parklama

Parkinq qiymətlərinin kəskin qaldırılması nəylə bağlıdır?

Baxış sayı: 479

7 aya yaxındır ki, istifadəyə verilən “AzParkinq” mobil tətbiqi şəhər əhalisinin rahatlığının təmin edilməsinə hesablansa da, sistemdən narazı qalanların sayı günü-gündən artır. Xatırlayırsınızsa, mobil tətbiq istifadəyə verilərkən “cəlbedici marketinq siyasəti həyata keçirilir”, “bu gündən nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin yığımı nağdsız olacaq”, “sürücülər boş parklanma yerlərini tapa, vaxtlarına qənaət edə biləcəklər” kimi qulağa xoş gələn məqamlar diqqətə çatdırılırdı. Belə də oldu. Amma qiymətlər, gözlənilən, lakin həyata keçməyən güzəştlər əhalini narazı salır.

“Sistem belə işləməməli idi”

İnformasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirdi ki, sistem əslində belə işləməməli idi: “Bəzi ölkələrdə parklanma əraziləri bələdiyyələrə aiddir. Yəni hər bələdiyyənin öz ərazisindəki park yerləri, icra hakimiyyətinin balansında müəyyən əraziləri və ümumi yollar olur. Bizdə isə belə deyil. Biz əslində indiki “AzParkinq”in analoji təcrübəsini bir neçə il öncə yaşamışdıq. Bakının müəyyən ərazilərində kiosklar var idi, insanlar park edəndə ən yaxın kioskdan pulunu ödəyirdilər. Həmin vaxt Moskvada, Londonda artıq mobil telefonlarla müəyyən iş dövriyyəsi olan parklanma yerləri yaradılmışdı. Biz o zaman da gözləyirdik ki, xarici analoji təcrübələr istifadə olunacaq, amma olmadı və bir müddət sonra kiosklar da ləğv edildi”.

“Parklanma xidməti gəlir mənbəyi deyil”

Mütəxəssis bildirir ki, hazırkı sistemin tətbiqində əsas məqsədə fokuslanmaq lazımdır. Parklanma xidməti gəlir mənbəyi deyil: “Dünya ölkələrində də şəhərin mərkəzi hissələrinə girişi azaltmaq üçün qiymətlər digər ərazilərdən yüksəkdir. Bu, normaldır və məqsəd camaatdan daha çox pul almaq deyil. Təəssüflər olsun ki, bizdə problemlər var. Məsələn, bəzi yerlər var ki, əvvəllər müəyyən qadağanedici zolaqlar olsa da, sürücülər orada qanunsuz park edirdi və tıxac yaradırdı. “AzParkinq” problemi həll etmək üçün bunu ləğv etmədi, sadəcə orada parklanmanı qanuniləşdirdi. Belə vəziyyətlərdə insanlar düşünür ki, məqsəd avtomobilləri kənarlaşdırmaq yox, daha çox pul qazanmaqdır”.

“Yeniliklər insanların iqtisadi vəziyyətinə uyğun olmalıdır”

Həmsöhbətimiz deyir ki, parklanmadakı yeniliklər insanların iqtisadi vəziyyətinə uyğun olmalıdır: “İnsanların həyat standartları, maaş göstəriciləri nəzərə alınmadan qoyulan qiymətlər təbii ki, tənqidə yol açacaq. Bir təcrübə “a” ölkəsindən “b” ölkəsinə inteqrasiya ediləndə olduğu kimi deyil, müəyyən motivlərə uyğun həyata keçirilməlidir. Biz ya olduğu kimi gətiririk, ya da daha da ağırlaşdırırıq. İnsanların iqtisadi vəziyyəti nəzərə alınmalıdır. Sosial şəbəkələrdə “pulun yoxdur, maşın sürmə” deyənlərə də rast gəlirik”.

 

Sistem kirayədə yaşayanların hüquqlarını pozur?

Parkinqlə bağlı digər problem kirayə yaşayanlar və qeydiyyatsız evlərdə olanların tətbiqdə sakin hesab olunmaması, güzəştlərdən faydalana bilməməsidir. Sakinlər güzəştlərdən faydalana bilməmələrini hüquqlarının pozulması kimi qiymətləndirir.

Hüquq müdafiəçisi Sahib Məmmədov deyir ki, yaşadığın ərazidə qeydiyyatda olmamaq, kirayə müqaviləsi bağlamamağın özü qanun pozuntusudur: “Qanunsuz bir hərəkəti başqa bir qurum tərəfindən legitimləşdirmək istəyi düzgün deyil. Bəli, Bakıda 100 minlərlə insan qeydiyyatsız yaşayır. Evlər var ki, daşınmaz əmlak kimi dövlət əmlakının reyestrinə daxil edilməyib. Bu, problemdir, amma parklanma sisteminin qeydiyyatsız, yaxud müqaviləsiz kirayədə evdə yaşayanı sakin kimi tanımaması hüquq pozuntusu deyil”.

 

Açıq qalan suallar 

Bu sistem tətbiq olunduqda iş yerlərinin ərazisində də güzəştlərin tətbiqi planlaşdırılırdı. Çünki bir şəxs əgər gün ərzində doqquz saat işdə olmalıdırsa, hər gün üçün 10-12 manat parklanma üçün ödəniş etməsi xərclərinə ciddi şəkildə təsir edir. S.Məmmədov deyir ki, bu, insanlara ciddi problem yaradır: “Məsələn, ən azı tədris mərkəzləri, kolleclər, universitetlər, hansıların ki, parklanma yerləri yoxdur, burada parklanma ya ümumiyyətlə pulsuz edilməlidir, ya da güzəştlər tətbiq olunmalıdır. Çünki müəllimlərin maaşı bu qiymətləri ödəməyə imkan vermir. Lakin onlar bununla bağlı müraciət etsələr də, birmənalı olaraq imtina verirlər, bu da açıq qalan sualdır”.

 

Güzəştlər nəzərdə tutulur

Güzəşt gözləyərkən, şəhərin mərkəzindəki avtodayanacaqların qiymətinin fantastik həddə bahalaşması yenidən ciddi narazılıq yaradır. Məsələn, Bakının ən böyük avtomobil dayanacağı hesab olunan “Qış parkı”ndakı parkinq qiymətləri nə az, nə çox – birdən-birə 170% artırılır.

Nəqliyyat eksperti Yasin Mustafayev deyir ki, qiymətlər tələb və təklifə görə müəyyənləşir: “Tələb nə qədər çox, təklif az olsa, təbii ki, bu, qiymətlərə təsir edəcək. Bu problemin həlli üçün dayanacaqların sayını artırmaq lazımdır ki, rəqabət formalaşsın”.
Nəqliyyat mütəxəssisi deyir ki, güzəştlərin tətbiq edilməsinə də yəqin ki, gələcəkdə diqqət ayrılacaq: “Elə məsələlər var ki, mərhələlərlə həllini tapır. Hazırda güzəştlərlə bağlı araşdırmalar aparılır. Yaşadığı, işlədiyi ərazinin imkanlarından asılı olaraq sürücülərə güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə deyir ki, Hökumət evi, “Qış parkı” və “Mərkəzi park”da yeraltı parklanma məntəqələri üzrə parklanma fəaliyyətindən daxilolmalar xərcləri tam qarşılamır: “Parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir. Təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur. Həm yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir