Nermine Abbasova

Orqanizmdə vitamin çatışmazlığı bu problemləri yaradır

Baxış sayı: 564

“Orqanizmdə uzun müddətli yorğunluq, zehnin bulanıqlığı və fiziki koordinasya pozuqluğu hiss edilməsi B1 vitamini çatışmazlığına işarədir”.

Bunu “Gencaile.az” saytına Maqni çatışmazlığından danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova deyir. Həkimin sözlərinə görə, orqanizmdə vitamin çatışmazlığı səbəbindən bir çox problemlər yaranır.

Nərminə xanım qeyd edib ki, vitamin çatışmazlığının müxtəlif əlamətləri var. Bunlar görmə problemləri, uzunmüddətli yorğunluq, dil və dəridə çatlar, qanazlığı, zehni yorğunluq, dəridə asanlıqla yaranan qaralmalar, sümük ağrıları, əzələ itkisi, həddindən artıq qanamalar, cansız dırnaq və saçlarda özünü göstərir.

Həkim-terapevt bildirdi ki, görmə problemlərinin yaşanması orqanizmdə A vitamini çatışmazlığına işarə ola bilər:

“A vitamini normal və gecə görmədə dəstək verən bir vitamin növüdür. A vitamini çatışmadıqda gözdə kseroftalmi, yəni göz ağı və kormea parlaqlığını itirərək gecə korluğu kimi problemlər ortaya çıxarır.

Orqanizmdə uzun müddətli yorğunluq, zehnin bulanıqlığı və fiziki koordinasya pozuqluğu hiss edilməsi isə B1 vitamini çatışmazlığına işarədir. B1, xüsusilə, beynin enerji istehsalı üçün lazımlı bir vitamindir”.

Həkim deyir ki, bəzi dəri xəstəlikləri və sinir sistemi pozuntuları B6 vitamini çatışmazlığından qaynaqlanır:

“Xüsusilə dodaq və dil çatlaması kimi əlamətlər orqanizmdə B6 vitamini çatışmazlığına işarə edə bilir. Bu vitamin çatışmadıqda hüceyrə yenilənməsi yavaşlayır və iltihablanma kimi dəri problemləri olur.

Qanazlığına gəlincə, bu, bəzən vitamin çatışmazlığının bir işarəsi ola bilər. Fol turşusu B vitamini ailəsinin bir üzvüdür. Fol, ya da B9 vitamini olaraq bilinir. B9 vitamini çatışmazlığı qan azlığının yaranmasına yol açan bir səbəbdir. DNT sintezi və hüceyrə bölünməsi zamanı əhəmiyyəti olan vitamin növüdür”.

 

Zehni yorğunluq və dəridə asanlıqla yaranan qaralmalardan da bəhs edən N.Abbasova vurğuladı ki, uzunmüddətli yaşanan zehni yorğunluq B12 vitamini çatışmazlığına işarə edir:

“B12 vitamin çatışmazlığı zehni fəaliyyətə təsir edən bir vəziyyətdir. Zehni yorğunluq zamanla intellektual bacarıqların da yavaşlamasına yol açır. Əgər şəxsin uzun müddətdir unutqanlıq, hafizə itkisi kimi problemləri varsa, mütləq qanda B12 vitamininin səviyyəsi yoxlanılmalıdır.

Bədəndə asanlıqla qaralmaların yaranması, ya da dəridə qırmızı-mavi rəngdə ləkələrin və nöqtələrin görülməsi C vitamini çatışmazlığını göstərir. C vitamini çatışmazlığı bədəndə müxtəlif toxumaların zərər görməsinə səbəb ola bilər”.

Həkim əlavə etdi ki, orqanizmdə D vitamini çatışmazlığı özünü sümük ağrısı, sümük əriməsi olaraq göstərə bilər. Onun sözlərinə görə, çatışmazlıq nəticəsində yaranan sümük ağrıları bütün orqanizmdə hiss edilir. Bu ağrılara zamanla halsızlıq da qatılır:

“Əzələlərdə yaranan zəiflik və gücsüzlük E vitamini çatışmazlığından qaynaqlana bilər. E vitamini çatışmazlığı əzələlərdə zamanla zəifləməyə yol aça bilir.

Orqanizmdə meydana gələn həddindən artıq qanamalar isə K vitamini çatışmazlığından yaranır. Menstruasiya qanamalarının uzun sürməsi, səbəbsiz yerə diş əti və burun qanamalarının yaranması, sidikdə qan görülməsi K vitamini çatışmazlığına işarədir”.

Nərminə xanım onu da qeyd etdi ki, saç və dırnaq bölgələrində yaşanan problemlər H vitamini, digər adı ilə biotin, ya da B7 vitamini çatışmazlığına işarə edə bilər. Saçlarda kəpəklənmə, tökülmə, cansızlıq, qırılmalar olur. Dırnaqlarda tez qırılma, yumşalma, ağ ləkələr və yavaş uzanma kimi əlamətlər ortaya çıxır.

 

Hamilə qadınlarda maqnezium çatışmazlığı
zamanı qıcolmalar və tiklər

Nərminə xanım hamilə qadınlarda maqnezium çatışmazlığından da danışdı. Bildirdiki, baldır, boyun, çiyin və ya bel əzələlərinin qıcolmaları maqnezium çatışmazlığının əsas simptomlarından biridir:

 

“Əksər hallarda hamilə qadınlar yalnız gecə qıcolmaları baş verdikdən sonra maqnezium çatışmazlığından xəbər tutur. Göz tikləri, həmçinin, maqnezium çatışmazlığının ilkin əlamətlərindən biridir”.

Həkim-terapevt vurğuladı ki, Maqnezium orqanizmdə istehsal olunmur:

“Maqnezium qida və ya vitamin-mineral komplekslər ilə orqanizmə daxil olaraq mənimsənilir. Qoz, badam və həmçinin, kəpək və lobya maqnezium ilə ən zəngin qida məhsulları hesab edilir. Lakin, onu da nəzərə almaq lazımdırki, əksər kənd təsərrüfatı bitkiləri gübrənin istifadəsi ilə becərilir və nəticədə qida məhsullarının tərkibində maqneziumun miqdarı azalır.

Həmçinin, məhsulların emalı zamanı onların tərkibindəki maqneziumun səviyyəsi nəzərəçarpan dərəcədə azalır. Məsələn, taxılın una, çörəyə və makaron məmulatlarına emalı zamanı 80-95% maqnezium itirilir, qarğıdalı konservləşdirmə zamanı 60% maqnezium itirir, qarğıdalı unu isə -71%. Hamilə qadının maqneziumun gündəlik normasını (400 mq) təmin etmək üçün 287 qr cilalanmamış (quru), 703 qr isə cilalanmış düyünün istifadəsi gərəkdir. Nəticədə hamilə qadının orqanizminin maqneziuma olan tələbatı maqneziumun qida ilə daxil olunması ilə müqayisədə daha yüksək olur və gələcək ananın orqanizm tərəfindən yaxşı mənimsənilən əlavə maqnezium mənbəyinə ehtiyacı yaranır.

Maqneziumun yüksək mənimsənilən orqanik duzu ilə pridoksinin (В6) kombinasiyası qeyd olunan problemin həlli olaraq meydana çıxdığını deyən N.Abbasova qeyd etdi ki, Maqneziumun orqanizmdə saxlanılması üçün müəyyən “fiksator” lazımdır ki, o da В6 vitamini (piridoksin) ola bilər:

“В6 suda həll olunan vitaminlərə aiddir ki, onlar da yağda həll olunan vitaminlərdən fərqli olaraq orqanizmdə toplanmır

Müntəzəm sağlam qidalanma orqanizmdə maqneziumun səviyyəsinin saxlanılmasını təmin edir.

Lakin, çatışmazlığı aradan qaldırmaq üçün həkimin məsləhəti ilə maqnezium tərkibli preparatın qəbulu mütləqdir.

Maqnezium preparatı stressin fiziki və, həmçinin, emosional təzahürlərini aradan qaldıraraq Sizi, yaxınlarınız ilə daha da yaxınlaşdırır. Maqneziumun qəbulu iş qabiliyyətini yaxşılaşdıraraq sevimli işdən həzz almağa və qoyulan məqsədlərə çatmağa imkan yaradır”.

İnsan orqanizmində maqnezium çatışmazlığının ƏLAMƏTLƏRİ

Nərminə xanım deyir ki, müasir həyatda insanların əsas problemlərindən biri maqnezium çatışmazlığıdır. Maqnezium hər orqan üçün olduqca vacib bir elementdir:

“Müasir insanın gərgin həyat tərzi demək olar ki, orqanizmdən bütün lazım olan “şirəni” çəkib, mineral və vitamin çatışmazlığı yaradır. Belə vəziyyətdə, orqanizm özünü qorumaq üçün “qara gün” ə saxladığı ehtiyatda olan vitaminləri sovuraraq, çatışmazlıq yaradır. Müasir insan maqneziumu lazım olacaq miqdarda qəbul etmir, bu da bir çox xəstəliklərin yaranmasına səbəb olur”.

Həkim sonda maqnezium çatışmazlığının əlamətlərini sadaladı. Bildirdi ki, əgər orqanizmdə bu mineral çatmasa:

-Hipertoniya;

– Diabet, hipoqlikemiya;

-Qan qatılaşır;

-Ayaq əzələlərinin uyuşması;

-Miqrenin yaranması;

-Depresiya, narahatlıq yaranması;

-Ürək-damar çatışmamazlığı;

-Xroniki yorğunluq;

-Yuxusuzluq;

-Şirniyyata meylliliyin artması;

“Bundan başqa əsrin dəhşətli xəstəliklərindən biri Altsheymer və Parkinson xəstəliklərinin də təməli  beyində maqnezium çatışmazlığı ilə bağlıdır”-deyə Nərminə xanım vurğuladı. Bildirdi ki, bunlardan qorunmaq üçün mütləq öz rasionunuza maqneziumla zəngin olan qidaları daxil etməlisiniz.

Bu qidalar aşağıdakılardır:

-Yaşıl rəngli tərəvəz və göyərtilər (İspanaq, kahı, kələm, avakado);

-Balıq və digər dəniz məhsulları;

-Paxlalı  və dənli bitkilər, qoz-fındıq;

-Qara şokolad;

-Günəbaxan tumu, küncüt;

“Bundan əlavə keyfiyyətli maqnezium əlavələrindən yeməklərinizdə istifadə edə bilərsiniz”-deyə, həkim vurğulayır.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir