masin

Övladını faciəyə itələyən valideyn: “Al, sür, kef elə”

Baxış sayı: 513

Övladını ərköyün böyüdən, “uşağa “yox” demək olmaz” prinsipini əlində bayraq edib hər istəyini yerinə yetirmək üçün qan-tər tökən, bir gün də avtomobilin açarlarını şəstlə oğluna və ya qızına uzadıb “al, sür, kef elə”, deyən ata-ana baş verə biləcək hər cür fəlakətə, faciəyə də hazır olmalıdır. Kimsə övladı ilə imtahana çəkilməsin, arzulayırıq. Amma valideyn övladını faciəyə itələyirsə, o zaman müqəssir kimdir? Qəribə olan budur ki, bəzi valideynlər qüsurlarını, nöqsanlarını görmür, hətta qanunu pozduqlarını qəbul etməyərək özlərini “haqlı” hesab edirlər. Bakının Nizami rayonunda baş vermiş hadisə bu qəbildəndir. 8-ci kilometr qəsəbəsi yaxınlığında baş verib. Nizami RPİ-nin DYPŞ-nin əməkdaşları “8-ci kilometr” qəsəbəsi yaxınlığında, ön tərəfdə 3, arxa tərəfdə 4 azyaşlının əyləşdiyi avtomobili saxlayıb. Məlum olub ki, avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan 15 yaşlı yeniyetmədir. Sərnişinlərsə onun sinif yoldaşlarıdır. Yol polisi yeniyetmələri avtomobildən düşürüb, nəqliyyat vasitəsini müvəqqəti duracağa yerləşdirib. İnzibati xəta haqqında protokola əsasən, bundan sonra yeniyetmənin atası 1985-ci il təvəllüdlü S.Sultanov (şərti) əraziyə dəvət edilib. Valideynsə dava-dalaş salıb, özünü mötəbər şəxs kimi təqdim edərək DYP əməkdaşlarına qarşı xuliqanlıq edib. Əraziyə dəvət edilmiş digər polis əməkdaşlarının köməyi ilə o saxlanılıb. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib. Saxlanılan şəxs Nizami Rayon Məhkəməsinə gətirilib və məhkəmənin qərarı ilə ona 8 sutka inzibati həbs cəzası verilib.

Oxşar hadisələr təəssüf ki, tez-tez baş verir. Valideynlər sürücülük vəsiqəsi olmayan, sürücülük vəsiqəsi alınmasına yaşı çatmayan övladlarına avtomobilin sükanını etibar edir. Faciələr də belə baş verir. Bir neçə il əvvəl Gəncədə baş vermiş faciə yəqin ki, yaddaşlardan silinməyib. Sükan arxasında əyləşən 11-ci sinif şagirdi qəza törətmişdi, nəticədə həm özü həlak olmuşdu, həm də başqa bir yeniyetmənin həyatına son qoymuşdu.

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov yeniyetmələrin iştirakı ilə baş verən avtomobil qəzalarının birbaşa valideynlərin günahı, səhlənkarlığı və məsuliyyətsizliyindən baş verdiyini bildirdi:

” Xüsusən, məktəblərdə tədris bitmək üzrə olduğu ərəfələrdə belə hadisələr çox yaşanır. Sanki valideynlər övladlarına tədrisin bitməsi münasibətiylə “hədiyyə” edirlər. Bu, çox təhlükəlidir. Yeniyetmələrin iştirakı ilə baş verən avtoqəzaların sayının çoxaldığını görürük. Günahkar birbaşa valideyndir. Ata-ana övladını bilərəkdən necə təhlükəyə ata bilir, şəxsən mənim üçün müəmmadır. Təsəvvür edin ki, ata gəlir hadisə yerinə, günahı anlamaq, üzr istəmək, peşman olmaq əvəzinə, dava salır, polisə tabe olmur. Yəni bu insan qanunu pozduğunun fərqində deyil. Birincisi, sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil idarə etməyi tapşırmaqla qanunu kobudcasına pozub, ikincisi, hüquq-mühafizə orqanlarına tabe olmamaqla, onlara qarşı kobud davranmaqla qanunun tələblərini pozur. Amma bunun fərqində deyil, vecinə almır heç kəsi, heç bir qanunu. Özünü haqlı sayır. Bu qədər də dikbaşlıq, meşşanlıq olarmı?!. Belə insanlar ağır şəkildə cəzalanmalıdır. Amma onlarla qanunun tələbləri çərçivəsində davranılır”.

Ə.Hüseynov qeyd etdi ki, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə 100 manatdan 400 manatadək cərimə nəzərdə tutulur. Cərimələrin tətbiqində avtomobillə qəza törətmə, qəzanın dərəcəsi, xəsarətlər və sairə nəzərə alınır:

“Konkret bu hadisədə avtomobili idarə edən yeniyetmə olduğu üçün onun valideyni məsuliyyətə cəlb olunub. Qəza törədənin məsuliyyətə cəlb olunması üçün 16 yaşı tamam olmalıdır. Yeniyetməlik yaşına çatmaması yüngülləşdirici hal kimi nəzərə alınır. Cinayət əməlidirsə, Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunur (263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, eləcə də bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur). Ə.Hüseynov bildirib ki, qəza törədən yeniyetmə dünyasını dəyişibsə, cinayət məsuliyyəti də istisna olunur. Əgər həmin avtomobilin sahibi bilə-bilə avtomobili yeniyetmənin idarəsinə veribsə, həmin şəxs də inzibati məsuliyyətə cəlb edilir. Avtomobili verən şəxs İnzibati Xətalar Məcəlləsinin 335-ci maddəsi ilə məsuliyyətə cəlb olunur. Belə hadisə olduqda həm də mülki məsuliyyət də yaranır. Yəni vurulmuş maddi ziyanı qarşılamaq, kimsə dünyasını dəyişibsə, xəsarət alıbsa, həmin adama və ya adamlara kompensasiya ödənilir. Belə hallarda kompensasiya ödənişini avtomobil sahibi ödəməlidir. Əgər hadisəni törədənin yaşı 16-dan aşağıdırsa, həmin şəxsi cinayət və inzibati məsuliyyətə cəlb etmək olmur. Azyaşlı barəsində materiallar yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaya göndərilir. Həmin uşaq və onun valideyni barəsində qanunamüvafiq tədbir görülür”.

 

Məlahət Rzayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir