balli qayganaq

Ordubadın ləzzətli ənənəsi: xoşbəxtlik gətirən ballı qayğanaq

Baxış sayı: 767

Dağlıq ərazi olan Naxçıvan gözəl mənzərəli diyardır. Bu mənzərəni daha da cəlbedici edən onun şəhərlərinin və milli mətbəxinin qədim tarixidir.

Naxçıvan mətbəxi qədim reseptləri ilə zəngindir. Sanki bol günəşin zərrəcikləri və dağların məstedici ətri buranın yeməklərinin reseptlərinə hopub. Kulinar yeniliklər nə qədər çox olsa da, Naxçıvan mətbəxi öz təbiiliyini qoruyub və insanların həyat tərzinin vazkeçilməz ünsürünə çevrilib.

Burada qonaqları sadə, lakin dadlı xörəklərlə bolluca qonaq etməyi çox sevirlər. Naxçıvanlı aşpazlar bir-birinə uyğunsuz kimi görünən məhsulları bir araya gətirməyi yaxşı bacarırlar. Yekunda isə çox ləziz yemək alınır! Buna misal kimi Ordubadın ballı qayğanağını göstərmək olar. Əgər bu misilsiz qayğanaq barədə heç nə eşitməmisinizsə, məftunedici tamı olan yeməyin reseptini paylaşmaqla səhvinizi düzəltməyə kömək edərik.

 

Ballı qayğanaq?!

İştaha açan ballı omlet yerli ənənələri özündə təcəssüm etdirən yeməkdir. Ballı qayğanağı dahiyanə icad da hesab etmək olar. Çünki kənardan yığcam və sadə görünən qayğanağın dadına baxanda yumşaq və zərif ləzzət hiss edirsən. Omleti Naxçıvan Muxtar Respublikasının kiçik cənub şəhəri olan Ordubadda hazırlayırlar. Bu şəhərin sakinləri dadlı yeməkləri çox sevirlər. Ordubadın ənənəvi ballı qayğanağı Azərbaycan mətbəxini dünya mətbəxləri arasında unikal edən yeməklərdən biridir. Onun resepti ailələrdə miras yolu ilə, yəni anadan qıza ötürülür. Bu yeməyin hazırlanma prosesi isə bir növ öz incəlikləri olan ayrıca mərasimi xatırladır. Omletin əsas xüsusiyyəti onun müxtəlif məhsulları bir araya gətirə bilməsindədir. Belə ki, həmin məhsullar qayğanaqda bir-birini ideal şəkildə tamamlayır. Yumurta, yağ və bal müxtəlif yeməklərin tərkibində tez-tez rastlanan və bir-birinə uyğun gələn məhsullardır. Ordubad yeməyi də bu baxımdan istisna təşkil etmir və həmin məhsullar qayğanağın əsas inqredientləridir. Onların sadə şəkildə birləşməsi omletə unudulmaz dad verir. Ballı qayğanağın piroqa oxşadığını da qeyd etmək lazımdır.

 

Dadlı ənənənin ardınca səyahət

Bu dəfə sizinlə birlikdə heyrətamiz dad aləminə səyahayət edəcəyik. Ballı qayğanaq barədə hər şeyi olmasa da, ona dair çoxlu və maraqlı məlumatlar öyrənəcəksiniz. Ballı omletin dünyada tayı-bərabəri yoxdur. Ordubadda bütün mühüm ailə tədbirləri onsuz ötüşmür. Ballı qayğanağı toyun sabahısı, uşağın anadan olduğu gün və digər əlamətdar hadisələr zamanı hazırlayırlar. Ən yaxşısı Naxçıvandakı şənliklərin birində, yaxud da yaxın dostlarınızla birlikdə stol arxasında deyib-gülərək Ordubad qayğanağının dadına baxmaqdır.  Qayğanağın dadına baxanda təəccübünüzü gizlədə bilməyəcəksiniz, çünki yeməyin yüngül şirinliyi və ağlı başdan alan yumşaqlığı bir dəqiqəliyinə də olsa sizi başqa bir dad aləminə aparacaq. Şirin-ballı qayğanaq ağızda əriyir. Əsas odur ki, bu ləzzət qarşısında özün “əriməyəsən” və öz dilimini yeyib qurtara biləsən. Yağ və balın bol hopduğu omlet o qədər ləziz alınır ki, hətta onun kiçik bir dilimi belə, ac insanı doyurur. Buna görə də ballı qayğanağı yeməzdən əvvəl iştahanızı artırın.

Cəlbedici ənənə Ordubadda belə bir gözəl adət var: toydan sonrakı ikinci gün gəlin tərəfinin adamlarını ərin evinə dəvət edirlər. Qız evinin qadınları ballı qayğanaq hazırlayırlar və onunla bütün qohumları və yığışanları qonaq edirlər. Bu adət şirin ailə həyatını təcəssüm etdirir. Bu cür ailədə ər-arvad xoşbəxt yaşayır, onların gözəl və bal kimi şirin həyatı olur. Belə ailələrdə hər bir xırdalığın təkrarolunmaz dəyər qazandığı Şərqin cəzbedici cizgisi var.
Ballı omletin hazırlanma qaydası

Ordubad qayğanağını hazırlamaq elə də çətin deyil. Əsas odur ki, lazımı temperaturu saxlayasan və omleti vaxtında çevirəsən. O zaman içi havalı, üzəri isə ləziz və qızılı rəngdli pərdə ilə örtülmüş ballı yemək alınacaq.

 

Yağı iki qazanda əritmək lazımdır.

Yumurta çalınaraq bir qazançaya tökülür, omlet şişəndən sonra onun üzərinə digər qazandakı yağ əlavə edilir

Yağı canına çəkməsi üçün omletdə oxlovla dəlik açılır. O bir az qatılaşanda isə çevrilir. Omlet tam hazır olanadək onu iki-üç dəfə çevirmək və üzərinə yağ əlavə etmək lazımdır. Ardından baldan şərbət hazırlanır. Şərbətə bir çimdik zəfəran əlavə edilir. Hazır omlet-piroqu boşqaba qoyulur və üzərinə soyuq bal şərbəti tökülür. Omleti çayla verirlər.

Bal omleti hazırlanarkən ən əsası qiymətli dəqiqələri əldən verməməkdir. Ballı qayğanaq ordubadlı ailələr üçün əlamətdar yeməkdir, ailələrdə onu hazırlamaq bacarığı anadan qıza ötürülür. Ordubad qonaqları açıq qucaqla qarşılayır.

Resept:

Ordubad qayğanağını 10 nəfər üçün hazırlayarkən tələb olunanlar:

2 kq ərinmiş yağ
12-18 ədəd yumurta
1 litr bal
1 çimdik duz
1 çimdik zəfəran
Yarım xörək qaşığı un
0,5-1 stəkan su
Omleti vaxtında çevirməkdə zərgərlik dəqiqliyi
Resept 10 porsiya üçün nəzərdə tutulub, təkcə özünüz üçün isə daha az sayda məhsulla hazırlaya bilərsiniz.

Əsas tövsiyəmiz Naxçıvan diyarına getməyinizdir. Ordubada baş çəkin və şirəli Ordubad qayğanağının dadına şəxsən özünüz baxın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir