mektebli

Övladı məktəbə getmək istəməyən valideynlərə PSİXOLOQ MƏSLƏHƏTİ

Baxış sayı: 1. 898

Bəzi uşaqlar məktəbə başlamazdan əvvəl çox istəkli görünür. Lakin məktəb zamanı gəldikdə bu istəkləri yox olur və dərsə getmək istəmirlər. Xüsusilə ibtidai sinfə başlayan uşaqlarda müşahidə edilən məktəb qorxusu anadan ayrı qalma və tərk edilmə narahatlığı ilə əlaqəlidir. Uşaq ananın yoxluğu zamanı özünə və anasına zərər gələcəyi, tərk ediləcəyi narahatlığı yaşayır. Tanımadığı bir mühitdə tanımadığı insanlarla, birdən-birə tək qaldığını gördükdə qorxur və narahat olur. Əgər uşaqdan soruşsanız, o, bu narahatlıq əvəzinə ailəsi ilə isti evində qalmağa üstünlük verər. Türkiyəli psixoloq Figen Karaceylan Çakmakçı məktəbə getmək istəməyən uşaqlarla necə davranmaq lazım olduğunu açıqlayıb. “Gencaile.az” Aile.lent.az-a istinadən mütəxəssisin fikirlərini təqdim edir.

İlk ayrılıq: məktəb zamanı gəldi!

Əlbəttə, uşağın ana və ya atadan uzun müddət ayrı qaldığı ilk gün məktəbin ilk günüdürsə, uşaq məktəbi sevməyəcək. Çünki ilk dəfə məktəb onu ailəsindən ayırır. Buna görə də məktəb dövrü başlamazdan əvvəl bu həddindən artıq asılılığı aradan qaldırmaq üçün ailələr müxtəlif təlimlər həyata keçirməlidirlər: “Uşağınızın yanından ayrılarkən bunun səbəbini, hara gedəcəyinizi və nə zaman gələcəyinizi ona bildirin. Əgər söylədiyiniz vaxt gəlməsəniz, uşaq tərk edildiyini düşünəcək. “Axır ki, gəldim”, – desəniz də, o, hər gedişinizdə “birdən geri qayıtmaz”, – deyə düşünərək, narahat olacaq. Uşağınızın məktəb qorxusunu aşmasında məktəbin da böyük rolu var. Müəllim uşağa məktəbi sevdirməli, məktəbin nə işə yaradığını uşağın başa düşəcəyi bir formada izah etməlidir. Əgər uşağınızı məktəbdə tək qoyacağınızdan qorxursunuzsa, onun da rahat olmasını gözləməyin”.

Məktəb qorxusunun kökündə duran səbəblər

• Ümumiyyətlə, məktəb qorxusunun qaynağı ana və ya ananı əvəz edən insandan ayrılma qorxusudur.

• Ayrı qalmaq qorxusu ana və atada da varsa, uşağa da keçmiş olur

• Uşaq öz yoxluğunda ana-atasına nəsə olmasından və ya onu tərk edib gedəcəklərindən qorxur.

• Ana və ata uşağı özlərindən asılı tərbiyə edib böyütdükləri üçün uşağın özünəinamsızlığı məktəbdən qorxmasına səbəb olur.

• Uşaq tək olduqda özünü güvənsiz hiss edir.

Bu səbəblərdən də aydın olduğu kimi, erkən uşaqlıq dövründə davamlı ana-ata dəstəyi alan, məsuliyyət duyğusu aşılanmayan, özünəinamı inkişaf etməyən uşaqların məktəb qorxusu yaşaması realdır. Amma əlbəttə ki, bu, hər şeyin sonu deyil. Düzgün yanaşma olduqda uşaq hər şeyi daha sürətlə öyrənə bilər. Mütəxəssis bildirir ki, bunun üçün səmimi olmaq kifayətdir. Uşağa məktəbi sevdirə və nə olur-olsun məktəbə getməsini təmin edə bilsəniz, tezliklə məktəbə alışacaq: “Məktəb qorxusu daha çox məktəbə yeni başlayan uşaqlarda müşahidə edilir. Lakin daha irəli yaşlarda da baş verə bilər. Ailə daxili problemlərdən, məktəbdə baş verə bilən mənfi hallardan və ya sinifdə yaşadığı qorxudan da qaynaqlana bilər”.

Məktəb qorxusunun əlamətləri

• İstəksizlik, küsəyənlik və əsəbilik

• İştahsızlıq və yuxuda narahatlıq

• Məktəbə marağın olmaması

• Məktəbdə və evdə səbəbsiz yerə ağlamaq, dava-dalaş salmaq və diqqət cəlb etməyə başlamaq

• Evdə qalmaq və məktəb tapşırıqlarını etməmək üçün bəhanə axtarmaq

• Xəstə olmadığı halda tez-tez baş və ya qarın ağrısını bəhanə etmək

• Məktəbə gedərkən ağlama, xəstələnmə kimi davranışlar nümayiş etdirmək və evdə qalmağa icazə verildikdə bunların birdən-birə itməsi

Məktəb qorxusunun öhdəsindən necə gəlməli?

• Bu mövzuda güzəştə getməyin, uşaq hər gün mütləq məktəbə getməlidir

• Uşağa məktəbin məqsədini açıqlayın. Məktəbə getmədiyi halda sinif yoldaşlarından geri qalacağını və dərslərdə axsayacağını izah edin. Uşağın özünü tərk edilmiş və tənha hiss etməsinə gətirib çıxaran davranışlardan uzaq olun.

• Qorxusu yüksək səviyyədədirsə, ilk həftə məktəbə birlikdə gedib-gələcəyinizi deyin. Bu, ardıcıl olarsa, onu tərk etməyəcəyinizi anlayacaq.

• Məktəbə getmədiyi üçün onu günahlandırmayın, qorxu və göz yaşlarına rişxənd etməyin.

• Vidalaşmaları tez və qısa edin.

• Onunla gününün necə keçdiyi haqqında danışmaq hər ikinizi də rahatlaşdıra bilər.

• Uşağa məktəbə getməli olduğunu və vaxt keçdikcə bu qorxunun onun dərslərindən geri qalmasına səbəb olacağını izah edin.

• Uşağın narahatlıqları, duyğuları haqqında danışmaq həm çətinliyini paylaşmasına, həm də onu anladığınızı hiss etdirməyə səbəb olacaq.

• Bu çətin vəziyyətin müvəqqəti olduğunu, özüylə eyni vəziyyətdə olan başqa uşaqların da olduğunu deyin.

• Boş zamanında oyun bacarıqları qazandıraraq ana-ataya asılılığı azaldın.

• Ana-atasını gözləmə vaxtı dəqiq olduqda uşaq qorxusunun öhdəsindən gələ bilər.

• Bütün bunlara rəğmən, məktəb qorxusu davam edərsə, uşaq psixiatrına müraciət edin. Edilən bir səhv məktəb qorxusunun davam etməsinə və problemin böyüməsinə yol aça bilər




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir