Bir işə başlayanda özünüzə bir sual verin : bir il sonra mən nəticə əldə edəcəm yoxsa alınmadığını başa salacaq bəhanələri mi fikirləşəcəm?
Ətrafımızda nə qədər xarici dil öyrənmək istəyən insanlar var – illərlə fərqli kurslara gedirlər və nəticədə : müəllimlər pisdir, kurs keyfiyyətli deyil, yol uzaq idi, zamanım olmadı, axı çox işləyirəm, yoruluram… bəhanələr, bəhanələr, bəhanələr. Bəhanələr insanı rahatladır, sakitləşdirir. Insan inanır ki, onun sadəcə bəxti gətirməyib, digərləri isə uğurludurlarsa, bu onların zəhmətlərinin nəticəsi deyil – onların bəxti gətirib. Demək ki, zəhmət çəkib peşəyə yiyələnmək, bilik almağa ehtiyac yoxdur : yaslanıb bəxti gözləmək lazımdır.
Səhər durub idman etmək və ya etməmək bir seçimdir. Bəhanələr : “Yorğunam, halsızam, çox işləyirəm, taqətim qalmadı, idman etmək üçün yer yoxdur.” Təbii ki.
Sağlam qidalanmaq və ya qidalanmamaq da bir seçimdir. Bəhanələr : “beş günlük dünyadır, bunları yeməsəm nə anlamı var yaşamağın, hər şeyin dadını bilmək lazımdır”. Bəli. Davam et.
Zərərli vərdişlərdən – siqaret, alkoqollu içkilər – uzaq durmaq lazımdır. Bəhanələr : “Çox stresliyəm, bunlar məni rahatladır”. Əlbətdə.
40 yaşında isə mədə, mədə altı vəz, qara ciyər, ürək və damar sistemləri, böyrək xəstəlikləri ilə həkimləri axtaranda və müalicə alanda son 20 il ərzində olan həyat tərzinə baxmaq lazımdır. Həkimlərin qarşısına koma vəziyyətində çıxan bir insan daha sonra tibbi və həkimləri pisləyir. 20 il ərzində var gücü ilə səhhətinə zərər verən insanın başqa bir nəticə alması mümkün deyil.
“Mən çalışaram” sadəcə bir illuziyadır. Bu deməkdir ki, insan özü üçün alınmadığı təqdirdə çıxış yolu qoyur. Demək ki, var gücünü xərcləyəcəyindən əmin deyil.
“Məğlum olmamağa çalışacam” və “var gücümlə döyüşəcəm” sözləri arasında enerji fərqi qədər, nəticələrdə də fərq var.
Hər bir uğurun, müvəffəqiyyətin bir qiyməti var. Bu qiyməti TAM ödəməyə hazır olmadığımız və ödəmədiyimiz müddətcə, nəticə əldə etmək mümkün deyil.
Hər kəsə uğurlu və bəhanələrdən uzaq həyat arzulayıram!