“İndiki uşaqlarda, cavanlarda cırlaşma gedir”. Yəqin ki, siz də bu fikirlə tez-tez rastlaşmısınız. Çünki yaşlı nəslin nümyəndələrinin yeni nəsillə bağlı təkrarladıqları cümlələrdən biri də məhz budur. Həqiqətən də istər küçədə, istər məktəbdə, istərsə də bağçada uşaqlara nəzər saldıqda görmək olur ki, böyük əksəriyyət daha alçaq boyludur. Hər sinifdə bir və ya iki nəfər isə digər uşaqlardan boyunun hündürlüyü ilə seçilir. Valideynlərin xeyli hissəsi isə boy atımının irsi, genetik, ailədən gəlmə olduğunu düşünür.
Bu doğurdanmı genetik məsələdir? Boy artımının ləngiməsinə səbəb olan başqa hansı amillər var?
Pediatr Günay Rəsulova bildirir ki, uşaqların boy artımına təsir edən bir sıra faktorlar var və bu, normal qidalanma, yuxu rejimi və genetik faktordur.
“Ailədə xala, bibi, əmi, dayı balaca boydursa, buna söykənərək, uşağın boy artımına diqqətsiz yanaşmaq olmaz. Bəlkə onların da zamanında boy artımına mane olan hər hansı problemi olub, bilinməyib və balaca qalıblar. Ona görə də bu durum bəhanə olmamalı və uşaqların boy inkişafına ciddi nəzarət və diqqət olunmalıdır.
Uşaqlarda boy hormonu axşam saat 11 və gecə 3 aralığında, qaranlıqda sintez olunur. Buna görə də uşaqlar yatarkən otağı işıqlı olmamalı, saat 11-dən sonra mütləq yatmalıdırlar. Bundan başqa uşağın rejimlə qidalanması da çox önəmlidir. Çox yeyən uşaqlarda diam qan, şəkər səviyyəsi yüksək tutulduğu üçün boy atma hormonu zəif sintez edir. Ona görə də boy artımının normal olması üçün rejimlə qidanlama çox vacib məsələdir”.
Həkimin sözlərinə görə, çox sadə düsturla övladınızın gələcəkdə boyunun nə qədər olacağını müəyyən edə bilərsiniz.
“Düzdür genetik faktor məsələsi də var. Biz burada ata və ana boyunu nəzərə alaraq, hədəf boyu hesablayırıq. Oğlanlar üçün böyüyəndə boyu neçə olacaq tapmaq üçün: ( Ana boyu+ Ata boyu) +13) / 2
Qızlar üçün ; ( Ana boyu + Ata boyu)-13) /2 düsturu vasitəsi ilə müəyyən edilir. Ən yaxşı və ən pis halda 2 sm artıq və ya əksik ola bilər.
Bundan başqa uşaqların boy inkişafına onun hər hansı yanaşı xronik xəstəliyininin, problemlərinin olub-olmaması da təsir göstərir. Ona görə də uşaqlar vaxtı-vaxtında həkim müəyinəsindən keçməlidirlər ki, onlarda D vitamin, dəmir azlığının olub-olmaması zamanında aşkakr edilsin”.
Leyla Mirzə