Müasir dünya bir çox gərginliklərlə, təhlükələrlə müşayiət olunur. Bu gün hara baxsaq, orada bir xaosun hökm sürdüyünü müşahidə edə bilərik.
Son bir neçə ayda bütün dünyada koronavirus pandemiyasının başlaması isə bu gərginliyi bir qədər də artırıb. Təhlükə hissi, gündəlik həyatın dəyişməsi, total karantin, qayğıların artması qaçılmaz olaraq insan psixikasına təsir edir, insanlar aqressivləşir. Bu da öz növbəsində bizim ətrafımıza, yaxınlarımıza münasibətdə problemlər yaradır.
Maraqlıdır, pandemiya dövründə ailələrdəki vəziyyət necədir?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova ailələrdəki vəziyyətdən danışarkən aşağıdakıları dedi: “Bəşəriyyət ekstremizm, zorakılıq, terrorçuluq, silahlı münaqişələr, xəstəliklər, xüsusilə yeni növ epidemiyanın yayılması problemləri ilə qarşı-qarşıyadır. Son zamanlar dünyanı bürüyən koronavirus səbəbindən əksər ölkələrdə fövqəladə vəziyyət və karantin elan olunur, insanlar sosial təcrid həyat tərzi keçirirlər. İkinci Dünya Müharibəsindən sonra ilk dəfədir ki, dünya belə kritik və gərgin vəziyyətlə üz-üzədir. Bu virus və elan olunmuş pandemiya sanki bütövlükdə Yer planetinin əhalisinin bir anlıq dayanaraq ətrafda baş verənlərə nəzər salmaq üçün bir fürsətdir. Əfsuslar olsun ki, sürətli və tepmli həyatın bizi ailəmizdən, doğmalarımızdan, hətta özümüzdən uzaqlaşdırdığının fərqində deyilik. Xüsusilə də, vaxt çatışmazlığı, işlərin çoxluğu səbəbindən bəzən valideynlər övladlarına, eləcə də ər-arvad bir-birinə zaman ayıra bilmirlər. Bu günlərdə ənənələrimizin, ailə dəyərlərimizin əsasını təşkil edən sağlam ailədaxili münasibətlərin, böyüklərə ehtiram, kiçiklərə qayğı, qarşılıqlı hörmət, ailəyə, adətlərimizə bağlılıq, sevgi, paylaşmaq kimi yüksək dəyərlərin, eyni zamanda, ailə üzvləri ilə birgə vaxt keçirməyin nə qədər önəmli, vacib olduğu bir daha özünü qabarıq şəkildə göstərdi. Bu çətin günlərdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, yaşadılması olduqca mühüm əhəmiyyət kəsb edir. Müşahidə və təhlillər bir daha göstərdi ki, mühitdə, cəmiyyətdə baş verən hər bir hadisə bu və ya digər şəkildə ailəyə təsir edir”.
A.Veysəlova deyir ki, bir tərəfdən işləyən qadın və kişilər əsasən vaxtın azlığından ailəsinə və uşaqlarının təhsilinə, inkişaf və tərbiyəsinə yetərincə vaxt ayıra bilmirlər: “Əlbəttə, bu, ailə üzvlərinin bir-biri qarşısında məsuliyyətinin olması məsələsini bir daha gündəmə gətirir. Hətta psixoloqlar qeyd edirlər ki, işləyən qadınlar həyat yoldaşına və övladlarına kifayət qədər vaxt ayıra bilmədikləri üçün hər zaman özlərini daxilən narahat və ailə üzvləri qarşısında mənəvi olaraq borclu hiss edirlər. İmkan daxilində bu itkini əvəzləmək üçün boş vaxtlarından maksimum istifadə edirlər ki, həm həyat yoldaşını məmnun etsinlər, həm də uşaqların təlim-tərbiyəsi, təhsili ilə məşğul olsunlar. Çox sayda insanlar ailələrinə kifayət qədər vaxt ayırdığını, zamanında reallaşdırmaq istədiyi hansısa işi gördüyünü, ailə üzvləri, xüsusilə də övladları ilə istədikləri qədər ünsiyyət qurduğunu bildirir. Bütün bu və digər qeyd edə bilmədiyim bir çox pozitiv məqamları nümunə gətirmək olar. Digər tərəfdən, pandemiya ailədaxili münasibətlərdə bir az olsa, gərginlik yaradır”.
“Apardığımız müşahidələr ailə üzvləri arasında ünsiyyət probleminin mövcudluğunu bir daha gündəmə gətirir. Eyni zamanda, sürətli həyat tərzi, iş rejimi, sosial-iqtisadi proseslər ailə həyatına dolayısı – psixoloji (ər və arvadın fərdi xüsusiyyətləri, ailə münasibətlərinin xüsusiyyətləri və s.) təsir göstərir. Həmçinin ailədə övlad – valideyn ünsiyyət tələbatı çox vaxt təmin olunmur. Pandemiya dövründə bunu daha aydın müşahidə etmək mümkündür. Buna görə də, heç olmasa, ailənin hər bir üzvü – istər ata, istər ana, istərsə də uşaqlar üçün psixoloji rahatlıq yaradılmalıdır. Belə ki, uzun və davamlı olaraq işləyən insanlar birdən-birə evdə qaldıqları zaman nə edəcəklərini fikirləşə bilmirlər, bir-birinin işlərinə həddindən artıq müdaxilələr edirlər, bu isə əlbəttə ki, neqativ məqamlardır”, – deyə ekspert əlavə edir.
A.Veysəlova deyir ki, ailədaxili münasibətlərin tənzimlənməsi, ailədə baş verən mübahisələrin səbəbləri hər zaman aktuallıq kəsb edib: “Karantin dövründə isə bu aktuallıq daha da artır. Çünki bir qayda olaraq, tədqiqatçılar bildirirlər ki, böhranlı vəziyyətlərdə hər zaman ailələrdə münaqişələrin sayına təsir edir. Ailədə yaranan mübahisələrin əsas səbəbi də qarşılıqlı anlaşmanın olmamasıdır. İnsanlar bir-birini sevə bilərlər, lakin birgəyaşayış üçün bu hiss bəzən yetərli olmur. Ona görə də bir-birini anlamaq, bir-birinə hörmət göstərmək, güzəşt etmək, səbirli olmaq çox mühüm məsələdir. Müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil, digər vacib məqamlardır ki, bunlar da özündə tərbiyə, mənəviyyat, davranış və əxlaqi dəyərləri birləşdirir”.
Nigar İsgəndərova