oruc

Orucluqda immunitetə kömək etmək üçün belə qidalanın – DİETOLOQ DANIŞIR

Baxış sayı: 972

Orucluğun 6-cı günüdür. Həkimlərin də təsdiq etdiyi kimi, oruc tutmaq orqanizmin yenilənməsinə səbəb olur. Hazırda yaşanan koronavirus təhlükəsi oruc tutmaq üçün maneə deyil. Mütəxəssislər hesab edir ki, orucluq xəstəliklərin qarşısını almaq üçün mübarizə aparan immuniteti gücləndirir. Amma bunun üçün oruc tutarkən qidalanma qaydalarına düzgün əməl olunmalıdır.

Ramazan ayında həm ruhumuzun, həm də bədənimizin dinləndiyini və toksinlərdən təmizləndiyini deyən dietoloq Tutu Zeynalova düzgün qidalanma qaydalarına da toxundu: “Ramazan ayı əslində immun sistemimizin daha da güclənməsi üçün verilən bir zamandır. Bunu yaxşı dəyərləndirmək lazımdır. Amma təbii ki, oruc tutarkən daha sağlam qidalanmaqla orqanizmə, bütün orqanlarımıza özünü yeniləməsi üçün kömək etmək lazımdır. Bunun üçün bir neçə məqamları vurğulamaq istəyirəm.

İlk növbədə orqanizmin su ehtiyacı ödənilməlidir. Mütləq iftardan imsaka kimi çəkimizin 3 faizi qədər su içməliyik. İmsakda 3 stəkan içib, qalanını iftarda orucu açdıqdan sonra yatana kimi içmək tövsiyə olunur. İmsaka mütləq qalxmaq lazımdır və sağlam qidalar seçmək lazımdır. İmsakda bir dilim tortla çay içilsə, üstündən paxlava və ya qoğal kimi şirin qidalar istifadə olunsa və ya çox duzlu qidalar yeyilsə bu, bizim immun sisteminə dəstək olmayacaq, əksinə zəifləməsinə səbəb olacaq. Belə olanda gün ərzində özümüzü halsız və bitkin hiss edərik”.

Dietoloq bildirir ki, sağlam qidalanmaqla immum sisteminin güclənməsinə yardım etmək olar: “Ana südündən sonra ən gözəl protein qaynağı yumurtadır. Sahurda yumurtalı səhər yeməyi yemək olar. Bu, omlet və ya soyutma şəklində ola bilər. Yanına zeytun, çərəzlər, avakado, bir-iki dilim tam taxıl çörəkdən istifadə etmək olar. Eyni zamanda, bir ədəd meyvə, göyərti və tərəvəz istifadə etməklə gün ərzində həm tox qalar, həmçinin daha sağlam qidalar seçdiyimiz üçün immun sistemimizi dəstəkləmiş olarıq. Orucu su, xurma və duzsuz olmaq şərtilə zeytunla açmaq olar. Bundan sonra kiçik kasa şorba istifadə edib, heç olmasa 10-15 dəqiqə sonra ana yeməyə keçmək tövsiyə olunur. Yeməklərin bişirilmə qaydası vacibdir. Əgər sağlam Ramazandan danışırıqsa, yağda qızartma yerinə daha çox sobada soyutma, sotelənmiş qidalardan istifadə etsək, daha yaxşı olar. Həzmsizlik probleminin qarşısını almaq üçün yeməkləri daha yaxşı çeynəmək və aramla yemək tövsiyə olunur. Qəbizliyin qarşısını almaq üçün yeməyin yanında bol çiy və bişmiş tərəfəzlərdən istifadə etmək olar”.

Dietoloqun fikrincə, probiotik qidalar mütləq olmalıdır: “Yaxşı olar ki, iftardan sonra evdə hazırlanmış qatıq ya ayrandan istifadə edək. Əsas yeməkdən bir-iki saat sonra, meyvənin yanında qatıqdan istifadə edə bilərik. Çay və qəhvənin istifadəsini minimuma endirmək lazımdır. Çünki bu içkilər sidikqovucu effektə malikdir və susuzluğa səbəb ola bilərlər. Çayın yanında isə şərbətli şirniyyatlar deyil, südlü şirniyyatlara üstünlük vermək tövsiyə olunur. Həftədə bir-iki dəfədən artıq olmamaq şərtilə. Yaxud eləcə desert əvəzinə şəkər ehtiyacımızı meyvədən almağı tövsiyə edirəm. Allah hər kəsin orucunu qəbul etsin”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir