damar

Öskürərkən aorta damarımız yırtıla bilərmi?

Baxış sayı: 1. 671
Aylar öncə Türkiyənin məşhur sənətçilərindən olan Oya Aydoğanın aort damarının yırtılması nəticəsində ölməsi sevənlərini olduqca kədərləndirdi. Sənətçinin aort damarının, yemək zamanı  nəfəs borusuna düşən qida parçasının qüvvətli şəkildə öskürərkən və ya öyümə nəticəsində yırtıldığı bildirildi. Bununla əlaqədar Türkiyə mediasında aort damarının yırtılması haqqında xəbərlərə geniş yer verildi.  Bəzi xəbərlərdə öskürmərkən, öyüyərkən, asqırarkən aort damarımızın yırtıla biləcəyi haqqında məlumatlara yer verildi.  Bu da insanlarda müəyyən qorxuya səbəb oldu. Aort damarı insan bədənindəki ən böyük arteriya və ən dayanıqlı damarıdır. Bu damar ürəyimizdən birbaşa çıxır və təmiz qanı bədənin bütün orqanlarına və toxumalarına çatdırır. Aort damarında qan təzyiqi yuxarı olduğuna görə, bu damar yırtıldığı zaman (tibbi adı aorta disseksiyası)  ciddi qanaxma nəticəsində xəstələr dəqiqələr,  hətta saniyələr içində ölür.
Kimlərin aort damarının yırtılma riski var? Aort yırtılması kimlərdə daha sıx baş verir,  divarı zəiflədən faktorlar nələrdir?
Hər hansı bir səbəbdən aort divarı zəif olan  bir insanın damarının yırtılma riski daha yüksəkdir. Aort damar yırtılması ən çox 60-80 yaş arası insanlarda görülür.  Ancaq hər yaşda ortaya çıxa bilər. Cavan insanlarda ( 40 yaş altı) ən sıx səbəb Marfan xəstəliyidir. Kişilərdə qadınlara nisbətən daha sıxdı, ancaq bu xəstəlik qadınları daha çox öldürür. 40 yaşın altında olan qadınlarda ən sıx səbəb hamiləlikdi. Xüsusilə də hamiləliyin son üç ayında aort yırtılması riski artar. Genetik damar xəstəlikləri, bəzi revmatoloji xəstəliklər, Marfan və ya Ehlers-Danlos xəstəliyi, siqaret və ya kokain çəkmək, amfetaminlerdən istifadə etmək,  aort damar divarını  zəiflədərək, yırtılmasına səbəb ola bilir. Bundan başqa, avtomobil qəzaları və ya hündürdən düşən zamanı döş qəfəsinin travması nəticəsində də aort damarı yırtıla bilir.
Sağlam bir insanda öskürmə, asqırma və ya gücənmə  aort damarını yırtarmı?
Əvvəl onu deyim ki, sağlam bir insanda öskürmə, asqırma və ya gücənmə  zamanı aort damarı yırtılmaz.  Normalda biz öskürdüyümüz, öyüdüyümüz və ya gücəndiyimiz zaman  aort damarımızın içindəki təzyiq artar. Ancaq damar divarı sağlam və dayanıqlı olduğu üçün damarımız bu təzyiq artımına tab gətirir və yırtılmır. Hər hansı bir insanın aort damarının divarında incəlmə, anormal dərəcədə genişlənmə və ya anevrizma deyə adlandırdığımız genişlənmələr varsa, öskürmə, öyümə asqırma və ya gücənmə zamanı, damar içindəki təzyiqin artması nəticəsində, zəifləmiş olan aort damarının yırtılma riski hər zaman var.
Aort yırtılmasında hipertoniyanın rolu varmı?
Aort divarını zəiflədən ən önəmli faktorların başında hipertoniya xəstəliyi gəlir. Aort divarı yırtılan insanların 65-75 faizi hipertoniya xəstəliyi olan insanlardır. Onların çoxu, qan  təzyiqi nəzarət altında olmayan xəstələrdir. Nəzarət altında tutulmayan hipertoniya illər içində aort damarında kirəcləşməyə, divarın incəlməsinə, sərtləşməsinə, anormal dərəcədə genişlənməsinə və ya anevrizmanın ortaya çıxmasına səbəb olaraq, damarın divarını zəiflədir. Nəticədə təzyiqin hər hansı bir səbəbdən (buna öskürmə, asırma və ya gücənmə də daxildir) anidən qalxması  divarı zəifləmiş olan aort damarının yırtılmasına səbəb olur.  Ancaq burda bir məqam yanlış anlaşılmasın. Hipertoniyası olan hər bir insanın aort damarı yırtılmaz. Sadəcə olaraq, hipertoniya xəstəliyi olub təzyiqi kontrol altında olmayan insanların aort damarının yırtılma riski hər zaman yüksəkdir.
Xəstədə hansı şikayətlər ortaya çıxır?
Bir insanda (xüsusi ilə də hipertoniyası olan bir insan)  ani başlayan çox şiddətli (xəstələr adətən “sanki bıçaq sancmışlar’’ kimi ifadə edirlər) kürək və sinə ağrısı olarsa, aort yırtılmasından şübhələnməlidir.
Aort damarı yırtılan  bir  insanın həyatda qalma şansı nə qədərdir?
Aort yırtılması hər il yüz min insanın 6-da ortaya çıxır. Ancaq aort yırtılması çox ölümcül bir xəstəlikdir.  Əgər diaqnoz qoyulub ən qısa zamanda əməliyyat edilməzsə,  xəstələrin 25 faizi ilk 24, 50 faizi da ilk 48 saat içində ölürlər. Yəni hər saat keçdikcə, ölmə riski təqribən 1 faiz daha da artar. Ona görə də vaxt itirmədən ən qısa zamanda diaqnoz qoymaq çox önəmlidir. Müalicəsi təcili əməliyyatdır və əməliyyat adətən çox uzun çəkir (8-10 saat). Digər tərəfdən, əməliyyat zamanı xəstənin ölmə riski 25%-dir. Ancaq əməliyyat olunmayan xəstələrin 90-95 faizindən çoxu ölür.
Aort damarı yırtılmasından qorunmaq üçün nə etmək lazımdır?
Hər şeydən öncə, hipertoniyası olan insanların qan təzyiqi kontrol altında tutulmalıdır. Bəzi istisnalar olmaqla, hipertoniya adətən, ömür boyu davam edən xəstəlikdir və buna görə də,  müalicəsi də ömür boyu davam etməlidir. Hipertoniyası olan bir insan üçün önəmli olan sadəcə, dərman içmək deyil. Önəmli olan dərman içdiyi zaman xəstənin təzyiqinin nəzarətdə olub-olmamağıdır. Məsələn, xəstələrin bir qismi təzyiq salan dərmanlar içdiyi halda, qan təzyiqi hələ də yuxarı olur, yəni nəzarətdə olmur. Üstəlik, təzyiqləri yüksək olduğu halda belə, heç nədən gileylənmirlər. Belə olduğu halda, xəstələrin aldığı müalicənin faydası  olmur. Hipertoniyası olan bir insanın şəkərli diabeti, ürək çatışmazlığı, xroniki böyrək çatışmazlığı olsun və ya olmasın, daha öncə infarkt və ya insult keçirsin və ya keçirməsin, müalicə nəticəsində yuxarı qan təzyiqi 140, aşağı qan təzyiqi isə 85-in  altında olmalıdır. Əgər bu insanlar həkimin yazdığı dərmanı içdikləri halda, qan təzyiqləri bu rəqəmlərin üstündə olursa, mütləq həkimlə müraciət etməlidirlər.  Ancaq hipertoniya xəstəliyindən başqa heç bir xəstəliyi olmayan, yaşı 80-dən yuxarı olan və dərman içən hipertoniyalı insanların yuxarı qan təzyiqinin 150-ə qədər olmasına  icazə veririk. Ailəsinin hər hansı bir fərdində (ana, ata, qardaş və ya bacı)  aort yırtılması olan insanlar  müəyyən mərhələlərlə müayinə edilməlidir.  Damar yırtılmasına səbəb ola bilən genetik xəstəliyi (məsələn, Marfan və ya Ehlers-Danlos sindromaları ) olanlar da müəyyən mərhələlərdə müayinə edilməlidir. Siqaret çəkməmək çox önəmlidir. İstər hipertoniya xəstəliyi olsun,  istər olmasın, aort damar genişlənməsi olan insanlar müəyyən müəyyən vaxtlarda exokardioqrafiya (ürəyin ultrasəs müayinəsi) müayinəsindən keçməlidirlər.  65 yaş üstündəki bütün kişilərə və ya siqaret çəkən 65 yaş üstü bütün qadınlara aort damarının ultrasəs müayinəsi edilməlidir.
Yalçın Velibey
Kardiologiya Uzmanı



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir