Xuraman Memmedova

Orta məktəbdə müəllim-şagird münasibətləri

Baxış sayı: 563

Orta məktəb yalnız bilik ötürülən məkan deyil. Orta məktəb insanın şəxsiyyət kimi formalaşdığı, özünə və dünyaya dair ilkin mövqelərini qurduğu ən həssas dövrdür. Bu dövrdə müəllim sadəcə fənn tədris edən şəxs yox, çox zaman valideyndən sonra uşağın həyatında ən güclü psixoloji fiqura çevrilir. Onun bir baxışı, bir cümləsi, bəzən isə susqunluğu belə uşağın daxili dünyasında illərlə qalacaq izlər buraxa bilir.

Məqaləmdə orta məktəbdə müəllimlərin uşaqlarla davranışının şagirdlərin psixologiyasına təsirini, həmçinin müəllimlərin öz daxili psixoloji vəziyyətlərinin bu münasibətə necə sirayət etməsini bir psixoloq olaraq öz təcrübəm əsasında analiz edəcəyəm.

 

Müəllim davranışı və uşağın daxili aləmi

Psixoloq olaraq deyə bilərəm ki, orta məktəb yaxşı şəxsiyyətin əsas sxemlərinin formalaşdığı kritik mərhələdir. Bu dövrdə uşaq özünü necə görəcəyini, başqaları ilə münasibətdə hansı mövqeni tutacağını və dünyanı təhlükəsiz, yoxsa təhdidedici bir yer kimi qavrayacağını müəyyənləşdirir. Müəllim bu sxemlərin formalaşmasında əsas fiqurlardan biridir.

Dəstəkləyici müəllim uşağın daxilində təhlükəsiz bağlanma hissi yaradır. Uşaq müəllimi emosional olaraq əlçatan və sabit bir fiqur kimi qavradıqda, onun sinir sistemi sakitləşir, öyrənmə üçün lazım olan diqqət və maraq aktivləşir. Bu cür münasibətdə səhv etmək utanc deyil, inkişaf mərhələsi kimi qəbul olunur.

Əksinə, tənqidçi, alçaldıcı və ya qeyri-sabit müəllim uşağın xroniki stress reaksiyasını aktivləşdirir. Belə uşaqlarda ya hiperhəyəcan (narahatlıq, aqressiya), ya da donma reaksiyası (passivlik, susqunluq) müşahidə olunur. Psixologiyada  bu  vəziyyəti “məktəb mənşəli travmatik təcrübə” kimi xarakterizə edirlər.

Burada diqqətçəkən məqam odur ki, müəllim uşağın davranışını deyil, çox zaman onun özünə dair inancını formalaşdırır. “Mən bacarmıram”, “Mən kifayət deyiləm”, “Məni ancaq uğurlu olanda qəbul edirlər” kimi daxili inancların kökü tez-tez sinif otağına gedib çıxır.

 

Sinif – kollektiv psixoloji mühit kimi

Sinif otağı tək-tək fərdlərin deyil, birgə psixoloji atmosferin məkanıdır. Bu atmosferin memarı isə çox zaman müəllim olur. Müəllimin emosional tonu, ədalət hissi, empati səviyyəsi sinfin ümumi ruhunu müəyyənləşdirir.

Ədalətli və sabit davranan müəllim sinifdə psixoloji təhlükəsizlik yaradır. Belə mühitdə uşaqlar səhv etməkdən qorxmur, sual verməyə cəsarət edir, bir-birinə qarşı daha anlayışlı olur.

Əgər müəllim emosional olaraq qeyri-sabitdirsə, favoritçilik edirsə və ya aqressiv davranırsa, sinifdə gizli qorxu, rəqabət və gərginlik yaranır. Bu mühitdə uşaqlar ya görünməməyə çalışır, ya da diqqət çəkmək üçün uyğun olmayan davranışlara yönəlir.

Beləliklə, sinif müəllimin daxili vəziyyətinin səssiz güzgüsünə çevrilir.

 

Müəllimin öz psixologiyası: Görünməyən yük (psixo-dinamik yanaşma)

Psixoloji yanaşmada qəbul edilən əsas həqiqətlərdən biri budur: insan yalnız sahib olduğu daxili resurs qədər başqasına verə bilər. Müəllimin emosional vəziyyəti, keçmiş təcrübələri və özünə münasibəti onun pedaqoji davranışının görünməyən təməlidir.

Öz uşaqlıq dövründə sərt tərbiyə görmüş müəllim şagirdə qarşı eyni sərtliyi normallaşdıra bilər. Bu, çox zaman şüursuz şəkildə baş verən təkrarlama mexanizmidir. Müəllim fərqində olmadan vaxtilə özünə edilən davranışı şagird üzərində yenidən canlandırır.

Peşə tükənmişliyi yaşayan müəllimlərdə emosional keyimə, empatiya azalması və səbirsizlik müşahidə olunur,  insan artıq hiss etməmək yolu ilə özünü qorumağa çalışır. Lakin bu “hiss etməmə” uşaqlar tərəfindən çox tez hiss olunur və onlar bunu şəxsi rədd edilmə kimi qavrayırlar.

Müəllimin öz daxili dünyasını tanıması, emosional reaksiyalarının mənbəyini ayırd etməsi onun peşə etikası qədər vacibdir. Çünki müəllim sinifdə təkcə bilik deyil, öz emosional vəziyyətini də ötürür.

 

Uzunmüddətli təsirlər: Məktəbdən sonrakı həyat

Orta məktəbdə yaşanan müəllim–şagird münasibətləri insanın gələcək həyatında təkrarlanan davranış modellərinə çevrilə bilər. Avtoritar müəllimlə böyüyən uşaq ya avtoritetlərə kor-koranə tabe olur, ya da onlara qarşı daim üsyankar mövqe tutur.

Dəstəkləyici müəllimlə qarşılaşmış uşaq isə gələcəkdə daha sağlam münasibətlər qurur, öz fikrini ifadə etməkdən çəkinmir və səhvləri inkişafın bir hissəsi kimi qəbul edir

Bir çox böyüklər illər sonra belə müəyyən cümlələri xatırlayır: “Səndən adam olmaz” və ya “Mən səndə potensial görürəm.”

Bu cümlələr sadəcə xatirə deyil, daxili həyat ssenarisidir.

Müəllim-şagird münasibəti sadəcə təhsil prosesi deyil, şəxsiyyətə toxunan bir münasibət sistemidir. Müəllim uşağın beynində və sinir sistemində təhlükəsizlik, dəyər və qəbul hissini ya möhkəmləndirir, ya da zəiflədir.

Bu səbəbdən müasir təhsil sistemində müəllimlərin psixoloji savadlılığı, özünüdərk bacarığı və mütəmadi psixoloji dəstək alması zərurət deyil, ehtiyacdır. Çünki emosional olaraq sağlam müəllim emosional olaraq sağlam nəsil yetişdirir.

Uşaq çox zaman müəllimin dediklərini yox, özünü onun yanında necə hiss etdiyini xatırlayır və bu hiss illər sonra belə, insanın həyat seçimlərinə səssizcə istiqamət verir. Psixologiyası sağlam olan valideyn, müellim sağlam huzurlu uşaq yetişdirir. Cəmiyyətimizin sağlam psixologiyada qalması diləyi ilə …

 

Xuraman Məmmədova

Klinik psixoloq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir