Ulviyye Efendiyeva

Övladı qəbul imtahanı verən valideynlər necə davranmalıdırlar?

Baxış sayı: 944

Artıq sabah abituriyentlər üçün önəmli olan qəbul imtahanları keçiriləcək. İmtahanqabağı stress, qayğı, depressiya, yorğunluq, narahatlıq, ümidsizlik kimi hallar bir çoxlarının üzləşdiyi əsas problemlərdəndir. Uğursuzluq qorxusu yaşayan uşaqlar imtahandan öncə, imtahana hazırlaşarkən, imtahan vaxtı və topladığı balların məlum olduğu dönəm psixoloji sarsıntı keçirilər. Bu hallar abituriyentlərin imtahanda göstərdikləri nəticələrə də öz təsirini göstərir.

İmtahan öncəsi abituriyentlər sərbəst olmalı, dostları və ya ailəsi ilə birgə gəzintiyə çıxmalı, istirahət etməli, beyinləri sakitləşməli, normal yuxu yatmalıdırlar.

Valideynlər də öz növbəsində övladlarına təzyiq göstərməsələr daha  yaxşı olar. Bu vaxtlarda ailə  mənəvi dayaq olmalı, uşaqda özünə əminlik hissi aşılamalı, özgüvəni yüksəltməlidir.

ixtisas secimi

Gələcəkdə bağlı hər zaman bir seçim və ümid var. İmtahan nəticələri bilinmədən ehtimallar və seçimlər üzərində danışmaq çox yararlı olmaya bilər. Bu, əksinə uşaqlara olan sağlam münasibətlərinizə zərər verə bilər. Başqalarının yanında inam qazandırmaq lazımdır, tənqid etmək yox! İmtahan nəticəsinə hazırlıqlı olmaq lazımdır!

Bəzən valideynlər “Mütləq qəbul olmalısan”, “Yüksək bal toplamalısan”, “Universitetə qəbul olmasan, biabır  olacağıq”,Əziyyətimizi itirsən, nə edəcəksən” kimi mənfi fikirlər səsləndirir və ya övladlarına məcburi ixtisaslar seçirlər. Təbii ki, bu doğru yanaşma deyil.

“Universitetə daxil olmasan , dünyanın sonu deyil”, “ Bu il alınmasa gələn il daha çox çalışıb , qəbul olarsan”, “Sənin varlığın daha dəyərlidir” , “ Sən bizə diplomundan daha dəyərlisən” kimi fikirlərlə motivasiya olmalıdırlar.

Bəzən imtahan dönəmində valideynlər də həssas olurlar, çox həyəcan keçirirlər. Əgər onlar özləri və övladlarına mənəvi dəstək ola bilmirlərsə, mütəxəssisə müraciət etmələri məsləhətdir.

Ümumiyyətlə, insanın bir şəxsiyyət kimi formalaşmasında diplom birinci amil deyil. Əsas sağlam can, sağlam ruhdur. Valideyn bunu bilməlidir ki, hər bir uşağın öz potensiali, qavrama ,dərketmə qabiliyyəti vardır, onları nəyəsə məcbur etmək doğru deyildir. Övladının potensialı və istəyi hansı sahəyədirsə, o yolda ona dəstək olmağı daha yaxşıdır.

ders

Nəticə nə olursa, olsun valideynlər uşaqla bağlı üzərinə düşən vəzifə və öhdəlikləri yerinə yetirməlidirlər. Seçimləri düzgün dəyərləndirməli, sakit və ağıllı davranmalıdırlar. Həyat və imtahan bir-birindən çox fərqli ola bilər. Çünki imtahanda uğursuzluqla qarşılaşmaq, həyatda da hər zaman uğursuzluqlarla qarşılaşmaq demək deyil. Abituryent imtahanda gözlədiyi nəticəni əldə etməmişsə, çalışmaq istəyi varsa və bacarığına inanırsa təkrar hazırlamasına, dəstək olun. Uşağınız təkrar girmək istəmirsə, həyata atılmağına kömək edin. Həyatda bacarıqlı və xoşbəxt olmanın tək yolu imtahan qazanmaq deyil, iş həyatına başladıqdan sonra təhsili tamamlamaq mümkündür. Universitet oxumadığı halda belə həyatında çox xoşbəxt və işində bacarıqlı olan insanlar vardır. Başqa sözlə, hər kəs universitetdə təhsil almalıdır kimi yalnış düşüncədən daşınmalıyıq. Bizim  cəmiyyətin dərziyə, bərbərə, rəssama , aşpaza və bir çox gözəl sahələrdə çalışan peşəkarlara da ehtiyacı var.

 

Psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva




1 şərh “Övladı qəbul imtahanı verən valideynlər necə davranmalıdırlar?

  1. Kamran Agayev

    Mence aktual movzudu. Hem imtahan oncesi hem sonrasi bele mutexessis yazilarinin olmasi usaq ve valideynlerin nece davranmali oldugunu gosterir.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir