Dünyanın bir çox ölkələrində məişət zorakılığı və digər mövzularda təlimlərlə çıxış edən Avstriya Əmək, Sosial Müdafiə, Səhiyyə və İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyinin baş mütəxəssisi Dr. Manuela Hargassner-Delpos hesab edir ki, ölkəsindən, mühitindən və onu əhatə edən cəmiyyətdən asılı olmayaraq hər bir qadın özünü gücləndirə bilər.
“Gencaile.az” saytı “Publika.az”-a istinadən ekspertlə məişət zorakılığı barədə müsahibəni təqdim edir.
Stereotiplər həm qadınlar, həm də kişilər üzərində böyük təzyiq yaradır
– Azərbaycanda və Avropa ölkələrində qadınların zorakılığa məruz qalma səbəbləri nə ilə seçilir?
– Bunun kökləri insanların düşüncə təməlindən qaynaqlanır. Biz burada kişi və qadınlarla bağlı stereotiplərlə savaşırıq. Stereotiplərin əsasını kişi və qadınlar arasındakı davranış fərqləri təşkil edir. Təbii ki, müxtəliflik mövcuddur. Bu müxtəliflik sizin mədəniyyətiniz, dininiz və tarixinizlə əlaqəlidir. Və bu stereotiplər həm qadınlar, həm də kişilər üzərində böyük təzyiq yaradır. Əgər bu təzyiqin həcmi böyükdürsə, məişət zorakılığına yol açır. Stereotiplər fərqli olsa da, onlardan yaranan nəticələr eyni olur və bu, bir bölgəyə xas olmamaqla bütün dünyada oxşar formada özünü göstərir.
– Qadınlara və uşaqlara qarşı edilən zorakılıq hadisələri o qədər çox olur ki, artıq jurnalistlər də bu barədə yazmağa iyrənir. İnsan həqiqətən bir nöqtədə tükənir… Siz illərdir ki, dünyanın müxtəlif ölkələrində zorakılığa qarşı mübarizə mövzusunda təlimlərlə çıxış edirsiniz. Gəldiyiniz nəticəni bizimlə bölüşə bilərsiniz – son illərdə qadın ölümlərinin, intihar hallarının, istər psixoloji, istərsə də fiziki təzyiqin səbəblərinin izah olunası bir tərəfi varmı?
– Bu cür cinayət hadisələrinin son zamanlarda bu qədər artmasının bir səbəbi pandemiya oldu. Bildiyiniz kimi, koronavirus pandemiyası bizim azadlıq imkanlarımızı məhdudlaşdırıb. Biz iki saatlıq icazələr və yalnız müəyyən məkanlarla məhdudlaşdırılmışdıq. Biz etməyi xoşladığımız şeyləri etməyə icazə verilməməklə məhdudlaşdırılmışıq. Fəaliyyətlərimizi həyata keçirməyimiz üçün lazım olan seçim imkanlarımız da məhdudlaşıb. Üzərinizdə bu qədər çox məhdudiyyətlərin olması gərginliyə gətirib çıxarır. Bu gərginlik də içimizdəki – o cümlədən stereotiplərlə bağlı təzyiqləri artırdığından, öz növbəsində məişət zorakılığı ilə bağlı faktların sayını çıxaldır.
Bu əziyyətin miqdarı ölkədən-ölkəyə dəyişir
– Bəs Azərbaycanda qadın zorakılığı ilə bağlı statistik məlumatlarla tanış olmusunuz?
– Düzünə qalsa, buradakı rəqəmlərlə tanış deyiləm. Mənə polis hesabatlarında öz əksini tapmış və ictimailəşmiş hadisələrin statistikası məlumdur. Aydın məsələdir ki, bu, aysberqin sadəcə görünən hissəsidir. Təbii ki, görmədiyimiz o qədər çox hadisə var ki, onlar bildirilməmiş şikayətlərdən ibarət olur. Amma hazırda Dövlət Komitəsi Monitorinq Qrupu yaradıb və sadəcə polis deyil, təhsil və tibb müəssisələri də bu cür faktların gün işığına çıxarılmasına cəlb ediliblər. Mən bu rəqəmləri əzbər bilmirəm və bunları Avropa İttifaqı ölkələri ilə müqayisə etməyə də gərək yoxdur. Daha yaxşı olardı ki, bunun haradan qaynaqlandığını bilək və dəyişməyə çalışaq. Hətta əlimizdə bütün ölkə üzrə 3 fakt olsa belə, onu araşdırıb yox etmək üçün əziyyət çəkməyə dəyər. Bu əziyyətin miqdar ölkədən-ölkəyə dəyişir. Bəzi ölkələr spesifik sahələrlə məşğul olmalı olduqları halda, digər ölkələrdə bu, özünü başqa formada büruzə verir. Mən yenə də stereotiplərə müraciət etməli olacağam, çünki bundan asılı olaraq hədəf nöqtəsi də ölkədən-ölkəyə dəyişir. Bu faktlarla bağlı kəmiyyətdən çox keyfiyyətlə bağlı olan məlumat bazalarının araşdırılmasında maraqlıyam.
– Bütün bunlarla mübarizədə mətbuatın rolunu necə qiymətləndirirsiniz?
– Azərbaycan jurnalistləri üçün təşkil olunan təlimdə biz media və jurnalistlərin rolunu müzakirə etdik. Mənim düşüncəmə görə (bu həm də Avstriyanın düşüncəsidir), bizim media tərəfindən maarifləndirmə ilə bağlı yerinə yetirilməli olan öhdəliklərimiz var. İcra hakimiyyəti, qanunverici orqan və məhkəmədən əlavə olaraq, 4-cü bir qüvvə kimi çıxış edən media balanslaşdırıcı funksiyaya sahib olmalıdır.
Yolunda getməyən münasibəti sonlandırmaq üçün daha çox imkana sahib olacaqlar.
– Gəlin, boşanma səbəblərinə də toxunaq. Xanım Manuela, bu məsələyə məişət zorakılığının təsiri nə qədər çoxdur?
– Bu, çox çətin sualdır. Çünki ölkədən-ölkəyə bu spesifik xüsusiyyət dəyişir. Qeyd etdiyim kimi, şəhər və kəndlərdə bu məsələ özünü fərqli formada göstərir. Məsələ cinsiyyət və azadlıqla bağlıdırsa, qeyd edə bilərəm ki, biz bu mövzunun öhdəsindən az da olsa, gəlmişik. Avropada insanlar – burada söhbət daha çox qadınlardan gedir – daha çox iqtisadi azadlığa malik olsalar, o zaman yolunda getməyən münasibəti sonlandırmaq üçün daha çox imkana sahib olacaqlar. Şiddət məsələsinə gəldikdə, biz bunları görmürük, çünki bu faktlar çox vaxt bildirilmir. Və bildirilənlər də aysberqin üzdə qalan hissəsindən başqa bir şey olmur. Bununla bağlı dəqiq məlumat bazasına sahib deyilik. Mənim bunlarla bağlı ümumi və səthi fikirlərim var. Elmlər Akademiyasının işçiləri ilə həyata keçirdiyim çoxlu sayda intervyulardan, psixoloqlarla danışdığım zaman, ailələrlə apardığım fərqi söhbətlərdən, sığınacaqda yaşayan insanlarla, yaxud da dövlət məşğulluq idarəsi işçiləri ilə danışdığım zaman belə nəticəyə gəlinir ki, məsələ hər zaman evə qazanc gətirməklə bağlıdır. Əgər qadın və ya kişi evə çörək gətirə bilmirsə, spirtli içki, narkotik vasitələrdən və s. asılılıq problemi varsa, bunlar əsas səbəblər sayılır. Amma mən boşanmaların arxasında dayanan şiddətin həcmini və ümumiyyətlə məişət zorakılığı ilə bağlı faktların həqiqi sayını görə bilmirəm, çünki təqdim edilən məlumatlar etibarlı və əsaslı mənbədən gəlmir.
Qəlibləşmiş ailə modelinin əleyhinəyəm
– Müqayisəli suallarıma davam etmək istəyirəm. Sizcə, Şərq, yoxsa Qərb qadını müasir dünyanın qanunları ilə daha yaxşı ayaqlaşa bilir? Hansı daha güclü və ya xoşbəxtdir?
– Həqiqətdə olan faktlar mənim cavabımdan asılı deyil. Çünki mənim buradakı qadınları daha güclü və ya daha az güclü hesab edib-etməməyimdən asılı olmayaraq bilməlisiniz ki, hər bir qadın güclü ola bilər. Demək istədiyim odur ki, bu, dünyəvi məfhumdur. Ölkəsindən, mühitindən və onu əhatə edən cəmiyyətdən asılı olmayaraq hər bir qadın özünü gücləndirə bilər. Sizi əhatə edən mühitdən asılı olmayaraq ayağa qalxa və olmaq istədiyiniz qadın ola bilərsiniz. Avropa və Şərq qadınları arasındakı fərqə gəldikdə, Avstriya və Azərbaycan qadınlarını misal göstərsək, məncə, əsas məsələ təhsil səviyyəsindədir. Təhsil səviyyəniz nə qədər yaxşıdırsa, həyata qarşı duruşunuz daha yaxşı olur, öz pulunuzu özünüz qazanmanız, istədiyiniz yerə səyahət etmə, istədiyiniz işdə işləmə və öz ətrafınızı özünüzün yaratma imkanınız olur. Mən bu məsələ ilə bağlı danışarkən Avstriyadakı qadınların daha bacarıqlı olması ilə bağlı fikri zədələmək istəmirəm. Vurğulamaq istədiyim məsələ odur ki, bizim qadınların uzun müddətdir ki, azadlıqları var və bunu uşaq vaxtı, balaca qız olduğunuz andan etibarən eşidirsinizsə, onun üzərinizdə təbii ki, böyük təsiri olur. Mən qəlibləşmiş ailə modelinin əleyhinəyəm. Kişi qolları ilə ailəsini qucaqlayır, qadın uşağı qucağında tutur və s. Mən beynimizdəki stereotipləri qırmaq üçün bu modeldə övladını qucağında tutan şəfqətli bir kişi, öz işi və ya maşını ilə məşğul olan bir xanım görməyi daha çox istərdim, mənim seçimim bu yöndə olardı. Avstriyada bizim məhsul satışı ilə bağlı bir çox televiziya reklamlarımız var, hansında ki, kişilər ev işləri ilə məşğul olur, yemək bişirir evə bazarlıq edir və s. Məncə, bununla təkrar-təkrar, daimi olaraq rastlaşdığınız zaman bu cür reklamlar sizin düşüncə tərzinizə təsir göstərir. Sizdə, Azərbaycanda fərqli yanaşma mövcuddur və bu düşüncə formasını, fundamental düşünmə tərzini dəyişmək üçün fərqli üsullardan istifadə etməlisiniz.
– Sizin təlimlərdə iştirak etdiyim üçün özümü şanslı sayıram, xüsusilə Avstriyadan gətirdiyiniz şokoladların dadlı olduğunu demədən keçə bilmərəm. Bəs siz Azərbaycanı hansı təəssüratlarla tərk edirsiniz?
– (Gülür) Mən buradan gedərkən həmişə deyirəm ki, Azərbaycana yenə gəlmək istəyirəm. Buranın insanlarını həqiqətən çox sevirəm, onlar çox mehriban və istiqanlıdırlar. Hotelimizə gəldiyimiz zaman belə, bizi öz dostları kimi qarşılayırlar. Biz sanki öz evimizdən Azərbaycandakı evimizə gəlmişik kimi hiss edirik. Buranın yeməklərini, mühitini, atmosferini və ümumilikdə bu ölkəni çox sevirik.
Qeyd edək ki, avstriyalı ekspert bir neçə gün əvvəl Avropa İttifaqının maliyyə dəstəyi, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universitetinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində Bakının qonağı olub.