Sabahdan etibarən müsəlman ölkələrində 11 ayın sultanı – Ramazan ayı başlayacaq. Bu il də Ramazan ayı yay mövsümünə təsadüf etdiyindən orucun müddəti uzun olacaq. Bundan başqa, havaların çox isti keçməsi oruc tutan şəxslərin sağlamlığı ilə bağlı bəzi suallar doğurur. Belə isti havalarda oruc tutanlar necə qidalanmalıdır, orqanizmi lazımi miqdarda maye ilə necə təmin etmək lazımdır? Aile.lent.az-ın bu və digər suallarını dietoloq Ləman Süleymanova cavablandırıb. O bildirib ki, oruc tutanlar üçün bir çox faydalı məsləhətləri var: “Mübarək Ramazan ayında Allah bizə həm günahlarımızdan arınmaq, həm də orqanizmimizi təmizləmək imkanı verir. Bizlər oruc tutaraq orqanizmi toksinlərdən təmizləyirik və eyni zamanda bədənimizdə maddələr mübadiləsi düzəlir. Ramazan ayı xəstəliklərin şəfasıdır. Biz həkimlər insanlara vaxtında qidalanmağı məsləhət görürük. Belə halda maddələr mübadiləsi normal çalışacaq. Buna riayət edilmədiyi təqdirdə nəticələr ürəkaçan olmayacaq. Müxtəlif xəstəliklər yaranacaq, mədə-bağırsaq xəstəlikləri baş alıb gedəcək”.
Dietoloq deyir ki, orucun bir faydası da yemək qaydasını rejimə salmaqdır. Bu baxımdan imsak – səhər yeməyi vacibdir: “Allah da buyurur ki, gün çıxmadan əvvəl yeməyinizi yeyin, namazınızı qılın. Bu da səhər yeməyinin vacibliyini bir daha göz önünə sərir. Gün ərzində heç bir qida qəbulu olmayacağı üçün energetik balansı qorumaq lazımdır. Xüsusilə orucluğun ilk günlərində bu rejimə mütləq əməl etmək lazımdır. Siz səhər yeməyinə müxtəlif qidalar seçin. Həftə yeddi gündən ibarətdir və siz özünüz üçün bu günləri bölün. Müəyyən günlərdə səhər yeməyinə meyvə şirələri, meyvə-tərəvəz daxil edin. Nəzərə alsaq ki, yay meyvələri, eləcə də giləmeyvələrdə olan vitaminlər səhər yeyildiyi zaman orqanizm tərəfindən daha tez mənimsənilir və gün ərzində enerjimizi artırır, buna hamımız əməl edərik. Beynin hüceyrələri şəkərlə təmin olunar. Zehni fəaliyyətiniz də normal çalışar. Qalan günlərinizdə normal səhər yeməyi – pendir, çörək, yumurta ilə qidalanın. Yumurtada zülal olduğu üçün həftədə iki dəfə vacib qida kimi səhər yeməyində yeyilməsi önəmlidir. Amma səhər yeməyə başlamazdan əvvəl bir və ya iki stəkan su için. Bitki su ilə qidalandığı kimi, orqanizmin də suya ehtiyacı var. Səhər vaxtı içdiyiniz o su sizin gündəlik tələbatınızı balanslaşdırır. Səhərlər duzlu qidalardan uzaq durun. Dietik pendir, şit süd istifadə edin”.
Həkimin sözlərinə görə, səhər yeməyinin sayəsində günorta saat 2 və ya 3-ə qədər enerjiniz sizi aktiv saxlayır, amma o saatdan sonra süstlük müşahidə edilə bilər. Ona görə də saat 3-dən 6-ya qədər çox hərəkət etməməyə çalışın. Günəşdən qorunun. Əks halda səhhətinizə mənfi təsir göstərər. Xüsusən də ürək-qan damar xəstəliklərindən əziyyət çəkən, arterial təzyiqi yuxarı olanlar özlərinə diqqət etməlidirlər. İftara bir-iki saat qalmış aktivləşin. Gəzin, fiziki işlə məşğul olun. Bu halda iftar yeməyi daha rahat həzm olunacaq.
L.Süleymanova iftar yeməyinə də xüsusi diqqət etməyin vacibliyini vurğulayır: “İftarı da su ilə açmaq buyurulur. Bunun elmi və dini izahı var. Su təmizlik deməkdir. Yəni bir bardaq su içilir, həm mədə qidaya hazırlaşır, həm də ola bilsin ki, iftarda turşu möhtəviyyatını artıran bir qida olsun. İçdiyimiz o su bu halın qarşısını alır. Əvvəlcə bir stəkan su için, beş dəqiqə sonra yeməyə başlayın. Əvvəlcə sulu qida mütləqdir. Daha sonra müəyyən qidalardan az-az qəbul edin. Lavaş məsləhət deyil, çünki gec həzm olunur. Qara çörəyə daha çox üstünlük verin. Yaxud çalışın, təmiz ağ çörək yeyin. Süfrə mədəniyyətinə diqqət edin. Qidanı yaxşı-yaxşı çeynəyib, sonra udun. Bu halda siz həzm sisteminə yardım etmiş olarsınız. Tələsmədən yeyin. Yeməkdən dərhal sonra su və yaxud çay içməyin. Bu, öd daşının yaranmasına səbəb olur. Xüsusilə axşam saatlarında meyvə yeməyin. Bu, yüksək dərəcədə metiorizm, yəni güclənmiş köp əmələ gətirir. Turşuluq artır, mədə-bağırsaqda problemlər yaranır. Kefir için. Yerli şirkətlərin ağartı məhsullarını məsləhət görərdim. Yuxudan əvvəl qatığa az miqdarda su əlavə edin, ayrandan qatı, qatıqdan yumşaq olsun. Xüsusilə quru qida qəbulundan sonra, yatmazdan əvvəl için. Ümumilikdə yeməkdən yarım saat sonra bitki çayı qəbul edin. Təmiz dəmləmə çay növlərinə üstünlük verin, mənşəyi bəlli olmayan çaylardan istifadə etməyin. Bir də məsələnin başqa tərəfi var. İftar süfrəsi olduqca sadə olmalıdır. Bir həkim kimi səhərə qədər yeyən insanlara da məsləhətim var. Orucu açdıqdan sonra gün ərzində ac qalırıq deyib yeməyi gözünüzə təpməyin. Bu nə dini, nə də tibbi baxımdan düzgün deyil. Siz səhərə qədər maye qəbul edə bilərsiniz. Şəkərli diabetdən əziyyət çəkənlər axşam, gecəyarısı meyvə yeməsin. Axşam yeyilən meyvə qanda şəkəri artırır. Arterial təzyiqin yüksəlməsinə səbəb olur. Ümid edirəm məsləhətlərim sizə faydalı olacaq”.