usaq

Övladını tərbiyə edə bilməyən valideynlərə pul cəzası veriləcək

Baxış sayı: 1. 429

Azərbaycanda yetkinlik yaşına çatmayan uşaqların təlim-tərbiyə vəzifələrini lazımınca yerinə yetirməyən valideynlərə və onları əvəz edən şəxslərə qarşı cəzalar sərtləşdirilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, təlim-tərbiyə vəzifəsini lazımınca, eyni zamanda, üzrlü səbəblər olmadan yerinə yetirə bilməyən valideynlər və onları əvəz edən şəxslər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına görə də cərimə ediləcəklər. Bu cərimənin məbləği isə 60 manatdan 100 manata kimi olacaq.
Hazırda isə uşaqlar lazımınca tərbiyə edilmədikdə bu kateqoriyadan olan valideynlərə və ya onları əvəz edən şəxslərə yalnız xəbərdarlıq edilir. Yaxud onlar 20 manatdan 40 manata kimi cərimələnirlər.

Yeni layihədə valideynlər üçün yeni bir inzibati məsuliyyət növü də müəyyənləşdirilib.

Layihəyə görə, belə valideynlər və onları əvəz edən şəxslərin əməlləri yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitə və ya psixotrop maddələr qəbul etməsinə səbəb olduqda onlara qarşı cərimə tətbiq ediləcək. Həmin şəxslər öz əməlləri ilə yetkinlik yaşına çatmayanların avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əməlləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya 14 yaşından 16 yaşınadək olan uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda da cərimələnəcəklər. Sadalanan bu hallara görə tətbiq ediləcək cərimənin məbləği isə 50 manatdan 100 manatdək olacaq.

Layihədə 14 yaşından 16 yaşına kimi olan yetkinlik yaşına çatmayanların törətdikləri xırda xuliqanlığa görə valldeynlər və ya onları əvəz edən şəxslər üçün tətbiq edilən cərimənin də məbləği artırılır. Hazırda 30 manatdan 40 manata kimi olan cərimənin məbləğinin 50 manatdan 100 manata kimi olması təklif edilir.

Yetkinlik yaşına çatmayanların sərxoşluq vəziyyətinə gətirilməsinə görə valldeynlər və ya başqa şəxslər 50 manatdan 100 manatadək (hazırda 20 manatdan 35 manata qədərdir) cərimələnəcəklər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir