geyimler

Paltarları geyinmədən necə alaq?

Baxış sayı: 1. 083

Koronavirus infeksiyası ilə mübarizədə qoruyucu tədbirlər həyatımızın xeyli sahəsinə təsir edib. Dünyanın bir çox ölkələrində tətbiq edilən yeni qadağalardan biri də geyim mağazalarında əşyaları geyinib yoxlamaq qadağasıdır. ÜST geyinib-soyunma otaqlarını bağlamağı israrla tövsiyə edir, çünki parçalarda virus qala bilər, eyni paltarı isə gün ərzində bir neçə nəfər geyinib yoxlaya bilər. Hər əşyanı dezinfeksiya etmək olmur, hər parça da spirttərkibli mayelərə dözümlü deyil. Bu səbəbdən əksər iri brendlər təkcə sərt karantinə görə deyil, həm də geyinməmiş paltar almaq istəməyən müştəriləri itirdiklərinə görə ziyan çəkirlər. ZARA, Massimo Dutti, Bershka geyim mağazası şəbəkələri hətta bütün filiallarını tam bağlamağı düşünürlər. Belə vəziyyətdə adi alıcılar üçün lazımi ölçünü gözəyarı təyin etmək bacarığı lazımdır. Beləliklə, bu yazıda geyinib-soyunma otağına girmədən şopinq eləməyin bir neçə bicliyini öyrənəcəksiniz.

 

Cins şalvar

Cins şalvar — yəqin ki, almazdan əvvəl mütləq geyinməli olduğumuz geyim kateqoriyasındandır. Beldə necə oturur, uzunluğu uyğundurmu? Amma sən demə, məhz cins şalvarla iş xeyli asandır. Şalvarın düyməsini bağlayın və cinsin bel hissəsini bazuönü (əldən dirsəyə qədər olan hissə) nahiyəsinə geyindirin. Əgər qolunuzun o sahəyə girə bilmədiyini görürsünüzsə, deməli, cins şalvar balacadır; əgər cinsin kənarları və əl arasında boşluq qalırsa, deməli, çox böyük ölçü seçmisiniz. Yalnız cins şalvarın beli bazuönünə uyğun gələndə siz əmin ola bilərsiniz ki, o, əyninizə ideal oturacaq.

İndi isə uzunluğu müəyyən etmək lazımdır. Cins şalvarı çevirin, hər iki əlinizlə uclarından tutun, qollarınızı əks tərəflərə dartın, elə edin ki, qollarınız dirsəkdən qatlanmış olmasın. Əgər şalvar qollarınızı açmağa imkan vermirsə, deməli, onlar sizə qısa olacaq.

Bəzən cinslərin fasonu vacib rol oynayır. Şalvar çox dar olmayacaqmı? Bunu yoxlamaq çox asandır. Yumruğunuzu şalvara salın. Əgər yumruğunuz asanlıqla o biri ucdan çıxa bilirsə, seçdiyiniz cinsi rahat ala bilərsiniz.

 

Ayaqqabı

Çoxları öz ayaqqabı ölçüsünü yaxşı bilir, amma bəzən mağazalarda yazıldığı ölçüdən balaca ayaqqabılar satılır. Lazımi ayaqqabı ölçüsünü necə müəyyən etmək olar? Asanlıqla! Bizə yenə də bazuönümüz kömək edəcək. Heyranedicidir, amma ana təbiət insan bədənini elə yaradıb ki, ayağımızın uzunluğu bazuönümüzün uzunluğuna bərabərdir. Ona görə də istədiyiniz ayaqqabını qolunuzun üstünə qoyaraq, ayağınızı soyunmadan ölçmüş ola bilərsiniz.

Sviter və vodolazkalar

Demək olar ki, bütün sviterlər bütün ölkələr üçün standart ölçüdə tikilir. Amma bir çox insanlar sviter və ya vodolazkanın çiyinlərinin oturmaması problemi ilə qarşılaşırlar. Sviteri alıb yanılmamaq üçün onu geyinmək mütləq deyil. Sadəcə sviteri belinizə qoyun və yoxlayın ki, bəyəndiyiniz geyimin çiyin tikişləri sizin çiyinlərinizlə üst-üstə düşsün.

 

Kişi köynəyi

Köynək seçərkən sinə çevrəsini, boyun çevrəsini, çiyin ölçülərini bilmək lazımdır. Bütün rəqəmləri yadda saxlamaq çətindir, həm də lazımi ölçüdə köynək seçərkən onlar heç də həmişə kömək olmur. Amma hər adam bilmir ki, köynəyin öz üzərində yazılan ölçü çox vaxt yalnız boyun çevrəsini göstərir. Əgər siz öz boyun ölçünüzü bilmirsinizsə, satıcıdan xahiş edin ki, bağlı köynəkdən yaxalığın formasını saxlayan plastik lenti çıxartsın. Sizin boyun çevrənizlə köynəyin yaxalığının üst-üstə düşüb-düşmədiyini məhz ona əsasən yoxlaya bilərsiniz. Ölçərkən mütləq bir barmaq ehtiyat saxlayın ki, köynək boğazınızı sıxmasın. Boyun çevrənizi müəyyən etdikdən sonra köynəyin digər komponentlərinin uyğunluğuna görə narahat olmaya bilərsiniz.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir