geyim

Paltarın öldürdüyü adamlar

Baxış sayı: 1. 689
“Az paltar al, evdə onları qoymağa yer yoxdur”… Anaların qızlarına, kişilərin öz həyat yoldaşlarına tez-tez təkrarladığı sözlərdəndir bu. Hətta bir az irəliyə gedib, “çox paltar almaqdan, mağaza gəzməkdən öləcəksən bir gün” deyənlər də olur. Sizə zarafat kimi görünə bilər. Amma dünyada məhz paltarın öldürdüyü insanlar var. Onlar bu və ya digər səbəbdən paltarın qurbanına çevriliblər.
Bu günlərdə internetdə qarşıma çıxan bu məqaləni diqqətlə oxuyandan sonra paltarlarıma necə qorxu ilə baxdığımı təsəvvür belə edə bilməzsiz. O hekayələrdən bəzilərini diqqətinizə çatdıraq.
Birini şalvar öldürdü, o birini corab, bir başqasını gəlin paltarı
1928-ci ildə bir kişini şalvar öldürüb. İşin ironiyası ondan ibarətdir ki, bu şalvar heç ona məxsus deyildi və əynində də deyildi. O, bu paltarı kirayə haqqını ödəməyən kirayənişinindən götürmüşdü. Məqsəd kirayənişini borcunu ödəməyə məcbur etmək idi. Belə ki, kirayənişin bir gün sonra borcunu ödəmək üçün gələndə qapını döysə də, heç kim cavab verməyib və məlum olub ki, ev sahibi ölüb. Məlum olub ki, kirayənişinin şalvarını bir qırağa atan kişi onun qaz plitəsinin vintilinə ilişəcəyini təxmin etməyib. Amma şalvar vintilə ilişdiyi üçün gecə boyunca evə qaz dolub və ev sahibi də elə yuxudaca qaz zəhərlənməsindən dünyasını dəyişib.
30 yaşlı Mariya Pantazopolus toy fotoalbomu üçün Dorvin şəlaləsinin yanında şəkil çəkdirib. Daşda sürüşən gəlin, suya yıxılıb. Fotoqraf onu xilas etmək üçün arxasınca suya hoppansa da, bir neçə qatlı paltar onu sudan xilas etməyə imkan verməyib və gəlin toy gününü görmədən dünyasını dəyişib.
20 yaşlı avtobus sürücüsü Pedro Dellatore yemək üçün baş çəkdiyi restoranda güllələnib. Hadisədən bir neçə saat sonra yaxalanan qatil etiraf edib ki, sürücünü səhvən öldürüb. Onun əynindəki paltar qatili yanıldıb, onu öz potensial qurbanı bilərək qətlə yetirib. 
Karmen Dominqes adlı şəxs isə xeyriyyə məqsədilə yığılan paltarlara baxarkən dünyasını dəyişib. O, paltarların arasındakı corablardan birinin içində yerləşdirilən tapançaya qəfil toxunduğu üçün dünyasını dəyişib. Ürəyindən yaralanan qızı xəstəxanaya aparıblar, amma o sağalmayıb. Silahın hansı üsulla corabın içinə necə düşməsi isə son ana qədər qeyri-müəyyən qalıb.
Bu, xəstəlikdir, başqa heç nəyə bənzəməz…
Amma alış-veriş, paltar sevdası bir çox hallarda ölümlə nəticələnməsə də, xəstəlik mənbəyi ola bilir. Alış-veriş xəstəliyi fərdin ehtiyac xaricində, məhdudiyyətsiz olaraq pul xərcləməsidir. Bu xəstəliyin adı “oniomani”dir və 1900-cü illərdə kəşf edilib. Olduqca qədim tarixi olan xəstəliyin günümüzdə çiçəklənməsinə isə bol-bol reklamlar, mövsüm sonu endirimlər, kampaniyalar, kredit kartları üçün təqdim edilən seçənəklər səbəb olub. Ona görə də bu xəstəliyi nəzarət pozğunluğu və asılılıq kateqoriyasında təhlil etmək olar. Bunu yaradan səbəblər arasında isə doyumsuzluq, bədbəxtlik, ikili və sosial münasibətlərdə problemləri göstərmək olar. İnsanlar daha çox gərgin və ya qəmgin olduqları zaman alış-veriş edirlər. Bu zaman insanın beynində xoşbəxtlik hormonu artır. Amma məhz bu xəstəliyə tutulanların daha sonradan peşman olmaları da diqqət çəkən məqamdır. Belə ki, xəstələrin özünü mağazalara atması gərginliyin nəticəsidir. Gərginliklə başlanan alış-veriş çılğınlığı insana öncə rahatlıq, ardınca isə peşmanlığı yaşadır.
Bu arada onu da qeyd etməliyik ki, sözügedən xəstəliyin daşıyıcıları böyük əksəriyyətdə qadınlardır. Onların bu xəstəliyi daşımaları cəmiyyətdə normal qəbul olunur. Bu, təxminən kişilərin birdən artıq qadınla eyni vaxtda münasibət qurmasına bənzəyir. Sonuncu variantda “kişidir, edə bilər” deyilirsə, qadınlara da eyni anlayış göstərilir.
Alimlər onu da müəyyənləşdirib ki, bu xəstəliyə düşməyin də xüsusi səbəbləri var. Bunlardan biri sahib olma ehtirasıdır. Bu xəstəliyin daşıyıcıları “pulum var, ya yox. Ehtiyacım var, yoxsa yox” kimi suallar ətrafında düşünmürlər. Onlar gördükləri, bəyəndikləri hər şeyi satın alırlar. Özlərinə yeni bir şey almayanda isə insanlar özlərini pis hiss edir, sıxıntı keçirir, hətta depressiyaya düşürlər. 
Xəstəliyi yaradan ikinci səbəb isə insanda yaranan dəyərsizlik hissidir. Daha dəqiq ifadə etsək, dəyərsizlik, yalnızlıq, acıq, yasaqlanma kimi neqativ duyğular da alış-veriş xəstəliyinə yol aça bilər. Məhz bu səbəbdən bəzi insanlar alış-veriş edərək, özlərini dəyərli hiss edirlər. İnsan satın aldıqlarının ona dəyər qatacağına, güclülük hissi verəcəyinə inanır. Ancaq istədiyi şeyləri aldığı zaman ilk andakı həzz xaricində xəyal etdiyi hissi yaxalaya bilməyəndə dəyərsizlik hissi bu dəfə daha ağır şəkildə geri qayıdır. Bu zaman vəziyyət daha da qəlizləşir. İnsan o ilk andakı alış-veriş həzzini yenidən yaşamaq üçün gedərək artan bir sürətlə mağazalara hücum edir.
Sağalmaq istəyən xəstələndiyini etiraf edəcək!
Amma bu məsələdə daha bir diqqətli məqam uşaqlarla bağlıdır. Belə ki, övladı ilə hörmət-izzət səviyyəsində münasibət qura bilməyən, amma maddi durumu yüksək olan valideynlər öz əskiklərini aldıqları saysız-hesabsız hədiyyələrlə öldürməyə çalışırlar. Bu da həmin uşağın gələcəkdə potensial alış-veriş xəstəsi olmasına gətirib çıxarır. Uşaqlar da hər istədiyinə sahib olmaq istəyirlər. Və bunun qarşısını almaq mümkün olmur. Evində bir oyuncaq mağazasındakı qədər oyuncağı olan uşaq üçün onlar yox, mağaza rəflərindəki oyuncaqlar daha cazibədar və maraqlıdır. Halbuki o oyuncaq rəfdən götürülüb, uşağa alındığı andan etibarən bütün cazibəsini, marağını itirmiş olur. Bu da xəstəliyin ən parlaq nümunəsidir.
Hər dərdin bir dərmanı var, şübhəsiz. Həkimlər müəyyənləşdirir ki, öncə bu davranışın altında yatan səbəblər həll edilməlidir. Müalicə üçün ilk addım heç şübhəsiz ki, bunun xəstəlik kimi qəbul edilməsidir. Əgər şəxs bunun xəstəlik yox, normal həyat tərzi, hobbi, zövq olduğunu iddia edirsə, müalicədən əlini üzsün. Qəbul edən şəxs isə psixoloqa müraciət edə bilər. Sonuncunu özünə rəva bilməyənlər isə praktik məsləhətlərə baş vursun. Bunlardan birincisi bayıra çıxanda kredit kartlarını götürməmək və ya pulqabına az pul qoymaq ola bilər. Bundan başqa, həyatın başqa sahələrində vaxt keçirmək də çıxış yolu ola bilər. Yemək, tikiş, rəsm… kursları ilə maraqlanmaq həm də zövqün kosmetik dəyişikliyi sayıla bilər.
Praktik məsləhətlər var, əməl edənə, təbii ki…
Keçək digər praktik məsləhətlərə: 1. Bəyəndiyiniz bir malı görəndə almayın. Bir az gözləyin və ona həqiqətən ehtiyacınız olub-olmadığını düşünün. Və ya mağaza işçilərindən bəyəndiyiniz malı sizin üçün ayırıb saxlamalarını xahiş edin. Əgər bir neçə gün sonra o malı hələ də almaq istəyirsinizsə, o zaman alın. 2. Özünüzə hər ay bir alış-veriş büdcəsi hazırlayın və büdcəni əsla zorlamayın, aşmayın. 3. İki həftə içində etdiyiniz bütün alış-veriş xərclərini bir kənara yazın. Bu, sizin alış-verişə nə qədər çox pul xərclədiyinizi görmənizə səbəb olacaq. 5. Kredit karınızın(əgər varsa) limitini aşağı salın. Psixoloqlar düşünür ki, deyilən məsləhətlərə əməl edənlər tez bir zamanda sözügedən xəstəliyin pəncələrindən də qurtula biləcək.
Psixoloqlar onu da araşdırıb ki, iri alış-veriş mərkəzləri müştərilərin daha çox cəlb edilməsi üçün xüsusi hiylələr tətbiq edirlər və bu zaman mütəxəssis yardımından istifadə edirlər. Sonuncular elmi erqonomiya adlı sahəni təmsil edirlər və insanların alış-veriş zamanı necə düşündüyü, necə reaksiya verdiyi barədə dinamikalar üzərində işləyir. İlk təsbit: İnsanların çoxu solaxay olmadıqları üçün alış-veriş mərkəzlərinə girərkən öncə sağ tərəfə yönəlirlər.
Buna görə də böyük mağazaların əksəriyyəti sağ tərəfdə yerləşdirilir. 2. Soyunma kabinələrini qəsdən mağazanın sonunda yerləşdirirlər ki, ora çatana qədər müştəri gözünə dəyən bir neçə qiyafəni də geyinmək üçün götürsün. 3. Market arabaları qəsdən böyük hazırlanır ki, insan hər dəfə ona baxdıqca guya az alver etməsi ilə bağlı təəssürata qapılsın. 4. Mağazalarda iri aynaları həm də ona görə qoyurlar ki, alış-veriş etmək istəməyən insan belə orada özünə və ətrafındakı geyim-gecimli insanlara baxıb kompleksə düşsün, nəticədə isə özünə paltar alsın. 5. Reklam kampaniyalarındakı “fürsəti qaçırmayın”, “70 faiz” endirim kimi çağırışlar da insanı dərhal nəsə almağa təşviq edir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir