toy

Pandemiya dövrü bizim toylara yanaşmamızı dəyişə bilər?

Baxış sayı: 1. 417

14 martdan etibarən bütün ölkə ərazisində toy məclislərinin keçirilməsi ilə bağlı qadağa var. Bu məsələ Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqlərində hər dəfə rəsmi şəxslərə ünvanlansa da, hələ ki, bu qadağanın aradan qaldırılması ilə bağlı qərar yoxdur. Çünki toylar daha çox insanın toplaşdığı məclislərdəndir və virusun kütləvi şəkildə yayılmasına şərait yaratdığı bildirilir.

Ancaq az adamla, məsafə saxlanılmaqla, pandemiya dövründə toylara icazə verilməsi ilə bağlı fikirlər, təkliflər səsləndirilir. Yəni əvvəlki kimi 400-500 nəfərlik deyil, daha az adamla, 5-6 deyil, 2-3 saatlıq toylar keçirilməsi ilə bağlı təkliflər var.

Hətta bildirilir ki, pandemiya dövründə daha az adamla keçirilən toylar post-pandemiya dövründə də bu ənənənin formalaşmasına, toy adətlərimizdə israfçılığın aradan qalxmasına gətirib çıxara bilər. Maraqlıdır, pandemiya dövrü bizim toylara yanaşmamızı dəyişə bilər?

 

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlilov deyir ki, pandemiya dövrü illərlə formalaşan ənənəni dəyişə bilməz: “İlk olaraq onu deyim ki, dövlətin pandemiya ilə bağlı verdiyi qərar və fərmanlar birmənalı şəkildə icra edilməlidir. Əgər dövlət qərar verirsə, deməli, Dünya Səhiyyə Təşkilatı və ölkənin səhiyyə mütəxəssisləri mövcud epidemioloji vəziyyəti təhlil edib qərar çıxarır. Dövlət hər zaman adət-ənənələrimizi qorumağa dəstək olur. Amma bu cür təhlükəli vəziyyətlərdə ənənələrimizə görə hərəkət etsək, bu, doğru olmaz. Ancaq toylarımızda ciddi qüsurlar və problemlər var. Toylarımızda ciddi israfçılığa yol verilir. Bu səbəbdən toylara baxışımız dəyişməlidir. Pandemiya bunu dəyişə bilməz, çünki pandemiya dövrü üç-beş ay, bir il çəkib bitəcək. Bu qədər qısa müddətdə adət-ənənə dəyişməz. Əgər az adamın iştirakı ilə toylara icazə verilsə, insanlar pandemiya dövründə buna riayət edəcəklər, sonra yenə köhnə adətlər öz yerini tutacaq”.

A.Xəlilov bildirdi ki, toy adət-ənənələrindəki israfçılıqla bağlı dəyişikliyə müəyyən işlər aparılmaqla, dövlət müdaxiləsi ilə nail olmaq mümkündür: “Dəyişikliyə nail olmaq üçün müəyyən müdaxilələrin edilməsi lazım ola bilər. Dövlət müəyyən qaydalar və məhdudiyyətlər tətbiq edə bilər. İnsanların xeyrinə olan təkliflər verilsə və icra olunsa, yavaş-yavaş vəziyyəti dəyişmək mümkündür. Təbii ki, müzakirələr və maarifləndirmə işlərinin aparılması yaxşı olar. Bunlar yavaş-yavaş müasir toylara və onların qüsurlu cəhətlərinə öz təsirini göstərə bilər”.

 

