Nermine Abbasova

Osteoxondrozun səbəbləri və müalicəsi haqda bilmədikləriniz

Baxış sayı: 693

Osteoxondroz onurğa sütununda yaranan xroniki distrofik prosesdir. Hal-hazırda osteoxondroz tibb elmində çox ciddi problem kimi qəbul olunur. Osteoxondroz cavan və orta yaşlı insanlarda inkişaf edir, müxtəlif pozulmalara, iş qabiliyyətinin azalmasına, hətta şikəstliyə gətirib çıxarır.

Statistikaya görə, damar xəstəliklərdən (hipertoniya, ateroskleroz, ürəyin işemik xəstəliyi, infarkt və insult) sonra osteoxondroz xəstəliklər arasında 2-ci yer tutur. Lakin damar xəstəliklərdən fərqli olaraq osteoxondroz cavan insanlarda inkişaf edir. Həkimlərin müşahidələrinə görə, insanların bir çox hissəsində osteoxondroz var. Bunun səbəbini isə həkimlər müasir insanın azhərəkətli həyat tərzində, düzgün olmayan qidalanmada görürlər.

Osteoxondroz – olduqca çox yayılmış fəqərə sütunu xəstəliyidir. Xalq arasında buna “duzların yığılması” deyirlər. Lakin  bu prosesin adi duzla heç bir əlaqəsi yoxdur. Osteoxondroz zamanı onurğa sütunu fəqərələri arasında olan qığırdaq zədələnir. Bu qığırdaq amortizasiya funksiyasını yerinə yetirir – qığırdaq fəqərələrə bir-birini sıxmaq və sürtmək imkan vermir. Qığırdaq zədələndikdə və daha sonra dağıldıqda fəqərələr bir-birini sıxmağa başlayır, onların arasında keçən qan damarları və sinirlər sıxılır və bu müxtəlif pozulmalara səbəb olur.

Hazırkı dövrdə müxtəlif dərəcəli osteoxondroz insanların əksəriyyətində qeyd olunur. Bu hal təəccüblü deyil – müasir insan çox az hərəkət edir, vaxtının əsas hissəsini ən zərərli vəziyyətdə – kompüter qarşısında və ya yazı masası arxasında oturaraq keçirir. İnsanların çoxu osteoxondrozu təhlükəsiz xəstəlik hesab edir, lakin bu heç də elə deyil. Vaxtında və düzgün müalicə tədbirləri görülmədikdə osteoxondroz ciddi narahatlıq, ağrılar və hətta əlilliklə nəticələnə bilər.

bel agrisi

Yaranma səbəbləri:

Osteoxondrozun, fəqərəarası diskdə baş verən dəyişikliklərin səbəbləri tam öyrənilməmişdir. İnsanlar osteoxondrozun yaranmasını ən çox 35 yaşdan sonra hiss etməyə başlayırlar. Bu prosesin inkişafına və kəskinləşməsinə müxtəlif onurğa travmaları, statik və dinamik qeyri-bərabər yük daşıma və eləcə də vibrasiya təkan verir. İnsanın yaşı nə qədər çoxdur, simptomlar o qədər çox aşkar görünür. Buna baxmayaraq, son dövrlərdə 18 yaşdan 30 yaşa kimi insanlar da kürək ağrıları şikayətləri ilə müraciət edirlər. Xəstəliyin bu qədər erkən başlama səbəbləri az deyil: zəif fiziki hazırlıq, qamət pozğunluğu, onurğa əyrilikləri, yastı pəncəlik və artıq çəki.

Osteoxondrozun əsas risk amilləri (əmələ gəlmə səbəbləri) aşağıdakılardır:

osteoxondroz(genetik) meyillilik;

Orqanizmdə maddələr mübadiləsi pozğunluğu, infeksiya, intoksikasiya;

Həddindən artıq çəki;

Düzgün qidalanmama (mikroelementlərin və maye qəbulunun az olması);

Yaşlanma ilə əlaqədar dəyişikliklər;

Qamətin, duruşun pozulması, onurğa əyrilikləri, onurğa sütunu seqmentlərində həddindən artıq hərəkətlilik (qeyri-stabillik), yastı pəncə;

Xoşagəlməz ekoloji şərait;

Travma və mikrotravmalar;

Ağır qaldırmaqla əlaqəli peşə, tez-tez gövdənin vəziyyətini dəyişmək (fırlanma, əyilmə-düzəlmə hərəkətləri);

Ayaq üstə, oturaq, uzanaraq uzun müddət narahat pozada qaldıqda, ağırlıq qaldırdıqda, ağırlıq daşıdıqda və s. disklərdə və bütün onurğada təzyiqi artıran işlər, hərəkətlər;

Həddindən artıq fiziki yüklənmə, sümük-əzələ sisteminin inkişaf patologiyaları;

Onurğanın həddindən artıq yüklənməsi pəncənin xəstəliklərində, eləcə də narahat ayaqqabılar, hündür daban ayaqqabıların geyinilməsi və hamiləlik ilə də əlaqəlidir;

Professional idmançılarda müntəzəm gedən məşqlərin birdən kəskin dayandırılması;

Əsəb gərginliyi, stress faktorları;

Siqaret çəkmək;

Osteoxondrozdan əziyyət çəkən insanlar kürək olan daimi ağrılardan, tez-tez ətraflarda keyləşmə, uyuşma hisslərindən şikayət edirlər. Vaxtında düzgün müalicə aparılmadıqda ətraflarda arıqlama, atrofiya və gücsüzlüyə gətirib çıxardır. Ağrı – osteoxondrozun əsas əlamətidir. Bu ağrı bəzən çox əziyyətverici, uzunmüddətli (günlərlə və aylarla davam edən) olur, çətinliklə aradan qaldırılır. Osteoxondroz ağrıları fəqərə sütununun bu xəstəliyə düçar olmuş hissəsinə müvafiq olaraq fərqli xarakter daşıyır.

bel-agrisi

Osteoxondrozun əsas simptomları:

Daimi sızıldayıcı kürək ağrıları, ətraflarda uyuşma və gücsüzlük;

Kəskin hərəkətlər etdikdə, fiziki gərginlikdə, ağırlıq qaldırdıqda, öskürdükdə və asqırma zamanı ağrılar artır;

Hərəkət məhdudluğu, əzələlərin spazmı.

Müalicə

Osteoxondroz uzun illər ərzində inkişaf edir. Hal-hazırda bu pozulmanı tam müalicə etmək mümkün deyil. Lakin müəyyən müalicə və profilaktik vasitələrin köməyilə bu pozulmanın inkişafını ləngitmək və xəstəni osteoxondrozla bağlı olan ağrılar və digər pozulmalardan xilas etmək mümkündür. Müalicə olunmadıqda osteoxondroz çox ağır fəsadlara – parez və ifliclərə (hətta əlilliyə) gətirib çıxarda bilər.

Osteoxondrozun müalicəsi zamanı müxtəlif ağrıkəsici qeyri-steroid iltihab əleyhinə və hormonal dərmanlardan, əzələ spazmını aradan götürən vasitələrdən, xəstənin həyat fəaliyyətini yaxşılaşdırmaq üçün müxtəlif konservativ müalicələrdən və eləcə də fizioterapiya metodlarından istifadə edilir. Bütün bu müalicələrin məqsədi ağrını müvəqqəti də olsa kəsmək, insanın həyat keyfiyyətini aşağı salmaq, hərəkət məhdudluğu verən ağrılardan xilas etməkdir.

 

Konservativ müalicə:

Osteoxondrozun kəskin dövrlərində (əsas da döş və bel osteoxondrozu zamanı) xəstəyə yataq rejimi təyin edilir. Xəstə düz bərk yerdə uzanmalıdır. Müalicə zamanı müxtəlif korsetlərdən (boyun korseti, bel korseti və s.) istifadə olunur. Ağrıların və iltihabın azaldılması üçün xüsusi preparatlar (diklofenak, ibuprofen, indometasin və s.) təyin olunur. Həmçinin spazmolitik preparatlar, B qrupu vitaminləri, nikotin turşusu, qığırdağın qidalanmasını yaxşılaşdıran preparatlar və s. təyin olunur.

Boyun osteoxondrozu zamanı xəstəyə beyin qan dövranını yaxşılaşdıran preparatlar təyin olunur.

Çox ağır, müalicəsiz buraxılmış hallarda və həmçinin onurğa beyni sıxılması zamanı cərrahiyyə müalicəsi tətbiq edilir.

Osteoxondroz

Fizioterapevtik müalicə:

Xəstəliyin remissiyası (sakitləşmə) dövrlərində xüsusi masaj və müalicəvi fiziki tərbiyyə, manual terapiya, fizioterapiya, xüsusi müalicəvi vannalar tətbiq edilir.

Osteoxondrozun müalicəsində müxtəlif fizioterapiya üsullarından – elektrofarez, ultrasəs dalğa müalicəsi, TENS, müxtəlif vannaların qəbulu, dartma üsulları və.s istifadə edilir.

Üzgüçülük osteoxondrozla mübarizədə ən effektli və sınanmış vasitələrdən biridir. Su onurğa sütunda olan gərginliyi azaldır, “masaj” edir, onurğa sütunu saxlayan əzələləri bərkidir.

 

Nərminə Abbasova

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir