Hər bir insanın həyat yolunda ən böyük tapıntılarından biri – öz fərqindəliyini kəşf etməkdir. Çox vaxt biz gündəlik həyatın axışında avtomatik rejimdə yaşayırıq: səhər oyanırıq, işə gedirik, insanlarla ünsiyyət qururuq, yoruluruq və yatırıq. Amma bu rutin içində ən önəmli sualı qaçırırıq:
“Mən indi nəyin fərqindəyəm?”
Fərqindəlik, sadəcə ətrafı görmək deyil, həm də daxili dünyanı müşahidə etməkdir. Öz duyğularını, düşüncələrini və bədənində baş verənləri anlamaq qabiliyyətidir. Həmçinin öz iç səsini günahlandırmadan, qınamadan, ayıblamadan anlamağa çalışaraq dinləməkdir fərqindəliyini fərq etmək, yəni bu müşahidənin belə dəyərini anlamadır.
Psixologiyada fərqindəlik (mindfulness) – insanın öz daxili və xarici təcrübələrini, düşüncələrini, emosiyalarını və bədən hisslərini indiki anda şüurlu şəkildə müşahidə edə bilməsi kimi izah olunur. Məsələn, əsəbiləşən insan sadəcə hirsi yaşaya bilər. Amma fərqindəliyini fərq edən insan özünə deyə bilər:
“Mən indi əsəbiləşirəm və bu emosiyanın içindəyəm.”
Emosiyanı tanımağa çalış və adlandır. Bu şüurluluq reaksiyanın gücünü azaldır və insanın davranışlarını idarə etməsini asanlaşdırır.
Psixoloji faydaları
1) Emosional tənzimləmə – fərqindəliyini müşahidə edə bilən insanlar daha az impulsiv davranır və mənfi emosiyaları daha tez sakitləşdir.
2) Stresin azalması – Şüurlu nəfəs və müşahidə texnikaları beynin “döyüş və qaç” reaksiyasını zəiflədir. Bunun üçün ilk öncə mühitdən ayrılaraq təmiz havaya çıxmaq və ya eyni mühitdə dərin-dərin nəfəs almaq lazımdır.
3) Özünüdərk – İnsan öz düşüncə nümunələrini, qorxularını və inanc sistemlərini daha aydın görə bilir. Özünəiman artır.
4) Münasibətlərdə harmoniya – Duyğularını dərk edən insan, başqalarının da emosiyalarını daha yaxşı anlayır və empatiya bacarığı artır, öz sərhədlərini qoruyur.
Fərqindəliliyin gücü
Fərqindəliyini fərq edən insan: Emosiyalarını idarə edə bilir. Hirsli olanda öz-özünə deyir:
“Mən indi əsəbiləşirəm, amma bu hiss mən deyiləm.”
Daha az stres yaşayır. Çünki hər anı şüurlu şəkildə qəbul edir. Tez-tez əsəbləşmir,
seçimlərini özü edir. Avtomatik davranmaq əvəzinə, düşünərək addım atır, minnətdarlığı artır. Günəşin doğuşunu, quşların səsini, yaxın insanlarının varlığını dərk edir, şükür artır, inanc yüksəlir.
Praktik təcrübələr
Psixoloji məşqlərdə fərqindəliyi fərq etmək üçün bir neçə üsul tətbiq olunur:
Nəfəsə fokuslanma: 1-2 dəqiqə yalnız nəfəsini müşahidə et və düşün – “Mən indi nəfəsimi izləyirəm.”
Duyğunu adlandırma: Hansı emosiyanı yaşayırsansa, sadəcə onu adlandır: “Bu, qorxudur” və ya “Bu, sevincdir.”
Düşüncəni izləmə: Bir düşüncə gəldikdə, onu “bulud” kimi təsəvvür et və müşahidə et – “Mən indi düşüncəni izləyirəm.” Heç bir mənfi enerji qalıcı deyil.
Gündəlik həyatdan nümunələr
Narahatlıq anı: İşdə səhv etdiyini düşünəndə, dərhal özünə: “Mən indi narahatlıq hiss edirəm, amma bu sadəcə bir duyğudur, mən isə ondan daha böyük varlığam Mən ona yox, o mənə tabedir. Bu duyğu mənə nə qazandırır, nə itirir?” demək.
Sevinc anı: Dostlarınla güldüyün vaxt özünü müşahidə etmək – “Mən indi xoşbəxtliyi yaşayır və bunun fərqində oluram. Mən bu xoşbəxtliyə, dincliyə layiqəm”
Sakitlik anı: Təbiətdə gəzərkən yalnız nəfəsinə fokuslanmaq və düşünmək – “Mən indi sadəcə varam. Var olmağım möcüzədi. Minnətdarlıqlarımı daxildən hiss edirəm.”
Bu sadə anlar insana həm dərin daxili rahatlıq, həm də həyatdan həzz alma imkanı yaradır.
Motivasiyalı sözlər
“Özünü tanıyan, dünyanı tanıyır.”
“Həyat sənə deyil, səninlə baş verir.”
“Ən böyük azadlıq, seçimlərinin fərqində olmaq və başqalarının seçiminə qarışmamaqdır .”
“Fərqindəliyini fərq etmək – xoşbəxtliyin başlanğıcıdır.”
Psixoterapiyada rolu
Müasir psixoterapiya metodları, xüsusilə Mindfulness-Based Cognitive Therapy (MBCT) və Acceptance and Commitment Therapy (ACT), fərqindalığın gücündən geniş istifadə edir. Bu yanaşmalar insana emosiyaları ilə savaşmaq əvəzinə, onları müşahidə etməyi və qəbul etməyi öyrədir.
Nəticə:
Fərqindəliyini fərq etmək, insanın öz daxili aləminə bir addım geri çəkilərək baxmasıdır. Bu, emosional azadlıq gətirir, psixoloji balansı gücləndirir və insanın həyat keyfiyyətini yüksəldir. Əslində, xoşbəxtliyin və daxili rahatlığın başlanğıcı məhz buradan keçir. Fərqindəliklə özünü tanımağı, dinləməyi öyrənərək, ətrafdakı insanları da daha aydın şəkildə tanıyır və seçirsən. Özünü fərq etmək, özünü sevməyə başlamaq deməkdir. Sevgini ətrafdan gözləmək daxili dünyanda savaşa, eqo yüksəlməsinə gətirib çıxarır. Bunun sonu anksiyete (qeyri-müəyyənlik hissi), bipolar (biopolyar pozuntu), təşviş, panik atak və şizofreniya kimi psixoloji problemlərə gətirib çıxarır. Gec olmadan sən də fərqindəliyinin fərqinə var və dinclik tap.
Psixoloq Xuraman Məmmədova