88

Özbəkistan prezidentinin qızının ilginc ailə dramı…

Baxış sayı: 1. 411

Özbəkistan prezidentinin kiçik qızı Lola Kərimova-Tillyayeva özünün İnstagram səhifəsində prezident postuna iddia etmədiyinə dair bəyanat yerləşdirib.

 Virtualaz.org saytı Orta Asiya KİV-lərinə istinadən xəbər verir ki, Lola bəyanatında bildirir: “Həyatımda mənim qarşıma kifayət qədər böyük vəzifələr qoyulub. Mən bu vəzifələri aydın görürəm, ancaq onların arasında hakimiyyətə nail olmaq yoxdur. Mən həyatımı dəyişdirmək – dövlət  orqanlarında işləmək, dövlət xadimi olmaq istəmirəm”.
Lola Kərimovanın prezident olacağına dair məlumatı bu yaxınlarda mühacirətdəki özbək politoloqu Usman Haqnazarov yaymışdı. Onun məlumatına görə, prezident İslam Kərimov yaxın ətrafını toplayaraq özündən sonra hakimiyyətə Lolanın rəhbərlik edəcəyini, onun hakimiyyətdəki bütün qrupları qane edən namizəd olduğunu bildirib.
Lola Kərimova isə bu məlumata indi reaksiya verir.
77 yaşlı İslam Kərimovun səhhətinin yaxşı olmadığı barədə bundan əvvəl də şayiələr yayılırdı. Özbəkistan dövlət başçısı bu seçkilərə ailəsində baş verən ciddi qalmaqallar fonunda gedir. Onun böyük qızı, bir vaxtlar hakimiyyətinin varisi hesab olunan Gülnarə Kərimova atasının hakimiyyətinə qarşı çıxışlarından, hakim ailə daxilində baş verənləri açıqladıqdan sonra bir ildən çoxdur ki, Daşkənddə ev dustağı edilib.
İyul ayında isə Gülnarə Kərimova barədə ziddiyyətli xəbərlər yayılmağa başladı. Məlum oldu ki, fevral ayından etibarən ev dustağı kimi saxlanılan G.Kərimova nəhayət, Özbəkistanı tərk edib və iyulun 8-də Baltik ölkələrinin birində ad gününü qeyd edib. 
Bu məlumatı Özbəkistanın hakimiyyət strukturlarında mötəbər mənbələri olan “Uzmetronom” saytı yayıb. Xəbərdə bildirilir ki, iyulun 8-də 42 yaşı tamam olan Gülnarə Kərimova ad gününü Baltik ölkələrinin birində “ən yaxın adamlarının çevrəsində” qeyd edib. Ondan qısa müddət öncə isə G.Kərimovanın oğlu, Özbəkistan prezidentinin adını daşıyan İslam Kərimov ilk dəfə Londonda üzə çıxıb və Rusiyanın REN-TV kanalına müsahibə verərək anasının üzləşdiyi vəziyyət barədə danışıb.
21 yaşlı İslam deyib ki, anası ilə sonuncu dəfə yanvar ayında görüşə bilib, ad günündə onu babasının evinə buraxmayıblar və anası ilə kiçik bacısı hazırda Daşkənddə ev dustağıdır. İslam deyib ki, babasına anası barədə yanlış informasiyaların çatdırıldığını düşünür. O, ümid edirdi ki, babası nəhayət, işə qarışıb vəziyyəti düzəldəcək. Lakin bu qalmaqallı müsahibənin efirə getməsindən bir neçə gün sonra Gülnarə Kərimovanın yoxa çıxdığı haqda xəbər yayıldı. Orta Asiya mənbələri xəbər verirdi ki, Gülnarə ilə bütün əlaqə kəsilib, yaxınları onunla telefon əlaqəsi yarada bilmir və prezidentin qızının hətta öldürüldüyü də istisna deyil.
İndiki mərhələdə isə G.Kərimova ilə bağlı ziddiyyətli iki xəbər var. Bunlardan biri onun Özbəkistanı tərk edərək Baltik ölkələrinin birində ad günün qeyd etməsi barədədirsə, ikinci informasiyaya görə, prezidentin qızı hələ də ev dustağıdır, üstəlik vəziyyəti əvvəlkindən daha pisdir.“The Russian Times” nəşrinin yazdığına görə, G.Kərimovanın gündəliyində iyulun 3-də, yəni ad günündən beş gün əvvəl yazdığı qeydlər və bir neçə fotoşəkil redaksiyaya daxil olub. Fotoşəkillərin birində G.Kərimovanın dustaq saxlanıldığı evin mühafizəçilər tərəfindən necə qorunduğu əks olunur.  Söhbət Özbəkistan prezidentinin mühafizə xidmətinin hərbçilərindən gedir. Növbəti iki şəkildə isə mühafizəçilərin G.Kərimovanın barmaqlarını sındırması əks olunub. Şəkillərin birində Gülnarənin barmaqlarını iki mühafizəçi sıxır, prezidentin qızı o biri əli ilə onları vurmağa çalışır. Fotoların nə vaxt çəkildiyi göstərilmir.
Xatırladaq ki, bundan əvvəl G.Kərimova atasının mühafizəçiləri tərəfindən döyüldüyünü bildirmişdi.Nəşr Gülnarə Kərimovanın iyulun 3-də yazdığı qeydin mətnini də üslubuna və orfoqrafik səhvlərə toxunmadan dərc edib. Mətn Özbəkistan prezidentinin qızının rus dilində pis yazdığını və çoxlu üslub səhvlərinə yol verdiyini göstərir.
 
Gülnarə yazır: “Bu gün 3 iyul, 2014-cü ildir. Qızım İmanın – atamın böyük və guya ən sevimli nəvəsinin 16 yaşının tamam olmasından 13 gün keçdi. Hansı ki, indi onu unudublar və mənim – prezidentin böyük və nə vaxtsa sevimli olmuş qızının ad gününə – iyulun 8-nə 5 gün qalır. Bu gün isə bacım Lolanın 36 yaşıdır və onun, anamın və bu “bardak”ı yaradan qrupun, o cümlədən təəccüblü də olsa cəmi iki gün əvvələ qədər iki həftə həbsdə saxlanılan, ancaq həbsdən çıxıb yenidən Milli Təhlükəsizlik Xidmətindəki vəzifələrinə geri dönən Hayot və Cövdət Şərifxocayevlər kimilərinin tərəfindən məhz bu gün seçilib. Zarafatdır?! Ola bilər! Atam zarafat həvəskarıdır. Yaxud indi başqaları onunla zarafat edirlər. Deyilənə görə, Lolanın və onun əri, “tualetçi” kimi tanınan birinin evində, restoranlarında, barlarında, ofislərində MTX tərəfindən axtarışlar aparılıb. Görünür, bu da atamın “zarafatıdır”. Bir halda ki gömrükdən tutmuş tranzitə, dövlət müəssisələrinə qədər hər şeyə onlar nəzarət edir, bu axtarışlar nəyə lazım idi?” G.Kərimova daha sonra ona qarşı edilən təzyiqlərdən, anasının və bacısının əməllərindən bəhs edib. “Məni bu sətirləri yazmağa 8 iyuldakı ad günümə olan təhdidlər məcbur etdi” deyə, o bildirir.
Fakt isə budur ki, qonşu ölkələrdən birində, üstəlik birinci şəxsin ailəsində bu cür dramatik hadisələr yaşanır. Ailənin bir qızının öldüsündən-qaldısından xəbər yoxdur. Digər qızı isə prezidentlik postuna “göz vurmur”. Üstəlik, siyasi ambisiyalar ailə münasibətlərini də tamam kökündən zədələyib, atanı qıza, bacını bacıya düşmən edib. Məlum olur ki, hətta atası ilə münasibətləri normal olan qızı da bacısının dediyinə görə, zaman-zaman təzyiqlərə, yoxlamalara məruz qalır. Ona da prezidentlik postu üçün rəsmi razılıq verilməyib. 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir