“İlk növbədə mədə xorası, mədə turşuluğu olan xəstələr üçün oruc tutmaq əks göstərişdir. Çünki oruc tutan zaman mədə turşuluğu arta bilər”. Bunu Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirir.
Mütəxəssis bildirir ki, qan azlığı olan, hemoqlabini normadan aşağı olan adamlar gün ərzində yaxşı qidalanmalıdırlar, bu səbəbdən də həmin şəxslər oruc tuta bilməz: “Həmçinin təzyiqi, şəkəri normadan aşağı olan insanlar oruc tutmamalıdır. Piylənmə problemi olan adamlara da oruc tutmaq məsləhət deyil. Bu insanların aclığa dözümü olmur. Çünki onlar həmişə qidanı çox qəbul edirlər, qəfildən yeməyi kəsmək sağlamlıqlarına ziyan vura bilər”.
Həkim qeyd edir ki, iftar zamanı qısa vaxt ərzində bir neçə dəfə qida qəbul etdikdə bu, tam həzm olunmur: “Belə olanda piy təbəqəsi artır. Bu səbəbdən də orucluq vaxtı bir çox adamlar arıqlamaq əvəzinə kökəlir”.
Nərminə Abbasova deyir ki, bəzi insanlar səhhəti ilə əlaqədar mütləq dərman qəbul etməlidirlər: “Elə dərmanlar var ki, sutkada bir dəfə qəbul edilir. Məsələn, şəkərli diabet xəstəliyindən əziyyət çəkənlər insulin qəbul etməmişdən əvvəl mütləq qida qəbul etməlidirlər. Yaxud mədə və onikibarmaq bağırsağında yara olanlara vaxtaşırı dərmanlar qəbul etmək göstərişi varsa, onlar qidalandıqdan sonra dərman atmalıdırlar. Bu xəstəliklərdən əziyyət çəkənlərin oruc tutmaları risklidir. Həmin şəxslər oruc tutarlarsa, 2-3 gün ərzində həkimə müraciət etmələri mütləqdir”.
Onun sözlərinə görə, endokrinoloji xəstəliyi, məsələn zobu (boğaz uru) olan şəxslər isə çox ehtiyatlı olmalıdırlar: “Zobu olan şəxsdə maddələr mübadiləsi normadan artıqdır. Bu insanlar susuzluğa, yemək qəbuluna çox həssasdırlar”.
Həkim bildirir ki, bu il Ramazan ayının yay fəslinə düşməsi oruc tutanların daha uzun müddət ac qalmasına səbəb olacaq: “Bu müddət ərzində ac qalmağın heç bir ziyanı yoxdur, amma suyun qəbul olunmaması çətinliklər yarada bilər”.
Həkim-terapevt deyir ki, aclığın fəsadları özünü yorğunluq kimi büruzə verə bilər: “Aclıq insanlara psixoloji, fizioloji, mənəvi təsir edir”.
Həkim qeyd edir ki, orqanizmlər fərqli olduğundan, konkret kimin oruc tuta bilib-bilməyəcəyi barədə fikir söyləmək doğru deyil.
“Orucu açarkən diqqət etmək lazımdır ki, normadan artıq qida qəbul edilməsin. Bu, sağlamlığa ziyandır. İftarı çay, su, xurma ilə açmaq məsləhətdir. Sonra sulu yemək qəbul etmək lazımdır. İftar quru yeməklə başlanılsa, bu, mədə ağrılarına səbəb ola bilər. İstənilən halda yeməyi fasilələrlə qəbul etmək lazımdır. İftar vaxtı susuzluq yaradan qidalar qəbul edilməməlidir. Həmçinin, oruclu şəxsin ağır işlər görməsi, günün altında çox gəzməsi məsləhət deyil”.
Terapevtin sözlərinə görə, mütəmadi oruc tutanlarda tibbi nöqteyi-nəzərdən effekt daha yüksək olur: “Oruc tutduqda orqanizm istirahət edir. Amma orucun əks təsir göstərdiyi məqamlar da var. Bəzən günaha batacağından çəkinən xəstə insanlar da oruc tutur. Bu da sonradan onların xəstəliklərinin ağırlaşmasına səbəb olur. Mədə-bağırsaq xəstəlikləri, xüsusilə mədə xorası, qastriti olanlar, yüksək təzyiqdən, ürəyin işemik xəstəliyindən əziyyət çəkənlər, onkoloji xəstələr, şəkərli diabet xəstələri oruc tutmamalıdırlar. Bəzən illərlə oruc tutan biri müəyyən xəstəliyə yoluxduqdan sonra da dinin əsas şərtlərindən birinə əməl etməyə çalışır. Ancaq sonradan bunun çox ağır fəsadları ortaya çıxır. Bununla belə, orucun sinir sisteminin funksional pozğunluğu, əsəbilik, nevroz halları, piylənmə kimi problemlərdə çox böyük effektli olur. Orqanizmi bir qədər sakitlik rejiminə salmaqla həmin patologiyaları aradan götürmək olur. Orucluq ən çox da piylənmə üçün gözəl dərmandır. Ümumiyyətlə, ildə bir dəfə oruc tutmaq dərmanlardan və s. vasitələrdən daha çox effekt verir”.
Nərminə xanım bildirir ki, insan orucun ilk günləri iftarda çox yesə də, bir-iki gündən sonra aclıq hissi güclü olmur: “Adətən, hər il mütəmadi oruc tutan insanlar iftarda çox az qida qəbul edirlər. Oruc tutan insanlar iftarda başqa günlərdə qəbul etdiyi miqdarda və çeşiddə yeməkləri qəbul etsə daha yaxşı olar. İftarda müxtəlif yemək çeşidlərindən ibarət böyük bir süfrə açmağın mənası yoxdur. Əgər orucluqda orqanizimi az qidalanmağa keçirirsənsə, mədəni doldurmağın nə mənası var? Gündə nə yeyilirdisə, iftarda da onu yemək lazımdır. Hər şeydən bir tikə yemək oruc orqanizmdə yavaşlayan zərərli proseslərin yenidən baş qaldırmasına səbəb olur. Orqanizm birdən-birə çox qida qəbul edəndə orqanlar patoloji nöqteyi-nəzərdən fəaliyyət göstərməyə başlayırlar.
Terapevt məktəblilərə oruc tutmağı məsləhət görülmür:” “Oruc tutan zaman uzun müddət ac qalıb, axşam çox qidalandıqda həzm sistemi narahat olur. Bu zaman köp, epiqastral ağrılar yaranır. bu səbəbdən yatmazdan iki saat əvvəl qida qəbulunu dayandırmaq lazımdır. Bundan əlavə, məktəblilərə, ali məktəbə hazırlaşanlara, zehni fəaliyyətlə məşğul olanlara oruc tutmaq məsləhət görülmür. Çünki uzun müddət ac və susuz qalmaq zehni fəaliyyətə mənfi təsir göstərir.”
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)