Gulbahar Ceferova

Panik atak qalıcı deyil: Elmi faktlar və effektiv müalicə

Baxış sayı: 521

Panik atak nədir? — DSM5 (Diagnostic and Statistical Manual of Mental Disorders) baxışı ilə.

Panik atak qəfil başlayan, gözlənilməz və intensiv qorxu ilə müşayiət olunan epizodik psixofizioloji reaksiyadır. Bu vəziyyətdə bədən “döyüş və ya qaç” (fight-or-flight) mexanizmini aktivləşdirir və nəticədə həm emosional, həm də güclü fiziki simptomlar ortaya çıxır. Atak adətən ilk 10 dəqiqə ərzində pik həddə çatır və sonra tədricən zəifləyir.

 

DSM-5-ə görə Panik atak

DSM-5 panik atakı qəfil yaranan və qısa müddətdə pik həddə çatan intensiv qorxu epizodu kimi təsvir edir. Diaqnostik olaraq, epizod zamanı ən azı dörd simptomun müşahidə olunması tələb olunur.

Əsas simptomlar:

  • Ürək döyüntüsünün sürətlənməsi (taxikardiya)
  • Tərləmə
  • Titrəmə
  • Nəfəs darlığı və ya boğulma hissi
  • Sinədə ağrı və ya sıxılma
  • Ürəkbulanma və ya qarın narahatlığı
  • Başgicəllənmə və ya huş itirmə hissi
  • Soyuq və ya isti basmalar
  • Uyuşma və ya karıncalanma
  • Derealizasiya və ya depersonalizasiya (reallıqdan qopma hissi)
  • Ölüm və ya nəzarəti itirmə qorxusu

Bu simptomlar göstərir ki, bədən real təhlükə olmadan belə qorxu və həyəcan reaksiyasına keçmiş olur.

 

Panik atak nə qədər davam edir?

Elmi müşahidələrə görə, panik atak adətən 5–20 dəqiqə davam edir. Bəzi hallarda daha uzun kimi hiss olunsa da, intensiv faza qısa müddətlidir və zamanla sönür.

 panik atak

Panik atak təhlükəlidirmi?

Panik atakın simptomları çox qorxuducu olsa da, həyati təhlükə yaratmır. Bu, bədənin qoruyucu mexanizminin həddindən artıq aktivləşməsidir. Problem orqanik zədələnmə deyil, təhlükə sisteminin yanlış siqnal verməsidir. Panik atakın yaranmasında aşağıdakı strukturlar rol oynayır:

1) Amigdala təhlükəni aşkar edən əsas beyin strukturu. Panik atak zamanı amigdala real təhlükə olmasa da “təhlükə var” siqnalı verir, qorxu və həyəcan reaksiyasını başlatır.

2) Hipotalamus stress reaksiyasını idarə edən beyin mərkəzi. Hipotalamus simpatik sinir sistemini aktivləşdirərək adrenalin və noradrenalin kimi stress hormonlarının ifrazına səbəb olur.

3) Simpatik sinir sistemi “döyüş və ya qaç” mexanizmini həyata keçirir. Bu sistem ürək döyüntüsünün sürətlənməsi, tərləmə, nəfəs darlığı, titrəmə və digər fiziki simptomlara səbəb olur.

4) Hipokampus yaddaş və öyrənmə funksiyalarına cavabdehdir. Təhlükəli təcrübələrin yaddaşa alınması və sonrakı qorxu reaksiyalarının formalaşmasında iştirak edir.

5) Prefrontal korteks qərarvermə və reallığı qiymətləndirməyə kömək edir. Panik atak zamanı prefrontal korteksin fəaliyyəti kifayət qədər aktiv olmadıqda, bədənin təhlükə siqnalını nəzarət etmək çətinləşir.

Qısaca desək, panik atak amigdala və hipotalamusun hiperaktivliyi ilə başlayır, simpatik sinir sistemi vasitəsilə fiziki simptomlar yaranır, hipokampus keçmiş təcrübələrlə əlaqələndirir, prefrontal korteks isə bu reaksiyanı yetərincə tənzimləyə bilmir.

 

Panik atak qalıcıdırmı?

Elmi ədəbiyyat göstərir ki, panik atak özü qısa müddətlidir və qalıcı deyil. Uzunmüddətli çətinlik adətən atakın təkrar baş verəcəyi qorxusundan (anticipator anksiyete) yaranır. Müalicə olunmadıqda panik pozuntu inkişaf edə bilər, lakin müasir psixoloji müdaxilələr yüksək effektivlik göstərir.

 

Effektiv müalicə yanaşmaları

1)Koqnitiv Davranış Terapiyası (KDT)

KDT panik atakların müalicəsində ən geniş tətbiq olunan və effektiv üsullardan biridir. Terapiya zamanı şəxsin qorxu və narahatlıq yaradan düşüncə və inanc nümunələri müəyyən edilir və dəyişdirilir. Xəstə, panik atakların fiziki və psixoloji simptomlarını anlamağı öyrənir, qorxulu vəziyyətlərlə tədricən üzləşir və simptomları idarə etmə bacarığı qazanır. KDT həmçinin sakitləşdirmə və relaksasiya texnikalarını tətbiq etməyi öyrədir, panik atakların intensivliyini və tezliyini azaldır.

 

2) Psixodinamik terapiya

Psixodinamik yanaşma panik atakların köklərindəki emosional və şüuraltı səbəbləri araşdırır. Terapiya zamanı xəstə keçmiş təcrübələr, emosional travmalar və daxili konfliktləri ilə işləyərək simptomların mənasını anlamağa və onların öhdəsindən gəlməyə yönəlir. Bu yanaşma xüsusilə təkrarlayan və uzun müddətli panik ataklarda faydalıdır.

 

Nəticə

Panik atak zəiflik göstəricisi deyil; bu, bədənin stressə verdiyi güclü fizioloji və psixoloji reaksiyadır və öyrənilərək idarə oluna bilər. Uyğun psixoloji dəstək və müalicə ilə simptomlar nəzarət altına alınır və həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşır. Sağalma və funksionallığın bərpası real və mümkündür.

 

Psixoloq Gülbahar Cəfərova

 

( Mütəxəssislə https://www.instagram.com/psixoloq_gulbaharvaqifqizi/ adlı instagram hesabı üzərindən və həmçinin 050 508 22 78 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir