İki cür bitki yağı var. Soyuq və qaynar sıxılma ilə əldə edilənlər. Seçimimiz birincidirsə, ikiqat çox pul ödəməliyik. Zavod istehsalı olan bitki yağlarının 1 litrini 6-7 manata ala bildiyimiz halda, soyuq sıxılma ilə əldə edilən günəbaxan yağı üçün 14-15 manatımızdan keçməliyik. Qarğıdalı, zeytun və başqa yağlar da həmçinin. Bəs qiymətlər arasında minimum ikiqat fərq yaradan nədir?
Soyuq sıxılma ilə əldə edilən yağın daha faydalı olduğu bildirilir. Hətta yemək bişirmək üçün də bu yağı istifadə edənlər var. Ancaq “o yağlar yemək bişirmək üçün deyil” fikirlərinə də çox rast gəlirik. Hansı doğrudur?
“İldən-ilə tələb artır”
Soyuq sıxılma yağlarının istehsalı ilə məşğul olan həkim, qidalanma üzrə mütəxəssis Maya Səbzəliyeva deyir ki, qiymət fərqi əsasən istifadə edilən xammala görə olur: “Eyni miqdarda məhsuldan soyuq sıxımda daha az yağ əldə edilir. İsti sıxım zamanı məhsuldan daha çox yağ almaq imkanı olur. Üstəlik də zavod istehsalı olan yağlara müxtəlif qatqılar əlavə edilir. Əksəriyyətinə trans yağları qatılır. Düzdür, 2 faizə qədər trans yağların qatılmasına icazə var. Ancaq bunun da zərərləri ola bilər. Yəni bu iki səbəbə görə zavod istehsalçıları qiyməti daha ucuz təyin edə bilirlər”.
Soyuq sıxım yağlar baha olsa da, M.Səbzəliyeva deyir ki, ölkəmizdə ildən-ilə bu yağlara tələb artır: “Mən 5 ildir bu sahədə istehsalla məşğulam. Zamanla bu yağları istifadə edənlərin sayının artdığını müşahidə edirəm. Ümumi olaraq yanaşsaq, insanlar bu yağlarla bağlı maarifləndikcə, məlumatları artdıqca istifadə etməyə başlayırlar”.
Bəzi insanlarda səhv fikir var ki…
Bu yağları alma səbəblərinə gəlincə, M.Səbzəliyeva bildirdi: “Bir qisim müştərimiz pəhrizdə olanlar, formada qalmaq istəyənlərdir. Bəzi insanlarda səhv fikir var ki, yağ yeyəndə insan kökəlir. Əslində elə deyil. İndi diyetoloqlar yağ qəbulunu da məsləhət görürlər. Amma daha çox soyuq sıxım ilə əldə edilən təbii, vitaminlərlə zəngin yağları yazırlar. Bu yağlardan müalicəvi məqsədlə istifadə edənlər daha çoxdur. Qaraciyər üçün alaqanqal, pis xolesterin əleyhinə kətan yağı alırlar. Qəhvəyə kokos yağı qatırlar ki, iştaha azalsın. Bu yağlara üstünlük verənlər əsasən orta yaş nəsildir. Bir də kosmetik prosedurlar üçün alanlar çoxdur. Məsələn, nar çəyirdəyi yağını alırlar. Bu yağ botoks effekti verir”.
Ən çox alınan yağlar isə qara zirə və kokos yağlarıdır: “Qara zirəni müalicə məqsədi ilə alırlar. Kokos yağını həm daxilə qəbul, həm də kosmetik vasitə kimi istifadə edirlər”.
Bu yağlar qızartma üçün deyil
Bu iki qrup yağın sağlamlığa təsirinə gəlincə, M.Səbzəliyeva bildirdi ki, böyük fərq var: “Soyuq sıxma üsulu ilə əldə edilən yağ öz tərkibindəki vitaminləri, yağ turşularını saxlayır. Onun faydasını tam görə bilirsən. Qaynar üsulla sıxılma zamanı daha çox yağ əldə edilir deyə, zavodlar istehsalda qaynar sıxım üsuluna əl atırlar. Ancaq qaynar üsulla sıxım zamanı əldə edilən yağın tərkibindəki vitaminlər parçalanır”.
M.Səbzəliyeva deyir ki, isti yeməklərdə istifadə etsək, biz soyuq sıxım yağların xeyrini yox, zərərini görə bilərik: “Soyuq üsulla əldə edilən günəbaxan, zeytun, qarğıdalı və s. kimi yağları salatlarda istifadə etmək olar. Yaxud müalicə məqsədi ilə daxilə qəbul edilə bilər. Ancaq soyuq üsulla sıxılan yağlar yüksək temperatura dayanıqsız olur. Qızartmalarda istifadəsi məqsədəuyğun deyil. Çünki qızartma zamanı tərkibi çox tez parçalanır, dəyişir. Hətta kanserogen maddələr əmələ gəlir”.
Doğru qaydada saxlamalıyıq
Ancaq həmin yağlardan yalnız biri yüksək temperatura dayanıqlıdır: “Yeganə kokos yağıdır ki, yüksək temperatura – 175-178 dərəcəyə kimi dayanıqlıdır. Ona görə şirniyyatların hazırlanmasında istifadə edilir. Onunla pankek qızarda, yumurta bişirmək olur. Qızartma üçün ərinmiş kərə yağını daha çox məsləhət görərdim. Çünki bu yağlar yüksək temperatura daha dayanıqlıdır”.
M.Səbzəliyeva bildirdi ki, bu yağların saxlanma müddəti və şəraitinə diqqət etmək lazımdır: “Soyuq sıxım – rafinə edilməmiş yağların saxlanma müddəti az – 6 aydır. Mağazadakı yağlar rəfdə 2-3 il qala bilirsə, soyuq sıxım yağlar cəmi 6 ay qalırlar. Müddətlə yanaşı, soyuq sıxım yağlarda saxlanma şəraiti də çox önəmlidir. Mütləq sərin yerlərdə, günəş işığından uzaq yerdə qalmalıdır. Qapağı açılıbsa, soyuducuda qalmalıdır. Əgər saxlanma qaydasına riayət edilməsə, tərkibindəki yağ turşuları oksidləşir, yağ keyfiyyətini itirir”.
Aygün Asimqızı