Sosioloq Sahib Altayın sözlərinə görə, toyda, iştirakı arzulanan və o toyu arzu edən şəxslər iştirak etməlidirlər, nəinki 400-500 nəfər: “Toyun mahiyyəti ondan ibarətdir ki, iki insan bir araya gəlir, ailə qurmağa qərar verirlər. Toya, insanların dəvət olunmasının isə mənası odur ki, bir növ bu ailənin qurulmasına şahidlik edirlər. Yəni ki, cəmiyyət bu iki insanın bir araya gəlməsindən xəbərdar olur. Bu səbəbdən, toyda həm evlənən şəxslərin arzuladığı, həm də həmin toyda olmağı arzulayan şəxslər iştirak etməlidir. Toylarda 400-500 nəfərin iştirakı mənasızdır. Toy bizim qədim adətimizdir və əvvəllər fərqli formalarda olub. Məsələn, toy olan həyətə qonşular, qohumlar yemək bişirib gətirərdilər. Bu, daha təbii idi. Həmçinin çadır toyları olurdu. Zamanla restoranlar açıldı, dövr dəyişdi və kapitalizm həyatımıza təsir etdi. Əslində bu, həm də bizim düşüncə tərzimizlə bağlıdır. Toplum olaraq şöhrətpərəstik və göstərişi sevirik. Beləliklə, toy ənənələrimiz biznes xarakteri daşımağa başladı. Əgər bir nəfər beş yüz nəfərin toyuna gedirsə, həmin toylara verdiyi pulları geri qaytarmağa məcbur olur, ona görə də həmin beş yüz nəfəri çağırır. Çoxunu arzuladığı üçün deyil, verdiyi pulları geri qaytarmaq üçün dəvət edir. Gələn beş yüz nəfərin də hardasa yetmiş-səksən faizi deyinə-deyinə gəlir. Ya kimdənsə borc alır, ya da özü üçün vacib olan pulu toya yazdırmalı olur. Ancaq toyda ona söz veriləndə deyir ki, bu gün mənim üçün əlamətdar bir gündür. O cür iştirakçılar da saxtakarlıq etmiş olur, toyu o formada təşkil edən insan da”.

Sosioloq bildirdi ki, pandemiya dövründə az adamın iştirakı ilə toylara icazə verilsə, bu, yaxşı bir ənənənin başlanğıcı olacaq və beləliklə, toylara sərf olunan xərclər azalacaq. Ancaq bunun pandemiyadan sonra davam etməsinin inandırıcı olmadığını da əlavə etdi: “Çünki insanlar illərlə toylara gediblər. O pulları başqa məclislərində yığmaq istəyəcəklər və daha böyük toylar etməyə maraqlı olacaqlar. Dövlət də pandemiya şəraitindən istifadə edib pandemiyadan sonrakı dövrdə də toyların təşkili ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edə bilər. Beləliklə, bunu ənənə halına salmış olar. Dövlət bu işi məqsədyönlü şəkildə etməsə, yalnız pandemiya dövründə kiçik məclislər olacaq. Bu, elə bir şeydir ki, ənənəvi şəkildə nəsildən-nəslə keçərək davam edir. İnsanlar həm əvvəl getdikləri toyların əvəzini çıxmaq, həm də başqalarına qonaqların çoxluğunu nümayiş etmək üçün yenə beş yüz nəfəri çağıracaqlar. Bu vəziyyəti pandemiya və ya karantin deyil, düşüncə dəyişməlidir. Düşüncə dəyişməsə, yenə də orta statistik azərbaycanlı öz məclisini o cür keçirəcək”.

S.Altay qeyd etdi ki, ancaq bu dövrdən sonra toylarını daha az adamla keçirmək istəyənlər də olacaq: “Pandemiya dövründə ailə quranlar çox oldu. Hər iki tərəfin ailələri bir araya gəlməklə nikah etdilər. Bir qismi deyir ki, pandemiyadan sonra kiçik bir məclis təşkil edib toyu qeyd edəcəklər. Bir qismi isə ümumiyyətlə, məclisə gərək görmür. Mən pandemiyadan əvvəl 50 nəfərlik toyda iştirak etmişəm və xoş təsir bağışlayıb. Çünki hamı arzularını deyə və rəqs edə bilirdi. Bunun yaxşı olduğunu görüb tətbiq etmək istəyən insanlar var. Amma təminat verə bilmərəm ki, cəmiyyətimiz bunu yüz faiz belə edəcək. Pandemiya uzun müddət davam etsə və az sayda adamların iştirakı ilə toylara icazə verilsə, insanlar da yavaş-yavaş öyrəşər və bu adət çox insana ötürülər. Əgər insanlar görsələr ki, kiçik məclislər daha asan, yaxşı, dinlənilən, izlənilə bilən, çox iştirak ediləndir və daha zövqlüdür, onda ənənə formalaşmağa başlayar. Pandemiya dövründə az adamın iştirak etdiyi toyların bu cür tərəflərini görüb öz toyunu belə təşkil edənlər olacaq. Amma sırf pandemiyanın ənənəni dəyişməyə nail olacağına inanmıram”.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir