Əhali arasında ərzaq məhsullarının qiymətinin artması ilə bağlı şikayətlərin sayı günü-gündən artmaqdadır. Bildirilir ki, bu həftə alınan məhsul bir neçə gün sonra müəyyən qədər artımla təklif edilir. Yalnız ərzağın deyil, qeyri-qida məhsullarının qiymətində də artım müşahidə olunur.
Şəxsi gigiyena məhsullarının, sintetik yuyucu vasitələrin, sabun və diş pastalarının, qabyuyan mayelərin, antipersperant vasitələrin qiymətində artım müşahidə edilir. Qabyuyan maye və sabunların qiyməti isə iki dəfə artıq artıb. Bəs görəsən, qiymət artımı geyimlərə necə, təsir edibmi? Bunu öyrənmək üçün Bakıda insanların daha çox üz tutduğu bir neçə dükan və mağazada olub mövcud vəziyyəti öyrənməyə çalışdıq.
İlk olaraq “NewYorker” mağazasına yollandıq.
Mağazada payız və qış geyimləri ilə bərabər yay geyimləri də satışa çıxarılmışdı. Yay geyimlərinə 70 faiz endirimlər edilmişdi. Misal üçün donlar 15 manata, qısa cins şortlar 7 manata idi. Amma bu cür endirimli qiymətləri payız-qış geyimlərinə şamil etmək olmur. Mövsüm geyimləri burada fərqli qiymətə təklif olunur. Məsələn, üst geyimi olan uzun jiletlər 74 manata, qısa jiletlər 44 manata, uzun jaketlər 54 manata, gödəkcələr 84 manatadır. Qısa paltolar 104 manatadır. Cins pencəkləri isə 35 manata əldə etmək olar. Bizimlə söhbətdə mağazanın satıcısı qeyd etdi ki, ötən illə müqayisədə qiymətlərdə o qədər də böyük fərq yoxdur: “Bu il hələlik güclü artım yoxdur. Cinslər, “T-shirt”lər, donlar demək olar ki, eyni qiymətə gəlib. Alıcıların da sayı yaxşıdır, narazılığımız yoxdur”.
Müşahidələrimizi “LC-Waikiki” mağazasında davam etdiririk.
Qeyd edək ki, bu mağazanın filialları paytaxtın bir neçə yerində fəaliyyət göstərir, mallar əsasən Türkiyədən gətirilir. Burada da yeni mövsüm geyimlərini görmək olur, qiymətlərə gəldikdə isə burada da aşağı deyildi. Məsələn, adi bir cins köynəyi 55 manata satılır. Qadın pencəkləri isə 110 manata satışa çıxarılıb. Amma bizimlə söhbətdə satıcı qeyd etdi ki, qiymətlərdə elə də artım yoxdur: “Bizdə elə artım yoxdur, mallar gətirilir, bir müddət sonra endirimə düşür. Türkiyədən e-mail göndərilir, ondan sonra endirim edirik. Hazırda alıcılıq qabiliyyəti yüksəkdir. Malların qiyməti ötən illə müqayisədə o qədər də baha deyil”.
“Panda Kids” uşaq geyimləri mağazasında da olub, buradakı vəziyyəti öyrənməyə çalışdıq.
Mağazada həm körpələr, həm də yeniyetmələr üçün geyimlər satılır. Burada hətta məktəbli geyimlərini də görmək mümkündür. Bizimlə söhbətdə mağazanın adminstratoru bildirib ki, bu il uşaq geyimlərinin qiymətlərində artım var: “Türkiyədən mallar gətiriləndə tutulan vergi də artıb. Ona görə biz də məcburuq məhsulu bir az baha sataq. Ümumiyyətlə isə qiymətlər məhsuldan-məhsula dəyişir. Misal üçün iç geyimləri daha çox qalxıb. Uşaq alt paltarlarının qiyməti bir manata yaxın artıb. Məktəbli geyimlərinin qiyməti də yüksəlib. Körpələr üçün hər il aldığımız əmziklərin qiyməti qalxıb, onlar firma malı olduğuna görə daha çox artıb. Ümumiyyətlə körpə geyimlərində təxminən 30 faiz bahalaşma var”.
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycana qeyri-ərzaq məhsulları əsasən xaricdən gətirilir. Bu sahədə Azərbaycanın daxili istehsalı demək olar ki, yox səviyyəsindədir:
“Ona görə də xaricdə qiymət artımının sürətlənməsi idxal inflyasiyasının yüksəlməsinə səbəb olur. Xarici bazarda qeyri-ərzaq məhsulları, xüsusən də məişət kimyası və şəxsi-gigiyena vasitələrinin qiyməti kəskin şəkildə artıb. Ölkəyə bu məhsullar baha qiymətə gətirildiyi üçün də marketlərdə də baha satılır”.
Ekspertin sözlərinə görə, vəziyyətdən iki çıxış yolu var:
“Bunlardan birincisi və başlıcası, yerli istehsalı artırmaqdır. Lakin bu, hazırki vəziyyətdə bir qədər çətindir. Çünki yerli istehsalı təşkil etmək zaman alan məsələdir. İllər lazımdır. Buna isə vaxt yoxdur. Bu mövzuda hökumət kifayət qədər zaman itirib. Öncədən bununla bağlı xüsusi tədbirlər görülməli idi. İkinci çıxış yolu isə müəyyən güzəştlərin tətbiq edilməsidir. Vergi və gömrük güzəştlərini tətbiq etmək və bu yolla da qiymətləri tənzimləmək mümkündür. Bu məsələ hökumətin verdiyi qərardan sonra həll oluna bilər”.
Ekspert bildirir ki, qiymət artımı bundan sonra da davam edə bilər:
“Xaricdə qiymət artdıqca asılılığımız olduğu üçün ölkə daxilində də qiymət artımı davam edəcək”.
Afaq MİRAYİQ