ozguven

Özünə güvən hissini necə artırmalı?

Baxış sayı: 2. 794

ozguven

Bəziləri özündən çox razı, bəziləri isə narazı olur və özlərini bədbəxt hiss edirlər. Mütəxəssislər bildirirlər ki, istər şəxsi həyatda, istərsə də karyerada uğur qazanmaq üçün özünə əmin olmaq vacibdir.

Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, özünə inam hissini gücləndirmək üçün, ilk növbədə, özünüzü başqaları ilə müqayisə etməyin: “Bunu etmək çətin olsa da, vacibdir. Özünüzü başqaları ilə müqayisə etmədiyiniz üçün özünüzə daha çox inanacaqsınız. Çox vaxt özünü başqaları ilə müqayisə etmək vərdişi uşaqlıqdan yaranır. Belə ki, bəzi valideynlər uşağın bacardığından daha çox şey tələb edərək daim onu başqaları ilə müqayisə edir. Uşaq da valideynin müqayisə etdiyi adamlara bənzəməyə və ya onlardan daha üstün olmağa çalışır. Çox vaxt valideynin bu sözləri uşağın həssas psixikasına təsirsiz ötüşmür. Uşaq psixoloji travma alır, özünün çox pis olduğunu düşünür. Bəzən ona elə gəlir ki, valideynlərinin müqayisə obyektinə heç vaxt çata bilməyəcək. Uşaqda əminsizlik hissi yaranır. Əminsizlik hissi isə yalnız müqayisə obyektini üstələyəndə keçib gedir. Üstələyə bilmədikdə isə bu apatiya və ruh düşgünlüyü yaradır”, – deyə psixoloq əlavə edib ki, müqayisə etmək vərdişi insanda rəqabət hissini yüksəltdiyi üçün xeyirlidir: “Amma psixoloji baxımdan insana narahatlıq gətirir. Özünə əminsizlik şəxsi həyatda da ciddi problemlərin yaranmasına səbəb olur”.

Maraqlısı budur ki, özünə güvən hissi çox aşağı olan insan müqayisə obyektini üstələyəndən sonra ona qarşı marağı itir. Şüuraltı olaraq başqa müqayisə obyekti axtarmağa başlayır.

Həmsöhbətimiz məsləhət görür ki, əslində özünə güvən hissini artırmaq üçün özünü yalnız keçmişi ilə müqayisə etməlidir. Keçmişdə olduğuna nisbətən bu gün daha yaxşı olmağa çalışmalıdır. Bu gün qazandıqları uğurları keçmişindəki uğursuzluqlarla müqayisə etməlidir. İndi həyatında olan insanlar keçmişində bəlkə heç yox idilər. Bu özü də xoşbəxtlikdir. Yalnız bu tip müqayisə sağlam müqayisə hesab edilə bilər. Bu tip müqayisə əksər hallarda insan həyatını düz yaşayıbsa, onun özünə inam hissini gücləndirir. İnsan həyatdan daha məmnun olur.

Kiminləsə özünü müqayisə etmək insana narahatlıq gətirir deyən Rzayeva bildirib ki, həmişə sizdən daha yaxşı olan bir insanla üzləşə bilərsiniz: “Hamıdan ağıllı, varlı, gözəl, səliqəli, bacarıqlı olmaq mümkün deyil. Hər zaman kimsə daha üstün olacaq. Bu cür yanaşma sizi həyatından və özündən narazı insana çevirəcək. Malik olduqlarınızla fəxr etməyə, onları dəyərləndirməyə və bu çərçivədə yaşamağa

çalışın”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir