Nermine Abbasova

Orqanizmin detoksifikasiyası haqqında elmi yanaşma

Baxış sayı: 437

Son illərdə “detoks” və “bədəni təmizləmək” anlayışları həm sosial mediada, həm də qeyri-peşəkar səhifələrdə tez-tez qarşılaşılan mövzulara çevrilib. Limonlu su, müxtəlif şirə kürləri, çay detoksləri və ya ekstremal pəhrizlər təklif edilir. Lakin bu məsələyə tibbi və elmi baxımdan yanaşmaq, orqanizmin detoksifikasiya proseslərini düzgün anlamaq olduqca vacibdir.

 

Detoksifikasiya nədir?

Detoksifikasiya – orqanizmdə yaranan və ya xaricdən daxil olan zərərli maddələrin (toksinlərin) orqanizmdən neytrallaşdırılması və xaric edilməsi prosesidir. Bu, bədənin öz təbii funksiyalarından biridir və əsasən aşağıdakı orqan və sistemlər vasitəsilə həyata keçirilir:

Qaraciyər əsas detoksifikasiya orqanıdır. Kimyəvi maddələri parçalayır və zərərsizləşdirir.

Böyrəklər qanı süzərək artıq məhsulları və toksinləri sidiklə xaric edir.

Bağırsaqlar qida tullantılarını və bəzən toksinləri nəcis vasitəsilə xaric edir.

Dəri və tənəffüs sistemi tər və nəfəs vasitəsilə bəzi uçucu maddələri çıxarır.

 

Bədən özünü niyə təmizləyir?

Bədən daim:

Maddələr mübadiləsi nəticəsində yaranan tullantıları (məsələn, ammonyak, sidik cövhəri),

Ətraf mühitdən alınan toksinləri (məsələn, ağır metallar, pestisidlər),

Dərmanların parçalanma məhsullarını neytrallaşdırır və xaric edir. Bu funksiyalar sağlam bədən üçün avtomatik və fasiləsiz şəkildə baş verir.

 

“Detoks” adı ilə təqdim olunan metodlar – Elmi baxış

1) Şirə detoksləri və ya mono-pəhrizlər

Bu cür pəhrizlər qısa müddət ərzində çəki itkisinə səbəb olsa da, uzunmüddətli faydaları elmi cəhətdən sübut olunmayıb. Zülal, yağ və lif çatışmazlığına, qan şəkərinin oynaq vəziyyətinə və əzələ itkisinə səbəb ola bilər.

 

2) Bağırsaq təmizləmələri (klizma, xüsusi çaylar və s.)

Normada bağırsaqlar öz funksiyasını təbii şəkildə yerinə yetirir. Bu cür müdaxilələr bağırsaq mikroflorasını poza və elektrolit balansını dəyişə bilər.

 

3) Detoks çayları və əlavələr

Bu məhsulların bir çoxu reklamlarla populyarlaşdırılsa da, əksəriyyətinin arxasında ciddi elmi araşdırma yoxdur. Bəziləri qaraciyər və böyrək funksiyalarına hətta mənfi təsir göstərə bilər.

 

Təbii və elmi cəhətdən doğru yanaşmalar

Əslində bədənin detoksifikasiyasını dəstəkləmək üçün ayrıca “detoks” etməyə ehtiyac yoxdur. Aşağıdakı sadə, lakin elmi əsaslı üsullar kifayət edir:

1) Balanslı və təbii qidalanma

Zərərli yağlardan, əlavə şəkər və emal olunmuş qidalardan uzaq durmaq

Antioksidantlarla zəngin tərəvəz və meyvələr (xüsusilə C və E vitamini, flavonoidlər)

Kifayət qədər lif qəbulu – bağırsaq funksiyalarının normallaşması üçün

 

2) Kifayət qədər su içmək

Su, böyrəklər və digər orqanlar vasitəsilə tullantıların xaric edilməsində əsas rol oynayır. Gündə 1.5–2.5 litr arasında su qəbulu tövsiyə edilir (fərdi olaraq dəyişə bilər).

 

3) Fiziki aktivlik

Hərəkətlilik qan dövranını artırır, tər vasitəsilə bəzi toksinlərin çıxarılmasına şərait yaradır və maddələr mübadiləsini sürətləndirir.

 

4) Yuxu və istirahət

Yuxu zamanı bədəndə hüceyrələrin regenerasiyası baş verir. Elmi tədqiqatlar göstərir ki, beyin toksinləri (məsələn, beta-amiloid) əsasən yuxuda təmizlənir.

 

5) Spirt və siqaretdən uzaq durmaq

Bu maddələr qaraciyərə əlavə yük gətirir və detoksifikasiya sistemini zəiflədir.

 

Orqanizmə “detoks” etmək üçün xüsusi və kəskin üsullara ehtiyac yoxdur. Əsas məqsəd – orqanizmin öz təmizləmə sistemlərini qorumaq və dəstəkləməkdir. Bunu isə yalnız balanslı həyat tərzi, düzgün qidalanma və tibbi nəzarətlə həyata keçirmək mümkündür.

 

Nərminə Abbasova

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi

 

Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir