Toxunduğu hər yeri gözəlləşdirən, ictimai mühitə gözəllik, nizam-intizam gətirən məhz qadınlardır. Qızlar oxusa, peşə sahibi olsa, həyat dəyişəcək, dolayısı ilə cəmiyyət də dəyişəcək. Boşuna deyilməyib, oğlanlar oxusa özünü, qızlar oxuyarsa ailəsini xilas edir. Savadlı ana savadlı övlad, savadlı nəsil deməkdir. Tək bizim yox, bütün cəmiyyətlərdə artan qadın zorakılığının kökündə təhsilsizlik, məlumatsızlıq dayanır. Qadın oxusa, ziyası olsa bu kimi hallar minimuma enər, var ola bilmək üçün heç kimə möhtac olmaz, dolayısı ilə zorakılığa məruz qalmaz. Qadınların vəhşicəsinə qətl edilmə səbəblərinin təməlində olan 3 əsas amildən biri məhz savad səviyyəsinin az olması ilə bağlıdır.
Qadın anadır, bütün bəşəriyyət onun bətnindən törəyib. Yaradan ona elə bir qüdrət verib ki bu qüdrətin eynisi yalnız özünə məxsusdur. Tarixin bəzi dövrlərində qadınlar bu üstün xüsusiyyətinə baxmayaraq xor görülüb, əzilib, təhsildən uzaqlaşdırılıb, istismar edilib. Hələ də əksər cəmiyyətlərdə qadının namusu cəmiyyətin və ailənin şərəfi kimi qəbul edilir, qadının oxuması namussuzluq kimi qiymətləndirilir. Buna görə də onların aktiv iş həyatında iştirakının qarşısı alınır və təhsilinə mane olunur. Dünya ölkələrinin bəzilərində hələ də adət-ənənə, namus kimi səbəblərdən oxuya bilməyən qızlar var ki, çox erkən yaşda ərə verilir, qul kimi alınır, satılır. Ölkə siyasətinin əsasının gender bərabərliyinin təşkil etdiyi iddia edilən ölkələrdə belə qadınlar müstəqil və bərabərhüquqlu vətəndaş kimi sosial-ictimai həyatda iştirak edə bilmirlər, çünki təhsilsizdirlər.
Qızlar günü qeyd edilir, qızlar oxudulmur
2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının qızların cinsiyyətinə görə üzləşdiyi bərabərsizliyə diqqət çəkmək üçün qəbul etdiyi qərarla qeyd olunmağa başlayan Beynəlxalq Qız Uşaqları Gününün keçirilməsində əsas məqsəd diqqəti, qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən, xüsusilə də təhsildən kənarlaşdırılmadan əziyyət çəkən qızlara yönəltməkdir.
Beynəlxalq Qızlar Günü bir çox ölkələr üçün aktual olan uşaq nigahlarına da diqqət çəkir. Uşaq nigahı insan haqlarının pozulması deməkdir və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir. Erkən nigahlar qızları uşaqlıq çağından məhrum edir. Onları zorla təhsildən yayındırır, təməl hüquqlarından məhrum edir. Beynəlxalq Qız Uşaqları Günü qızların təhsil, qidalanma, uşaq nikahı, hüquqi və tibbi hüquqlar istiqamətində bütün hüquqlarının təmin edilməsində, bu haqda məlumatlılığın artırılmasında böyük əhəmiyyət kəsb edir.
Məhsuldar, təşəbbüskar, bacarıqlı qadınlarımızın artması, onların öz hüququnu bilməsinin nəticəsində yaranır. Qadının iqtisadi azadlığı və özünə inamı şüurlu şəkildə formalaşarsa onlara qarşı zorakılığın da qarşısı alınacaq. Ziyası, savadı, zəkası, təhsili olan qadın özünü müdafiə edəcək, özünü təmin etmək üçün iş quracaq, məhsul istehsal edəcək, iqtisadiyyata töhfə verəcək, dolayısı ilə özünü və ailəsinin rifahını həyata keçirəcək.
Utandıran həqiqətlər: statistika nə deyir?
Dünyada 15-19 yaş arasında olan hər 4 qızdan 1-i təminatsızdır və təhsil ala bilmir. Bu gün dünyada 600 milyon yeniyetmə qız yaşayır, 130 milyon qız uşağı isə məktəbə getmir. Pandemiyadan əvvəl gender bərabərsizliyi geniş yayılmış ədalətsizlik olsa da, pandemiyanın mənfi təsirləri ilə bu ədalətsizlik dəfələrlə artıb. Pandemiyadan sonra daha 11 milyon qızın məktəbə qayıtmayacağı təxmin edilirdi.
Dünyada 15-29 yaşlı gənc qadınlar məşğulluq və təhsil almaqda eyni yaşlı kişilərə nisbətən üç dəfə daha çox çatışmazlıqlar yaşayırlar. 20 yaşınadək hər 10 gənc qızdan biri cinsi zorakılığa məruz qalır. Bütün bu məlumatlar göstərir ki, bu gün bəşəriyyətin yarısı sistematik olaraq geridə qalıb, müxtəlif ayrı-seçkilik və bərabərsizliyə məruz qalır. Dünyada sürətlə texnoloji imkanların genişləndiyi, bu sahədə mütəxəssis sayının artdığı dövrdə süni intellekt və məlumatların təhlili üzrə mütəxəssislərin yalnız 26 faizi qadınlardır. Texnoloji imkanlarda irəli gedə bilsə də dünya qızların bu istiqamətdə irəliləməsini məhdudlaşdırır.
Dünyanın 39 ölkəsində oğul və qızlar mirasda bərabər pay almırlar, qızların miras haqqı azaldılaraq haqları əks cinsdən olan qohumlarına verilir. Dünya qadınlarının 30 faizi əks cins tərəfindən fiziki və ya cinsi zorakılığa məruz qaldıqlarını bildirir. Sosial bərabərliyin ən yüksək səviyyədə olduğu ilk 5 ölkə İslandiya, Norveç, Finlandiya, İsveçrə və Nikaraquadır. Sosial bərabərliyin ən aşağı səviyyədə olduğu ilk 5 ölkə isə Yəmən, Pakistan, İraq, Suriya və Çaddır.
Qlobal işçi qüvvəsində iştirak nisbəti qadınlar üçün 63 faiz, kişilər üçün isə 94 faiz təşkil edir. Dünyada qadınların yalnız 41 faizi analıq müavinəti alır. Qadınların ev işlərində yükü kişilərdən 3 dəfə çoxdur. Dünyada uşaqları ilə tək yaşayan valideynlərin 84 faizi qadınlardır.
Beynəlxalq Təhsil Günü var, beynəlxalq nəzarət yoxdur
Hər il 24 Yanvar Beynəlxalq Təhsil Günü kimi BMT-nin 73-cü Baş Assambleyasının 25-ci maddəsinə uyğun olaraq qeyd edilir. Təhsil hüququ insanın təməl hüquqlarından biridir. İnsan hüquqları, ictimai maraq və ictimai məsuliyyət deməkdir, həmçinin hamı üçün əlçatan olmalıdır. Beynəlxalq Təhsil Günü, fundamental təhsil hüququnu həyata keçirmək və davamlı, inklüziv və dinc gələcək qurmaq məqsədi ilə élan olunub. Bu beynəlxalq gün diqqəti təhsilin cəmiyyətdəki roluna və əhəmiyyətinə yönəldir, hökumətləri daha parlaq və intellektli gələcək üçün inkişafa səsləyir. Xüsusilə də qızların təhsilinin vacib olduğunu diqqət çəkən bu gün intellektli qızların dünyanın gələcəyinə töhfə verəcəyi barədə bütün dünyanı məlumatlandırmaq məqsədi daşıyır.
Təhsil əsas hüquq və sosial məsuliyyətdir. YUNESKO-nun məlumatlarına görə, dünyada 262 milyon uşaq hələ də məktəbə getmir, 617 milyon uşaq və böyük savadsızdır, 4 milyon qaçqın isə məktəb hüquqlarından məhrumdur. Bu insanlar təhsil almaq hüququndan məhrum edilib və bu vəziyyət qəbuledilməzdir. UNESKO bütün hökumət və təşkilatlardan keyfiyyətli təhsil vermək üçün səfərbər olmağı tələb edir.
Hələ 300 il dözün qızlar!
Dünyada təhsildən yayındırılan, məktəbə göndərilməyən qızların aqibəti bəlidir – ya nikah, ya istismar. Uşaq nikahlarının ən çox qeyd alındığı bölgənin Cənubi Asiya olduğu bildirilir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) hazırkı məlumatlarına görə dünyada uşaq yaşda evlənən 640 milyon qadının 45 faizi bu bölgədə yaşayır. Hindistan isə uşaq nikahlarının ən çox baş verdiyi ölkələr arasında birinci yerdədir. UNİSEF dünyada uşaq nikahlarının sayının azaldığını, lakin bu azalmanın arzuolunan səviyyədə olmadığını deyir və hesab edir ki, dünyada uşaq nikahlarının tamamilə aradan qaldırılması üçün daha 300 il gözləmək lazım gələcək.
UNİSEF-in son hesabatına görə hər il 18 yaşına çatmamış 12 milyon uşaq və yeniyetmə qız gəlin olur. Bununla belə, yeni məlumatlar göstərir ki, son 25 ildə uşaq nikahlarının sayı azalıb. 1997-ci ildə 20-24 yaş arası gənc qadınların 25 faizinin 18 yaşından əvvəl evləndiyi bildirilirdi, bu nisbət 2012-ci ildə 23 faizə, 2022-ci ildə isə 19 faizə enib. Hesabatda bildirilir ki, bu tendensiya davam edərsə, 2023-cü ilə qədər uşaq gəlinlərin sayının 9 milyona qədər azalacağı, eyni zamanda təhsilə yönəldilən qızların sayının artacağı ehtimal edilir.
UNICEF uşaq nikahlarının aradan qaldırılmasında nisbi irəliləyişin əldə edildiyini qeyd edərək, bununla belə, Covid-19 pandemiyasının, qlobal münaqişələrin və iqlim dəyişikliyinin artan təsirlərinin bu sahədə çətin qazanılmış nailiyyətləri təhlükəyə ata biləcəyini də ifadə edib. Hesabata görə, təkcə Covid-19 epidemiyasının yaratdığı təsirlərin 2020-2030-cu illər arasında 10 milyona yaxın uşaq nikahına səbəb olacağı, dolayısı ilə bu qədər qız uşağının təhsildən yayındırılacağı gözlənilir.
Ona sadəcə şərait yaradın
Bəzən təhsil ocaqlarında neqativ halların olması ilə bağlı medianın gündəminə bəzi hadisələr çıxır. Etiraf etmək lazımdır ki, təhsil məsələsində Azərbaycan hər iki cins arasında tarazlığı qoruyan ölkələrdəndir. Neqativ halların olması bunu inkar etmir. Qadın və kişi sözdə, qanunlarda bərabərhüquqlu olduğu kimi cəmiyyətdə də eyni olmalıdırlar və ölkəmizin qanunları bunu demək olar ki, təmin edə bilir. Bu təminatın tam olması üçün qadınların təhsilə çıxışının da tam olması şərtdir. Qadın və kişilərin inkişaf imkanlarının bərabərliyini təmin etmək üçün, qadının iş mühitində özünü təsdiqləməsi üçün siz də əlinizi daşın altına qoyun, onlara nəfəs dərmək üçün şərait yaradın. Necə deyərlər, qızlarınıza doğru ayaqqabını verin, dünyanı fəth eləsin.
Güclü qızlar, güclü gələcək deməkdir. Qızlarınıza ağılları, bilikləri, zəkaları və şəxsiyyətləri ilə var olmağı öyrədin. Arzularını həyata keçirən təhsilli, qərarlı, zəkalı qızlarla dünya daha da gözəlləşəcək. Ölkəmizdə qızların təhsilinə, ziyasına olan diqqət bir çox müsəlman ölkəsində yoxdur. Bizim üçün normal olan haqlar başqa bir ölkədə qızların ancaq arzusu, xəyalıdır.
Oxuyun, qızlar! Mütləq oxuyun. Sizi gözləyən, önünüzə çıxan, ayağınıza dolaşan bütün əngəlləri aşın və oxuyun. Əmin olun, bütün dünyada qızların bərabər təhsil ala bildikləri, ayrı-seçkiliyə məruz qalmadıqları və həyatları boyu öz qərarlarını verə bildikləri bir gələcək gələcək. Mütləq gələcək!
Lalə Mehralı