xeste

Öz həkimlərimizə niyə etibar etmirik?

Baxış sayı: 1. 597

Xəstələr müalicə üçün Azərbaycandakı tibb müəssisələrini qapı-qapı gəzsələr də, pulları gedir, şəfa tapa bilmirlər. Məhz buna görə də xəstələrimiz xarici ölkələrə kütləvi axın edirlər. Sirr deyil ki, bizimkilər müalicə üçün İrana, Türkiyəyə, son vaxtlarsa daha çox Gürcüstana üz tuturlar.

Tibbi ekspert Adil Qeybulla bildirir ki, ümumiyyətlə, tibbi xidmətlər üçün xarici ölkələrə axın dünyanın hər yerində var: “Bir ölkədən müalicə, əməliyyat üçün başqa ölkəyə gedirlər. Bizimkilər ağır xəstəliklərdən şəfa tapmaq üçün Türkiyəyə, İrana üz tutsalar da, həmin ölkələrin özündən müalicə üçün Almaniyaya gedirlər. Bu axın var. Amma Azərbaycanda xəstələrin xarici ölkələrə axını diqqətçəkəcək qədər çoxdur. Bizim vətəndaşlar daha çox İrana gedirlər. Ona görə ki, orada tibbi xidmətlər baha deyil. Bu, heç də İrandakı həkimlərin daha savadlı, tibbi xidmətin daha yüksək səviyyədə olmasını göstərmir. Bizim tibbi xidmətlər bahadır. Burada əsas faktor tibbi xərclərdir. Bizimkilərin müalicə üçün Tehrana deyil, nisbətən ucuz xəstəxanaların olduğu bölgələrə getməsi faktı bunu təsdiqləyir. Məsələn, Təbrizə daha çox üz tuturlar. Ona görə ki, Təbriz klinikaları Tehrandakı klinikalarla müqayisədə daha ucuzdur”.
A.Qeybulla vurğulayıb ki, İranın ölkəmizdə özəl xəstəxanalardan birini icarəyə götürməsi mövcud vəziyyəti dəyişdirməyəcək: “Sadəcə, bu addım İrandan olan həkimlərin azərbaycanlılarla fəaliyyətini daha da stimullaşdıracaq”.

Həmsöhbətimiz əlavə edib ki, bu sahədə Azərbaycan qanunlarında müəyyən boşluqlar var: “Xarici ölkələrdə, elə qonşu Türkiyədə həkim işləmək üçün müəyyən baryerlərdən keçməlisən. Amma istənilən ölkə vətəndaşı gəlib maneəsiz Azərbaycanda işləyə bilir. Azərbaycan və İran arasında səhiyyə sahəsində əməkdaşlıq olacaqsa, müvafiq qanunların hazırlanması zəruridir”.

Tibb müəssisələrimizin texniki avadanlıqlarla nə dərəcədə təchiz olunmasına gəlincə, tibbi ekspert bildirib ki, bizim tibb müəssisələrinin texniki avadanlıqlarla təchizatı İrandan geri qalmır. “Əvvəllər insanlar İranda məhz tibbi xidmət ucuz olduğu üçün ora gedirdilərsə, indi bu bir alışqanlığa, dəbə çevrilib. Biri o birindən İranda müalicə aldığını eşidib gedir”.

Psixoloq Ramil Nəcəfli bildirir ki, pasiyentlər bir ağızdan deyirlər ki, Azərbaycanda tibbi xidmət bahadır: “Ölkədə tibbi xidmətin baha olması ilə yanaşı, xəstələr dərdinə çarə tapmaq üçün savadlı həkim tapa bilmirlər. Təəssüf ki, həkimlərimiz düzgün diaqnoz qoya bilmir. Müalicə uzun müddət çəkir, ağır xəstəliklərdən sağalanlar az olur. Cəmiyyətdə dolaşan bu fikirlərlə biz hər zaman rastlaşırıq”.

Bəs, bu işin kökündə nə dayanır? Müsahibimizə görə, bunun bir neçə səbəbi var. Birinci səbəbi xəstələrlə bağlıdır, ikinci səbəbi isə sırf səhiyyə sisteminin özündə olan problemlərlə bağlıdır. “Bizim ölkədə xəstəliyi bəzən ilkin mərhələlərdə rahatlıqla müalicə edirlər. Bizdə xəstələr əsasən özlərini cərrahlara saxlayırlar. Demək olar ki, Azərbaycanda terapiya, dərmanlı müalicə üçün xəstə sayı son dərəcədə azalıb. Xəstəliyin ilk mərhələlərində həkimə müraciət etmək baxımından çox geridəyik. Profilaktika çox aşağı səviyyədədir. İnsanlar gözəllik salonlarına gedirlər, boş-boş şeylərə pul xərcləyirlər, amma heç olmasa 40 yaşından sonra həkim müayinəsinə getmirlər. “Çek-up”dan keçirlər. Gözləyirlər ki, vəziyyət o dərəcədə kritik hala çatsın ki, sonra həkimə getsinlər. Onda da artıq gec olur. Məsələ də cərrahlıq olur. Bizim də həkimlərə insanlarda inam az olduğu üçün xaricə gedirlər”.

Onun fikrincə, bizdə tibbi xidmət həm də ona görə bahadır ki, xəstələr özlərini ağır duruma salırlar. “Bizdə savadlı həkimlər var. Sadəcə, xəstələrimiz onları tanımır. Xəstələr bununla bağlı məlumatlı deyillər. Həkimləri televizorda görürlər. Həmin həkimlərin də çıxışları çox vaxt reklam xarakterli olur. Televiziyada gördükləri həkimlərin yanına gedir və müalicədən gözlədikləri effekti görmədikdə adını qoyurlar ki, bizdə savadlı həkim yoxdur. Yəni, yaxşı həkimə getmədikləri üçün belə vəziyyət yaranır. Nəticədə çarəsiz qalıb Türkiyəyə, İrana gedirlər”.

Bəs belə halların qarşısını necə almaq olar? Necə etmək olar ki, pasiyent layiqli həkimi tanısın, bilsin? Azərbaycanın tanınmış elmi işçisi, Azərbaycan Tibb jurnalının baş redaktorunun müavini Fuad İslamzadə “balşpost.az”a müsahibəsində bildirib ki, birinci növbədə sığorta təbabətinə keçid tezləşdirilməlidir. Onun sözlərinə görə, sığorta şirkətləri yaxşı həkimləri araşdırıb müqaviləsini bağlayıb, xəstələrini də o həkimə etibar edəcək. “Bundan sonra həkimlərin reklamına ehtiyac olmayacaq. Bilirsiz, qabiliyyətli, istedadlı, yaxşı insanlar təvazökar olur, başını aşağı salıb, öz işi ilə məşğul olur. Meydan qalır boşboğazlara. Olan isə xəstələrə olur. Biri çıxır ki, Almaniyada uzmanlıq keçmişəm, amma türk ləhcəsi ilə danışır. Necə olur ki, sən Azərbaycanda doğulasan, məktəbi, universiteti burda bitirəsən, 1-2 ay hardasa kurs keçməklə, dərhal dilini dəyişəsən? Öz milli dilini, ləhcəni nəyə görə dəyişirsən, özünü sübut etməyə?”

İslamzadə deyir ki, Azərbaycanın müstəqillik qazandığı ilk illərdə bir qrup qabiliyyətli gənc Türkiyədə təcrübə keçib, uzman kimi qayıtdı. Çox da uğurlu, bacarıqlı oldular. “Sonrakı illərdə də xaricdə təkmilləşmə keçib, öyrəndikləri yenilikləri ölkəmizdə tətbiq etməyə çalışan fədakar gənclərimiz az deyil. Lakin arada arxalı uşaqlar da var ki, bu qrupun nüfuzundan istifadə edib, onların kölgəsində gedənlərdir. Gedib gəlməkləri bir yana, Azərbaycan dilinə yeni sözlər də gətirirlər, tibbi terminalogiyada çox böyük təhriflər edirlər. Məsələn, elə zənn edirlər ki, “xəstəliyin ağırlaşması” əvəzinə “hastalığın komplikasionu” dedikdə ətrafdakılar onları savadlı hesab edəcək. Axı, bizdə belə sözlərin analoqu çoxdan var. Bəzən “Tibb” jurnalına gələn məqalələr elə formada, elə səviyyədə yazılır ki, bunu ortaya çıxarmaq belə ayıbdır. Həm qarşındakına, həm özünə hörmətsizlikdir. Tibb o demək deyil ki, həkimin ədəbiyyat, dil, yazı biliyi olmamalıdır. Bunun da bir səbəbi test üsuludur. Düzdür, çox yaxşı sistemdir, amma onun tətbiqindən sonra gənclərin yazı üslubu lap xarab olub. Mənim vəzifəm pis yazını redaktə etmək deyil. Amma özümü saxlaya bilməyib, yazının mübtəda-xəbərini düzəldirəm. Yazıların vəziyyətini görsəz, sadəcə dəhşətdir. Yarı türkcə, yarı ingiliscə terminlər baş alıb gedir. İçəri girən də başlayır ki, Azərbaycanda elm yox imiş, mən bunu Türkiyədə gördüm, öyrəndim. Özlərini öz aləmlərində böyük kəşf edən alim kimi aparırlar. Mənim də işim-gücüm bu bərbad yazıları abıra salmaqdır. İrad bildirəndə də razılaşmırlar, səhvlərini qəbul etmirlər”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir