Orucu kimlər tutmalı və kimlər bundan azaddırlar, sualına cavab olaraq qeyd edək ki, Ramazanda bir ay oruclu olmaq hər müsəlmana fərzdir.
Namaz və digər ibadətləri bilməyən və etməyənlər də oruc tuta bilər. Ramazan orucunda niyyət yalnız Allah rizası olmalıdır. Hər-hansı bir hadisə ilə bağlı niyyət edilərək tutulan oruclar qəbul olunmur.
Orucluqda günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz.
Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar.
Orucu batil edən hərəkətlər
Oruc tutan şəxs sübh azanı verilən andan axşam azanına kimi müddət ərzində bir neçə əməldən çəkinməlidir.
Bunlar aşağıdakılardır:
– Yeyib-içmək, cinsi əlaqə (istər qadın, istər kişi), hər cür qatı toz və tüstünü udmaq (narın un tozu, siqaret tüstüsü, su buxarı və s), qəsdən qusmaq (qeyri-ixtiyari olaraq istisnadır), bədənə imalə etdirmək, qəsdən Allahın, peyğəmbərlərin və imamların adından yalan danışmaq, Quran ayələrini bilə-bilə səhv oxumaq, yalan hədislər söyləmək, qeybət etmək, suya baş vurmaq (başını suya salmadan yuyunmaq olar. Başın islanması zamanı ağız, burun və qulaq dəliklərindən bədənə su keçməsi orucu batil edər).
– Ağız suyunu udmaq orucu pozmaz. Ancaq bəlğəmi udmaq olmaz.
– Orucluqda qan, su, yaxud dərman udmadan, diş çəkdirmək olar. Ancaq bu, arzu olunan hal deyil.
– Xəstələnmiş şəxs təyinatlı ampulalar istisna olmaqla, müalicə üçün iynə vurdura bilər.
– Qeyri-ixtiyari olaraq, yaxud oruc tutduğunu unudaraq yemək dadmaq orucu pozmaz.
– Gecə orucu açmadan, səhər də yemədən iki gün ardıcıl oruclu olmaq günahdır.
– Orucu su və xurma ilə açmaq bəyənilir.
– Oruclu olanın xeyirli işlər, yardımlar etməsi müstəhəbdir.
– Oruc tutan müsəlman, ağıllı və həddi buluğ yaşında olmalıdır (uşaqlara fərz deyil, amma tuta bilərlər).
– Xəstə və səfərə gedənlərə oruc fərz deyil (amma bir ziyanı olmazsa tuta bilərlər).
– Qonaqlıq verən və ya qonaqlığa çağırılan biri orucunu poza bilər. Bu zaman kəffarət gərəkməz.
Allah orucunuzu qəbul etsin!