otel

Otelə gedərkən nikah kağızı lazımdırmı?

Baxış sayı: 1. 588

Sovet dövründə mehmanxanalarda “nikah şahadətnamə”si olmadan rəsmi şəkildə ər-arvad olsa belə, bir otaqda qalmağa icazə verilmirdi. Buna görə də ailə ilə harasa istirahətə gedirdinsə, mütləq “ZAQS” kağızın yanında olmalıydı. Müstəqil Azərbaycanın bəzi bölgələrində yenə də eyni vəziyyətdir. Mədəniyyət və Turizm Nazirliyi isə bildirir ki, otel və istirahət mərkəzlərində nikah kağızı tələb olunmamalıdır.

Mehmanxanada gecələmək üçün sənəd rəsmiləşdirilməsi beynəlxalq qaydalara və təcrübəyə əsasən hər bir vətəndaş xüsusi forma – gəliş vərəqəsini doldurur və orada öz şəxsiyyət vəsiqəsinə dair göstəricilərini: soyadı, adı, doğum tarixi, daimi yaşayış yerinin ünvanı və s. qeyd edir. Həmin vərəqədə eyni zamanda mehmanxanada qalma qaydaları və rejimi də öz əksini tapır. Sənədə atılan imza onu təsdiq edir ki, mehmanxanada gecələyən turist xidmət qaydaları və qiymətləri ilə tanış olub. Sonra vərəqədəki göstəricilər mehmanxananın qeydiyyat bankına daxil edilir və şəxsiyyəti təsdiq edən sənəd dərhal müştəriyə geri qaytarılır.

Nazirlik bildirir ki, mövcud qanunvericilikdə mehmanxanada qeydiyyatdan keçən zaman nikah haqqında şəhadətnamə tələb olunmur.

otel

Azərbaycan Turizm və Menecment Universitetinin kafedra müdiri Bahadur Bilalov da otellərdə və istirahət mərkəzlərində nikah sənədinin tələb edilməsini düzgün saymır: “Bütün dünyada bu, belədir. Yəni otel varsa, istənilən adam gəlib qala bilər. Hətta bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinə çox sayda şikayətlər daxil olmuşdu ki, bizim otellərə gedəndə kəbin kağızı istəyirlər.  Dünya praktikasında belə bir şey yoxdur. İnsanın hüququnu tapdalamaq olmaz. Kimsə kiminləsə otelə gedirsə, otelə “əxlaqsızlıq yuvası” adı da qoymaq olmaz. Hər kəsin azadlıq hüququ var. Buna heç kim qadağa qoya bilməz. Dünya qanunlarının, ölkə qanunvericiliyinin və Konstitusiyamızın insanlara verdiyi hüquqlar var. Mən öz istirahətimi kiminlə istəsəm edərəm. Otelə heç kimi zorla aparmırlar ki…” deyən müsahibimiz hesab edir ki, bu kimi hallar ölkə turizminin inkişafına mane olan amillərdən biridir. Onun sözlərinə görə, əgər biz turizmi inkişaf etdirmək istəyiriksə, bu cür fikirlərdən uzaq olmalıyıq.


Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, konkret olaraq Azərbaycan qanunvericiliyində belə tələb və qanun yoxdur: “O qədər nikahsız yaşayan ər-arvad var ki, belə çıxır onlar harasa istirahətə getdikdə onlar otel və yaxud istirahət mərkəzlərinə buraxılmamalıdırlar? Dünyanın heç bir ölkəsində otel və istirahət mərkəzlərinə getdikdə insanlardan nikah haqqında sənəd tələb olunmur. Azərbaycanda da tələb olunmamalıdır”.

Həmsöhbətimizə görə, sadəcə olaraq ölkədə otel və istirahət mərkəzləri özlərini bəzi qurumlardan sığortalamaq üçün bu sənədi qanunsuz olaraq tələb edirlər. “Ümumiyyətlə, otel və istirahət mərkəzlərinin nikah kağızı tələb etməsi qanunsuzdur”.

F.Həmidli bildirir ki, vətəndaşlar belə bir halla qarşılaşarlarsa, İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi Dövlət xidmətinə müraciət edə bilərlər.

 

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir