“Övladlarının itkisi onun ürəyini partlatdı…”

Baxış sayı: 1. 279

Xəbər verildiyi kimi, xalq artisti Nuriyyə Əhmədova oktyabrın 10-da səhər saatlarında 1 saylı Şəhər Xəstəxanasında ürək xəstəliyindən vəfat edib. Aktrisanın yaxın rəfiqəsi, həmkarı, əməkdar artist Nahidə Orucova onunla bağlı xatirələrini bölüşüb: “Onun evi olmadığı üçün biz uzun illər bir evdə, birgə yaşamışıq. O, mənim sirdaşım, ürək dostum idi. Mən bütün sirlərimi ona verirdim, böyük kimi ondan məsləhətlər alırdım. Çox xoşbəxtəm ki, belə bir görkəmli aktrisa, insan mənim yanımda olub. Mənim ev-eşiyim, nəyim vardısa, ona qurban olardı, təki o yaşayardı… Övladlarının itkisi onun ürəyini partlatdı. O, balalarına qovuşdu. Bircə nigarançılığı sonbeşiyi Faiqdən idi”.

Nahidə Orucova əziz dostunun sənətə gəlişindən, yaşadığı həyat hekayəsindən də danışıb: “Ömrünün sonlarına yaxın çox sıxıntılar yaşadı. Lakin bu sənətə gəlməsindən heç vaxt peşmançılıq hissi keçirmədi. Həmişə deyirdi ki, uşaq vaxtı Zeynəb Xanlarovaya baxıb bu sənətə gəlib. Çünki uşaq ikən onun yaxşı səsi var imiş. Buna görə də sənətə gəlişi Musiqili Teatrdan başlayıb. Lakin sonralar onun səsi itib-batdı. Bir qədər sonra “Azərbaycanfilm” kinostudiyasına getdi və oranın aparıcı aktrisası oldu. Bildiyiniz kimi, o, xeyli sayda filmlərə çəkilib. Hətta çəkildiyi elə filmlər var ki, onları biz də görməmişik…

Danışırdi ki, ailəsi heç vaxt aktrisa olmasını istəməyib. O, Şüvəlanda -kənddə böyümüşdü. Kənd yerində də bu sənətə münasibət yaxşı deyildi, ələlxüsus, qızların aktrisa olmasına. Hətta bu sənəti seçdiyi üçün bir çox qohumları ondan üz döndərmişdi. Lakin o, bütün bu maneələri, ziddiyyətləri keçib görkəmli aktrisa oldu, xalqın sevimlisinə çevrildi. Bu barədə söz düşəndə, Nuriyyə xanım deyərdi: “Mən aktrisa kimi özümü sübut etdim”.

Çox sevinirdi ki, həmin qohumları sonradan onunla fəxr etməyə başlamışdı”.

Əməkdar artist Nuriyyə Əhmədovanın şəxsi xüsusiyyətlərindən də bəhs edib: “İnsan kimi çox gözəl şəxs idi. Onun dərdi böyük idi, iki balasını itirmişdi, buna baxmayaraq başqalarının dərdinə yanan, şərik olan bir xanım, çox duyğusal, incə ürəkli insan idi…”

Nahidə Orucova xalq artisti ilə keçirilən vida mərasimi ilə bağlı narazılığını da bildirib: “O, dünyasını dəyişəndə, bütün dostları, sənət yoldaşları, onu sevənlər ağlayırdı. Onun qəfil ölümünün şənbəyə, yəni istirahət gününə təsadüf etməsinə baxmayaraq, hər kəs bir-birinə zəng edərək vida mərasiminin keçiriləcəyi yeri öyrənirdi. Mərasimə təkcə Musiqili Teatrdan deyil, “Azdrama”dan da xeyli sayda aktyor və aktrisa gəlmişdi. Gələnlər arasında Şəfiqə xanım, Vaqif Mustafayev, Cəmil Quliyev, Nurəddin Mehdixanlı, Rasim Balayev, Sənubər xanım, Naibə xanım və s. var idi. Lakin vida mərasimi hər hansı bir mədəniyyət ocağında təşkil olunsaydı, daha yaxşı olardı. Doğrudur, sevimli aktrisamızın vəfatı gözlənilməz olduğundan və iş günü olmadığından, bu məsələləri çatdıra bilmədilər. Amma heç olmasa, mərasimi Şüvəlan Mədəniyyət Evində təşkil edəydilər, camaat gəlib orda onunla layqincə vidalaşardı. Bacısı həmin vaxt Dubayda qızının yanında idi. Hadisədən xəbərdar olan kimi gəldi. Yol uzaq olduğundan, bir qədər gec çatdı, buna görə vida mərasimi bir qədər ləngidi. Təxminən saat 5 radələrində Nuriyyə xanım dəfn olundu. Nuriyyə xanım Fəxri Xiyabanda da dəfn oluna bilərdi. Lakin Şüvəlan qəbiristanlığında dəfn olunmağı özü istəmişdi. Vəsiyyət etmişdi ki, balalarının yanında uyusun. Orda onun ata-anası da dəfn olunub…”

Nuriyyə Əhmədova 1950-ci il dekabrın 26-da Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib. Əmək fəaliyyətinə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə “Mozalan” süjetlərində çəkildikdən sonra olub. Aktrisa “Həm ziyarət, həm ticarət”, “Bağ mövsümü”, “Bəxt üzüyü”, “Hər şey yaxşılığa doğru”, “Yuxu” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb, bir neçə tele-komediyaya çəkilib. 2007-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.

Aktrisa illər öncə faciəli şəkildə gənc qızını, sonra isə oğlunu itirib.

Allah rəhmət eləsin!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir