VALIDEYN

Övlad tərbiyəsinə nədən başlayaq?

Baxış sayı: 906

Uşaqların düzgün tərbiyə edilməsi valideynlər üçün daim aktual bir problemdir. Uşaq böyüdən ailələr üçün tərbiyə məsələsi həmişə dəyişməz olaraq qalır. Uşaq tərbiyəsi ilə bağlı yazılar, elmi əsərlərin də sayı az deyil. Bu gün valideynlər uşaq tərbiyəsində bəzən şəxsi intuisiyalarına, bəziləri öz valideynlərinin təcrübəsinə əsaslanır, bəziləri isə mütəxəssislərə etibar edirlər. Amma bütün hallarda bu gün valideyn-övlad arasındakı problemlər münasibətlərin düzgün qurulmadığını göstərir.

 

Müasir Psixologiya Mərkəzinin psixoloqu Aida Nəbiyeva deyir ki, uşaq tərbiyəsində psixoloji iqlimin sağlam olması çox mühümdür.

Bura əsasən ata-ana, valideyn-övlad və valideynlərin digər ailə üzvləri ilə olan münasibətlərini aid etmək olar. Uşağa qoyulan normalar mütləq əvvəldən müzakirə olunmalıdır ki, ata-ananın fikirləri üst-üstə düşsün. Yəni, ananın dediyi sözü ata inkar edərsə , bu zaman uşağın düzgün tərbiyəsindən söhbət gedə bilməz. Uşaqların nitqi, danışıq tərzi, söz ehtiyatı belə valideyn davranışı ilə birbaşa bağlıdır. Əgər valideyn övladı ilə kobud danışırsa, uşaq da dostları ilə, ümumilikdə ətrafdakılarla söhbət edərkən həmin danışıq tərzindən istifadə edəcək. Əlbəttə, bu da həmin uşaq haqqında xoş rəy yaratmayacaq.

 

Övladınıza nümunə olun

Aida xanım deyir ki, valideynlər davranışları ilə övladlarına nümunə olmalıdırlar. Məsələn, ata övladına böyüklərə hörmət etməyi tövsiyə edir, amma o özü evdəkilərə və ya həyətdəki qocaya xoş münasibət göstərmir. Ətrafındakılara laqeyd olan bir valideynin övladına ədəb dərsi keçməsi mənasızdır. Uşaqların tərbiyəsində nənə və babanın rolu əvəzsizdir. Onların danışdıqları nağıllar uşağın düçüncələrinə, davranışlarına birbaşa təsir edir. O da nağıl qəhrəmanı kimi olmağa çalışır. Bu psixologiyada nağıl terapiyası adlanır.

 

Oğlan və qız tərbiyəsindəki fərqlər

Bu gün Azərbaycan ailələrində oğlanla qız arasında qoyulan ayrı-seçkilik hamıya məlumdur. Valideynlər bunu qəbul etməsələr də, bu fərqi həmin uşaqların cəmiyyətdəki davranışında müəyyən etmək olar. Psixoloq deyir ki, uşaqlara eyni tərzdə yanaşmaq lazımdır. Təbii ki, ailələrdən soruşsaq, onlar deyəcəklər ki, heç bir uşağı digərindən seçmirlər. Amma kənardan həmin ailələri müşahidə etsək görərik ki, bir uşağa digərindən daha şox önəm verirlər.

Əlbəttə, daha az qayğı göstərilən uşaqlar ətrafındakılarla daha kobud davranır, valideynlərinə, bacı-qardaşlarına qarşı daha aqressiv olurlar. Oğlan və qız tərbiyəsində də elə ciddi fərq qoyulmamalıdır. Ümumi davranışlar hamı üçün eyni olmalıdır. Müəyyən yaş dövrünə qədər onlara münasibət eyni olmaldır. Böyüyəndən sonra cinsi tərbiyədə müxtəlif formada yanaşılmalıdır. Bizim ailələrdə qız və oğlan tərbiyəsində qəribə bir yanaşma var, oğlana hər şey olar, amma qıza yox. Nəticədə qızlar çəkingən, olur, oğlanlar isə istədiyini edə, istədiyi formada davranırlar.

 

Gəl, dost olaq

Ölkəmizdə övladlarla valideynlər arasında anlaşma problemi həmişə olub indi də var. Valideynlər həmişə övladlarından, övladlar isə valideynlərin onları anlamamasından şikayət edirlər. Müsahibimiz deyir, bundan əvvəlki nəsli təhlil edərkən görürük ki, qızlar analarından, oğlanlar isə atalarından çəkinir. Ünsiyyət var, amma səmimiyyət yoxdur. Nə qədər ki, səmiyyət, dostluq yoxdur, onlar rasında həmişə problem oalcaq. Nəticədə uşaq dərdini danışacağı başqa birini tapacaq və kim təminat ver bilər ki, həmin insan kifayət qədər güvənilirdir. Valideynlə dost olmayanövlar xarici mühitə can atır, ailədən uzaqlaşır. Ev onlar üçün yalnız yemək, yatmaq, pul götürmək yeri olur. Bizim mərkəzdə valideynlər kliubu yaratmışıq və burada onlaradost olma yollarını öyrədirik. Uşaqlara yanaşmada ilk addımı necə atmaq lazəmdır, dost olamağın yollarını aşılayırıq. Lakin atalar deyir ki, mən övladımla dost ola bilmərəm, çünki bu zaman o mənə hörmət etməz.

 

Ona məktub yazın

Psixoloq deyir ki, adətən valideynlərə məsləhət görürəm ki, övladınıza məktub yazın. Amma əksəriyyəti bundan çəkinir. “Mən övladıma necə məktub yaza bilərəm? Nə yazım deyə?” deyirlər. Məktub səmimi düşüncə göstəricisidir. Onlar bütün günü bir yerdə olmalarına, bir yerdə yeyib-içmələrinə baxmayaraq, aralarında böyük bir sədd olduğunu müşahidə edirik. Yəni onlar sadəcə fikirlərini yazmaqda belə çətinlik çəkirlər. Sübut olunmuş faktdır ki, ana hətta hamilə ikən ovladı ilə danışmalı, dostluq münasibətləri o vaxtdan qurulamaldır. Bu onların inkişafına birbaşa təsir edən amildir.

 

Uşaqlarda məsuliyyət hissini necə aşılayaq

Aida xanım məsləhət görür ki, bu vərdişləri kiçik yaşlarından aşılamaq lazımdır:” Onlara tapşırıq verin. O da dərk etsin ki, ona nəsə tapşırılıb və bunu mütləq etməlidir və əvəzində o mükafat və ya alqış alacaq. Bağçaya getməyən uşaqlarda məsuliyyət hissi də az olur. Çünki ən azından orada uşağa tapşırıqlar verilir. Hətta hədiyyə alarkən də diqqətli olmalı və yenə də məsuliyyət unudulmamalıdır.” Psixoloqun fikrincə, hər gün yeni hədiyyə almayın. Bir gəlincik, maşın alanda bir neçə ay ona imkan yaradın ki, o, oyuncağı dərk etsin. Həmçinin həmin hədiyyəni necə qorumalı, onu necə saxlamalı vədişlərini aşılayın.

 

Atalar məsuliyyətdən qaçır

Çox təəssüf ki, ailələrdə ata işə gedən, pul qazanan, fikirlərinə qarşı heç bir söz deyilməyən, övladın birbaşa ünsiyyət qurmadığı bir şəxs kimi tanınır. Yəni ailə üzvləri nə düşünür-düşünsün yalnız onun qərarı əsasdır. Övladın tərbiyəsinə birbaşa qarışmır,bütün məsuliyyət də ananın üzərinə düşür. Hansısa problem yaşananda o, sadəcə, günahı başqalarında axtarır, özü nə qədər məsuliyyət daşıyır bunu düşünmür.

Psixoloq deyir ki, bizdə atalar məsuliyyətdən qaçır. Təkcə ana tərbiyəsi yetərli deyil. Hər bir valideyn bir psixoloq qədər bilikli olmalıdır. Ata -qız, ata-oğlan münasibətlərində fərq olmamalıdır. Əlbəttə, ata idmançıdırsa, oğlunu da idmana apara bilər, lakin bu zaman qız da diqqətdən kənarda qalmamalıdır. Övladlar böyüdükdən sonra yanaşmalar fərqli ola bilər, amma ümumilikdə sevgi ilə yanaşmada fərq qoyulmamalıdır.

 

Fikirlərinə hörmət edin

Müsahibimiz bildirdi ki, elmi araşdırmalara əsasən üç yaşından başlayaraq insan öz mənini dərk edir, sosial mühitlə əlaqə qurmağa çalışır, bədən üzvlərini dərk edir. 1-2 yaşlı uşağı güzgü qarşısında əyləşdirib ona özünü dərk etməsinə kömək edin. Həmçinin ona həmişə adı ilə müraciət edin, müxtəlif adlarla müraciət onun inkişafına mənfi təsir edir. Bundan başqa ona fikirlərini ifadə etmək imkanı yaradın. Hansısa problemin həllini ondan soruşun, bu onun özünə inam hissini artıracaq. Ailədə baş verən və baş vermiş bütün problemlər, hadisələrlə onu tanış edin, əlbəttə, onun anlayıb dərk edəcəyi şəkildə.

Lakin bütün bu deyilənlərlə yanaşı onu da qeyd etməliyik ki, hər uşağın öz psixologiyası var, ona görə də dəqiq düstur demək mümkün deyil. Sadəcə hər bir valideyn övladını yaxşı tanımalı və psixoloqun qeyd etdiyi məqamlarla yanaşı fərdi xüsusiyyətləri də əsas götürməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir