“Övladlığa verilən uşaqlar cəmiyyətin ən zəif təbəqəsidir, onlar özlərini qoruya bilmirlər. Belə uşaqların hüquqlarının qorunmasına xüsusi həssaslıqla yanaşmaq, həmin ailələrə ildə bir dəfə deyil, tez-tez baş çəkmək lazımdır”. Bu sözləri vəkil Türkel Süleymanov qüvvədə olan qanunvericiliyi şərh edərkən deyib
Onun sözlərinə görə, belə uşaqların verildiyi ailələrə tez-tez baş çəkilməlidir:
“Qəyyumluq orqanları belə ailələrə ildə bir dəfə monitorinq təşkil etməklə, sanki, işlərini yüngülləşdirmək istəyirlər. Əslində isə belə uşaqların verildikləri ailələrdə ən azı ildə dörd dəfə monitorinq təşkil olunmalıdır. Hər bir halda əlaqə tez-tez qurulduqda baş verən dəyişiklikləri daha tez görmək mümkündür”.
Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.
Sosial Xidmətlər Agentliyindən isə bildirildi ki, “Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılmaqla, övladlığagötürmə sahəsində idarəetmə təkmilləşdirilərək, bu sahədə yeni müasir idarəetmə mexanizmi yaradılıb, övladlığagötürmə prosesinin əlçatanlığı, operativliyi və şəffaflığı təmin olunub.
Rəqəmlərə gəldikdə isə, agentlikdən bildirilib ki, Azərbaycanda 2022-ci ildə 176 uşaq övladlığa verilib:
“Övladlığa verilənlərdən 85-i qız, 91-i isə oğlandır”.
Maraqlıdır, övladığa götürülmənin ləğvi halı baş veribmi?
Agentlikdən bildirilib ki, müvafiq səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə keçdikdən sonra övladlığa verilmiş uşaqlardan övladlığa götürülmənin ləğvi halı olmayıb.
Millət vəkili Fazil Mustafa deyir ki, əvvəlcə belə ailələrin monitorinqi ilə bağlı statistika açıqlanmalıdır:
“Monitorinqlə bəlli olmalıdır ki, həqiqətən də övladlığa götürülən şəxslə xoş rəftar edilirmi, hansısa spekulyasiya varmı, yoxmu. Çünki ilkin mərhələdə bunu aydınlaşdırmaq çətindir. Lakin sonrakı mərhələdə müəyyən nüanslar üzə çıxır. Statistik göstəricilərə əsasən vaxtaşırı təhlillər aparılmalıdır. Bu təhlillər olmadan araşdırma aparmaq çox çətindir”.
Deputat onu da əlavə edir ki, statistik göstəriclərə əsaslanaraq monitorinq müddəti ilə bağlı dəyişikliyin edilməsi nəzərdə tutula bilər.
Qeyd edək ki, övladlığagötürmə ilə bağlı məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə övladlığa götürülən uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə Nazirlik monitorinqlər aparır.Kimlər övladlığa uşaq götürə bilər?
Qanuna görə, aşağıdakılar istisna olmaqla, hər iki cinsdən olan, Ailə Məcəlləsinin 121.1-ci və 121.2-ci maddələri ilə müəyyən edilən tələblərə cavab verən şəxs (şəxslər) övladlığa uşaq götürə bilərlər:
məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər;
qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər;
əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər;
səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər;
məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan, sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər və bu cinayətləri törətdiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər;
barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində;
ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (Azərbaycan Respublikası vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə üzrə orta aylıq əməkhaqqının 2 (iki) mislindən) az olan şəxslər (ögey ata (ögey ana) və qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla).
Aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər.
Nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən uşağın övladlığa götürülməsi istisna olmaqla) tərəfindən uşaqların övladlığa götürülməsinə yol verilmir.
Azərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin mülkiyyətində, orada yaşayan hər bir şəxs nəzərə alınmaqla yerləşdiyi ölkənin müvafiq qanunvericiliyinə əsasən minimum normadan az olmayan yaşayış sahəsi olmalıdır.
Azərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin mülkiyyətində, orada yaşayan hər bir şəxs nəzərə alınmaqla yerləşdiyi ölkənin müvafiq qanunvericiliyinə əsasən minimum normadan az olmayan yaşayış sahəsi olmalıdır.
Ailə Məcəlləsinin 120.1.6-cı, 120.1.7-ci və 120.2-ci maddələrində qeyd olunan tələblər eyni zamanda uşağı övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslərə münasibətdə də tətbiq edilir.
Övladlığa götürmək istəyən şəxsə (şəxslərə) dair yaş tələbləri belədir.
Ögey ata (ögey ana), habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaşdır.
Ögey ata (ögey ana), habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olmayan şəxslə (şəxslərlə) övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır.
Nigar İsgəndərova