Ailədə yaşamaq və tərbiyə olunmaq uşağın mühüm hüquqlarındandır. Uşaq ailədə fiziki və mənəvi inkişafa nail olur, dayaq və anlaşma tapmaqla cəmiyyətin tam hüquqlu üzvü olmağa hazırlaşır. Övladlığa götürmə uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququnun təmininə xidmət edir.
Hüquqşünas Vüqar Səfərlinin bildirdiyinə görə, yetkinlik yaşına çatmayanların övladlığa götürülməsinə yalnız onların mənafeyi naminə uşağın doğumu Ailə Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir: “Övladlığa götürmə barədə işlər övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə aiddir. Uşağın övladlığa götürülməsi barədə ərizələrin məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan uşaqların övladlığa götürülməsi barədə ərizələr onların valideynlərinin və ya qəyyumlarının yaşayış yeri üzrə məhkəmələrə, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların övladlığa götürülməsi barədə ərizələr onların faktiki yaşadıqları yer üzrə məhkəmələrə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi barədə ərizələr onların müvəqqəti olduqları (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, uşaq evləri) rayonun məhkəmələrinə verilməlidir. Ər və arvad özünün nikahdan olmayan uşağını, arvadının və ya ərinin uşağını övladlığa götürə bilər”.
Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla qardaş və bacıların müxətlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə həmin uşaqların Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda vətəndaşlıqdan və yaşayış yerindən asılı olmayaraq qohumları, bacıları, qardaşları, nənələri, babaları tərəfindən övladlığa götürülmədikdə icazə verilir. Qaydalara görə, övladlığa götürmə övladlığa uşaq götürmək istəyən şəsxin verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmədə övladlığa götürülmə barəsində işə müvafiq icra orqanının iştirakı ilə mülki prosessual qanunvericiliyndə nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılır. Övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsi qanuni qüvvəyə mindikdə sonra yaranır.
V.Səfərli qeyd edir ki, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyəti olmayan şəxslər, məhkəmə tərəfindən valideynlik hüququndan məhrum şəxslər, qəyyum və himayəçi vəzifələrindən azad olunmuş şəxslər, əvvəllər məhkəmə tərəfindən təqsirli bilinərək hüquqları ləğv olunmuş şəxslər övladlığa uşaq götürə bilməz: “Əgər övladlığa uşaq götürmək istəyən şəxs nikahda deyilsə, övladlığa götürəcəyi uşaqla onun arasında yaş fərqi minimum 16 il olmalıdır.
Övladlığa uşaq götürmək üçün tələb olunan sənədlər vətəndaşların (ər-arvad) Rayon İcra Hakimiyyəti və ya Təhsil İdarəsində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyasına yazdıqları ərizə (Notariusda təsdiq edilmiş), şəxsiyyət vəsiqəsinin surəti, (uşaq nikahda olmayan şəxs tərəfindən övladlığa götürüldükdə-övladlığa götürənin doğum haqqında şəhadətnaməsinin surəti), uşaq nikahda olan şəxslər (şəxs) tərəfindən övladlığa götürüldükdə-övladlığa götürənlərin (götürənin) nikah haqqında şəhadətnaməsinin surəti, uşaq ər-arvaddan biri tərəfindən övladlığa götürüldükdə-digərinin razılığı və ya ər-arvadın ailə münasibətlərinə xitam verməklə 1 ildən artıq müddətdə birgə yaşamadıqlarını təsdiq edən sənədlər lazımdır. Müvafiq sənədi ərizəyə əlavə etmək mümkün olmadıqda ərizədə həmin faktları təsdiq edən sübutlar göstərilməlidir. Yaşayış yerindən istifadə etmək hüququnu və ya yaşayış yerinə mülkiyyət hüququnu təsdiq edən sənəd, övladlığa götürənlərin (götürənin) səhhətinin vəziyyəti barədə tibbi rəy; (Hepatit “B”, “C” və “QİÇS” yoxlanılması üzrə məlumatlar, həmçinin dəri-zöhrəvi, vərəm, onkoloji, psixonevroloji və narkoloji dispanserlərin cavabı), övladlığa götürənlərin (götürənin) tutduğu vəzifə və əmək haqqı barədə iş yerindən arayış və ya gəlirlər haqqında digər sənəd, (fərdi əməklə məşğul olanlar üçün verginin ödənilməsi haqqında arayış), övladlığa götürənlərin tərcümeyi-halı, rayon və Şəhər İcra Hakimiyyətləri yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasından mənzil şəraitinin müayinə aktı tələb olunur.
Psixoloq Xəyalə Abbas dediyinə görə, bütün valideyn olmaq istəyənlər uşaqların bioloji olaraq valideyni olmağı arzulayır: “Heç kim başqasının uşağını götürmək istəmir. Ancaq illər keçir, görür ki, uşaqları olmur. Bəziləri çox gec yaşda gedib övladlığa uşaq götürür. Bəziləri surroqat ana taparaq bu problemi həll edirlər. Süni mayalanma yolu ilə də sonsuzluq problemini çözənlər var. Amma kimsəsiz bir uşağı övladlığa götürmək daha savabdır. Çox adam var ki, övladlığa uşaq götürəndən bir neçə il sonra öz uşağı dünyaya gəlib”.
Müsahibimiz qeyd edir ki, övladlığa uşaq götürdükdə insan ona alışır və sonra onu öz doğması kimi sevir: “Övladı olmayan insan uşağı götürüb saxlayırsa, onda uşağa alışqanlıq yaranır. Amma gələcəkdə uşaq nankor çıxırsa, istər-istəməz valideynin fikrindən keçir ki, kaş, uşağı övladlığa götürməsəydim. Görəsən, kimin uşağıdır? Övladlığa uşaq götürən valideynlərdə çox vaxt qorxu olur ki, bioloji valideynlər gəlib uşaqlarını əlindən almağa çalışar. Onların gözü sanki daim bioloji valideynləri axtarır”.
Psixoloq bildirir ki, gələcəkdə uşağın xeyirli və ya nankor övlad olması əslində tərbiyədən asılıdır: “Valideynlər uşağı düzgün yönləndirərlərsə, gələcəkdə onun davranışı ilə bağlı problemləri də az olar. Təbii ki, irsi, genetik faktorların rolu var, amma düzgün tərbiyə və sevgi ilə uşağı düzgün yönləndirmək olar”.
Onun sözlərinə görə, ər və arvad mütləq hər ikisi də övladlığa uşaq götürməzdən öncə psixoloji yardım almalıdırlar: “Övladlığa uşaq götürmək istəyən şəxslər “Mən niyə övladlığa uşaq götürmək istəyirəm?”, “Bu, mənə nə üçün vacibdir?”, “Həqiqətənmi valideyn olmaq istəyirəm?” bu sualları cavablandıra bilməlidirlər. Əgər valideyn psixoloji yardım almadan uşaq övladlığa götürərsə, o, daxilində narahat qalır. İstər kişi, istərsə də qadının daxilində şübhə varsa, uşağa yanaşması normal olmayacaq. Bu səbəbdən də, ər və arvad hər ikisi psixoloji yardım aldıqdan sonra valideyn olmağa qəti qərar verməlidir”.
Onun dediyinə görə, bəziləri yad insandan uşaq götürmək əvəzinə öz qohumunun uşağını götürür. “Bacı, qardaşın uşağını götürmək daha yaxşıdır. Lakin bu zaman uşaqlar gələcəkdə bunu bildikdə mənəvi əzab çəkir. Ümumiyyətlə, uşaqlar gələcəkdə övladlığa götürüldüyünü bildikdə bu, onlara pis təsir edir. Əgər ailədə münasibətlər yaxşıdırsa, onda vəziyyəti qəbul edir, əgər münasibətlər yaxşı deyilsə, onda ögey valideynləri qəbul edə bilmir”.
Aynurə MƏMMƏDOVA