“Qızlar tez danışır” yaxud “Oğlanlar tez hərəkət edir” kimi fikirləri tez-tez eşidirsiniz? Övladınızın qız yaxud oğlan olmasından asılı olaraq onun inkişaf dinamikasındakı fərqlər haqqında müxtəlif mülahizələr eşidəcəksiniz. Elmi araşdırmalar onların bəzisini təqdiqlədiyi halda digərlərini inkar edir.
Qızlar lap çağalıqdan etibarən oğlanlara nisbətən insanların üzlərindəki emosiyalara daha həssas olurlar. Eyni zamanda onlar insanlarla ünsiyyətə daha çox meyl göstərirlər. Oğlunuz yaxınlığında hərkət edən hər hansı bir əşya olarsa yanındakı insana deyil, məhz həmin əşyaya diqqət göstərəcək.Qızınız isə əksinə, sizin üzünüzü tədqiq edirmiş kimi izləməkdən yorulmayacaq.
Oğlanlar riyaziyyatın öhdəsindən daha asan gəlirlər. Buna səbəb onların körpəlikdən görmək qabiliyyətinin obyektlərin fəzada yerdəyişməsini və məsafəni daha dəqiq izləmək imkanı verməsidir.
Qızların, yaxud oğlanların daha tez danışdığı haqqında heç bir göstərici yoxdur. Lakin məlumdur ki, qız uşaqlarının lüğət tərkibi oğlanlara nisbətən daha zəngin olur.
Oğlanlar qızlara nisbətən daha çox hərəkətli olurlar. Aktiv hərəkətlərə, tullanmağa, qaçmağa meylli olurlar. Bu oğlanların və qızların özlərinə seçdiyi oyun növlərində də özünü biruzə verir.
Böyük motorika ilə bağlı bacarıqlara gəldikdə qızların, yaxud oğlanların daha tez oturduğu, iməklədiyi və ya gəzdiyi haqqında elmi sübut yoxdur. İnkişafın bu aspektinə uşağın cinsinin təsiri yoxdur.
Sonda unutmayın ki, cinsindən asılı olmayaraq hər bir uşağın inkişafı individualdır. Bu inkişafda sizin onlara göstərdiyiniz yol və üzərində çəkdiyiniz zəhmət qat-qat üstün rol oynayır. Sizə valideyn olaraq qalan hər yeni başlanğıcda onları sevmək və dəstəkləməkdir.