təminatlarının səviyyəsi azaldılmamaq şərti ilə dəyişdirilə bilər. Məsələn, işçinin 30 günlük məzuniyyət hüququ var. İşəgötürən bunu 28 günlə əvəzləyə bilməz. Təcrübəmdə elə müqavilələrə rast gəlmişəm, məsələn, qeyd olunub ki, işçiyə bayramla bağlı istirahət günündə işlədiyi halda əmək haqqını bir qat yarım ödəyirəm. Bu, yolverilməzdir. Çünki işçinin hüquqları Əmək Məcəlləsində göstəriləndən aşağıdır. Onu qeyd edim ki, mülki müqavilə ilə işləyənlər var. Onların hüquqları Mülki Məcəllə ilə qorunur.

– Bayram günlərində xidmət sektorunda fəaliyyət göstərən və əmək müqaviləsi ilə işləyən şəxslər var ki, onlar siz əvvəldə qeyd etdiyiniz kimi buna görə ikiqat maaş almadıqlarını bildirirlər. Həm bayram günlərində istirahət edə bilmədiklərindən, həm də maaşda fərqin olmamasından şikayətçidirlər...

– Bəli, bu cür hallara yol verilən müəssisələr hələ də var. Buna nəzarət etmək Dövlət Əmək Müfəttişliyi Xidmətinin işidir. Bizə də bu cür şikayətlərlə zənglər olur. Şikayət edirlər, amma deyirlər ki, adımı çəkmə. Bu halda biz işçini necə müdafiə edək? İşçi müqavilə bağlayanda baxmalıdır. Bilməlidir ki, hətta əmək müqaviləsində bayram günü işlədiyinə görə ikiqat əmək haqqı almalı olduğu yazılmasa da, işçinin haqqı var ki, Əmək Məcəlləsi ilə haqqını tələb etsin. Amma bizdə işçilər haqlarını müdafiə etməkdən çəkinirlər. Əgər işçilərin 70%-i öz haqlarını tələb etsəydi, işəgötürənlər də belə etməzdilər. İşəgötürənlər bu tələbsizlikdən ürəklənirlər.

– İşçi öz hüquqlarının pozulduğunu bildiyində hansı addımı atmalıdır?

– Əgər işdən çıxarıbsa, bir ay müddətində, pul tələbi ilə əlaqədar olduqda isə bildiyi andan bir il müddətində məhkəməyə müraciət edə bilər. İstənilən vaxt da Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilər. Əslində Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirməkdir. Onlar gedib yoxlamalı, qeyd etdiyimiz və digər məsələlərdə işçilərin hüquqları pozulursa, inzibati xətalarla cərimə yaza, işçinin hüququnu bərpa edə, məcburi göstəriş verə bilər. Bu məsələlərdə işçilərin özlərində də maraq olmalıdır. “Onsuz da xeyri yoxdur” deyərək evimizi yıxırıq. Prinsipial olmaq, öz haqlarını tələb etmək lazımdır.

 

Aləmdə Nəsib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir