Utancaq birisiniz? Çoxlu insanlar arasında sizə yönəlmiş baxışlardan sıxılırsınız, ürəyiniz tez-tez döyünür, nəfəsiniz daralır və yanaqlarınız tez bir zamanda qızarırsa, psixoloq məsləhətlərinə əməl edin.
Araşdırmalar nəticəsində qadınların daha çox utancaq olduqları ortaya çıxıb. Əgər tanımadığınız insanla eyni mühitdə olarkən utanırsınızsa, bu, ciddi problem deyil, əksinə siz normal birisiniz.
Yanaqlarınızmı qızarır?
Əgər yeni bir iş mühitində özünüzü təqdim etmək üçün ayağa qalxarkən, yanaqlarınız qızarırsa, səsiniz titrəyirsə, çoxlu insanlar qarşısında danışmaqdan hər zaman qaçırsınızsa, deməli, utancaq birisiniz. Ancaq hamı söhbətcil, məsələlərə utanmadan müdaxilə edə bilən biri olmaq məcburiyyətində deyil. Bunu unutmayın.
Özünüzə nəzarət edin
Utancaqlığınıza görə bəzi uğurlu fürsətləri qaçırdığınızı düşünürsünüzsə, artıq davranışlarınıza nəzarət etməyin vaxtı çatıb. Milli.Az ailem.az-a istinadən xəbər verir ki, “Daimi xoşbəxtlik” layihəsinin rəhbəri olan ABŞ psixoloqu Artest Battler utancaqlığın həll edilməyəcək bir problem olmadığını bildirib.
Utancaqlığın səbəbini araşdırmaq lazımdır
Psixoloq Artest Battlerin məsləhətlərinə uyğun olaraq utancaqlığın yox edilməsinin sirlərini sizə təqdim edir.
Bəzi lazımsız düşüncələrdən xilas olun
Utancaqlıqla birgə yaşamaq çox çətindir. İnsanlar arasında axmaq vəziyyətə düşmək, rədd edilmək kimi qorxular sizi passivləşdirməsin. Utancaq qadın hər zaman pis düşüncələrlə özü özünü pis vəziyyətlərə salır. Bunun üçün bəzi yalnış düşüncələrdən uzaq durmalısınız.
Probleminiz haqda bol-bol danışın
Dostunuzla, həyat yoldaşınızla utancaq olduğunuz haqda çoxlu danışın. Ancaq bunun böyük problem olmadığını unutmayın. Əgər yeni mühit sizi utandırırsa, qorxmayın. Yeni insanlarla tanışlığa, yoldaşınızla qonaqlıqlara getməyə cəhd edin. Əgər ürəkdən istəsəniz, utancaqlığınızı yox edə biləcəksiniz.
Dostlarınızdan kömək istəyin
Əgər insanlarla danışmaqdan utanırsınızsa, daha sosial və söhbətcil olan bir dostunuzdan bu haqda kömək istəyin. Dostunuzdan sizi yeni insanlara tanış etməsini, sizi tanış edərkən sizin ifadə edə bilmədiyiniz müsbət özəlliklərinizi deməsini istəyin.
Hamıdan nəyə görə fərqli olduğunuzu ortaya çıxarın
Utancaq qadın qarşı cinsin nümayəndəsinin diqqətini çəkməsi üçün ilk öncə fərqli olmalıdır. Çoxlu insanlar arasında fərqliliyinizi göstərə biləcək özəlliyinizi ortaya çıxarın. Fərqli olduğunuzu hiss etdiyinizdə artıq utanmayacaqsınız. Əgər “bu çətindir” deyə düşünürsüzsə, xatırlamalısınız ki, siz artıq utancaqlığa qalib gəlmək istəyirsiniz.
Düzgün addımlar atın
Əgər yeni tanıdığınız biriylə danışarkən utandığınızı hiss edirsinizsə, dərhal qarşınızdakı insana bir sual verin. Ancaq sualın axmaq sual olmamasına çalışın. Heç danışmadan üzünə baxmaqdansa, sual verməyiniz onun söhbət etməsinə şərait yaradacaq və beləliklə, hər şey öz yoluna düşəcək. O, sözünü bitirdikdə siz də ona verdiyiniz sualı cavablandıraraq söhbəti uzada bilərsiz. Bu, imkansız deyil. /Milli.Az/