Aysu Eliyeva

Övladınızla doğru ünsiyyət üçün 6 qızıl qayda

Baxış sayı: 627

1) Dinlənməyən uşaq içinə qapanır

Özlərinin dinlənilmədiyini düşünən uşaqlarda həm özünə inam problemi, həm də qapanıqlıq görünə bilər. Onunla danışarkən aktiv dinləyici olmalıyıq. Dinlədiyimizi başımızı sallayaraq və göz təmasını daimi saxlayaraq ifadə edə bilərik.

 

2) “Sən” yox, “mən” dilində danışın

Uşaqlara xəbərdarlıq edərkən “Sən televizora çox baxırsan, bu səhvdir və icazə vermirəm” deməkdənsə, “Mən televizor qarşısında çox uzun müddət qalmağını düzgün hesab etmirəm və bu hal məni çox narahat edir” şəklində ifadə etməliyik. Bu da uşağın ünsiyyətə qarşı müqavimətini azaldır.

 

3) Gözləntiləriniz uşağın yaşına uyğun olmalıdır

Uşaqdan istədiyimiz şeylər onun inkişaf səviyyəsinə uyğun olmalıdır. Gözləntilərimizi onların yaş qrupunu nəzərə alaraq formalaşdırmalıyıq. Məsələn, 2-ci sinif şagirdindən 1 saat kitab oxumağını istəmək onu kitabdan soyutmaqdan başqa bir nəticə verməz. Uşaqları gözləntilərimizə uyğun deyil, onların istəyinə və bacarığına uyğun istiqamətləndirərək ünsiyyət bağlarımızı daha da gücləndirə bilərik.

 

4) Tutarsızlıq etibarı zədələyir

Valideyn əvvəlcədən təxmin edilə bilən şəkildə övladına yanaşmalı, ardıcıl olmalıdır. Məntiqə əsaslanaraq hərəkət edən valideyni uşaq dərhal anlamasa da, ailənin müəyyən qaydaları qətiyyətlə davam etdirməsi uşaqda güvən hissi yaradır və bu hiss ünsiyyəti gücləndirir.

 

5) Açıqlayıcı olmaq özgüvəni artırır

Uşağın yeni daxil olduğu mühitə və ya təhsil dövrünü əhatə edən məktəb yaşına uyğun hazırlıq görmək, onunla olan ünsiyyətimizi möhkəmləndirir. Uşağı əvvəlcədən müəyyən vəziyyətlərə hazırlamaq onun özünə güvənini artırır. Əlini yumadan süfrəyə oturmamağı izah edərək etdiyimiz söhbət, uşaq üçün sonrakı dəfə xəbərdaredici halına gəlir və qurduğumuz ünsiyyət ona arzu olunan davranışları qazandıra bilər. Arzu olunan davranışlar sərgiləyən uşaq ətraf mühit tərəfindən təsdiqləndikdə, ailədən gələn xəbərdarlıqları daha ciddi qəbul edir. Bu da ailə ilə möhkəm ünsiyyət qurmasına səbəb olur.

 

6) Cəsarətləndirmək özünü ifadə etməyi asanlaşdırır

Uşaqla ünsiyyətdə onu cəsarətləndirmək çox vacibdir. Cəsarətləndirmə prosesi zamanı ona kiçik məsuliyyətlər verərək, “zəhmət olmasa” və “təşəkkür edirəm” sözlərini istifadə edərək, empatiya, yumor, tərif və mükafatla onu dəstəkləyərək çəkinilən hallara qarşı istəkli olduğunu ifadə etməsini təmin edə bilərik. Bu yolla uşaq gələcəkdə ailəsinə və ya dostlarına qarşı istədiyi vəziyyətləri rahatlıqla ifadə edə bilər.

 

Psixoloq Aysu Əliyeva




2 şərh “Övladınızla doğru ünsiyyət üçün 6 qızıl qayda

  1. Elnarə

    Sevimli psixoloqumuz.Övladımda müsbət nəticə gördüyüm tək psixoloqsunuz. Elminiz bol olsun. Oxudum çox faydalı oldu. Təşəkkür edirik

    Cavabla
  2. Mehriban Camalova

    Valideynləri aydınlatdığınız üçün minnətdaram. Düzdü, yazınızı ilk dəfədir görürəm, amma yəqin ki, başqaları da olub

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir